Üç min cavanı gedən, el-oba susmaz, ağlar

(44 günlük müharibədən) 


Ana, mən gəldim, ağla,
Başına qara bağla...
Üstümdəki bayrağı, 
Məndən yadigar saxla...

Aldım bir acı xəbər, 
Xəbər ölümdən betər,
Bu xəbər qara xəbər,
Kim anaya yetirər...

Alışdı yandı dağlar,
Gözlərim qaldı ağlar,
Mən balamı soruşdum, 
Dedilər şəhidin var...

Balamı vurdu yağı,
Getməz sinəmin dağı,
Bizə gəlin, ay ellər, 
Bir yerdə deyək ağı...

Balam mənə ad verdi, 
“Şəhid atası” etdi,
Yağı balama atan,
Ox məni bimar etdi.


Bu xəbər qara xəbər,
Dağdan yel kimi gələr,
Şəhid balası olan,
Analar hər gün ölər.

Bir səhər getdi oğlum,
Davada itdi oğlum.
Gülə-gülə getmişdi,
Vay ilə yetdi oğlum.

Açma, Xarı bülbülüm
Bu qış Şuşa içdi qan,
İgidləri verdi can, 
Açma, Xarı bülbülüm, 
Şəhidlər çıxmır yaddan...

Bu xəbər qara xəbər,
Kim anaya yetirər,
Oğlun şəhid olubdu,
Kim deyər, “vay” eşidər.

Qara açdı bu səhər,
Yenə gəldi vay xəbər,
Yenə “Şəhid var”, deyib
Göz yaşı tökdü ellər...

Dağ başı dumanlıdı,
Şuşa yolu qanlıdı,
Qərib, ehtiyatla gəz, 
El-obam düşmanlıdı...

Dağ başında qar olar,
Əriməz, qarlı qalar,
Şəhid verən ananın 
Balıncı yaşlı qalar.

Dağlar hər səhər ağlar,
Dağlar anaya ağlar,
Oğlu şəhid olanın,
Anası qara bağlar...

Dağ başın alar duman, 
Dinmə, qanayar yaram,
Yolçu, keçmə Şuşadan, 
Orda can verib balam...

Oğlumu vurdu yağı,
Sinəmə çəkdi dağı,
Ay ellər bizə gəlin, 
Birlikdə deyək ağı... 

Haray, ay haray, dağlar, 
Gül-çiçəkli yaylaqlar, 
Yurduma şəhid gəldi, 
De, gül açmasın bağlar...

Yanar dağ yanar...
Yanar dağ  yanar, yanar,
Tüstüsü göyə qalxar,
Üç min cavanı ölən,
El-oba ağlar qalar...

Yanar dağ yanar, yanar,
Tüstüsü göyə qalxar,
Oğlu itgin düşənin,
Gündüzü gecə olar... 

Yanar dağ, niyə yandın,
Alovlandın, hey yandın,
Sənin də şəhidin var,
Gecə-gündüz hey yandın?.. 

Son qəmin olsun
Məni elim ovutsun, 
Desin, son qəmin olsun,
Balamı vuran yağı, 
Görüm əlin qurusun...

Şəhidim var 
Ürəyimdə dərdim var, 
Qarabağa yağıb qar. 
Yağma, dayan, zalım qar,
Qar altda qalanım var...

Pis açıldı bu səhər,
Yenə gəldi vay xəbər,
Gəldi bayraqlı tabut, 
Göz yaşı tökdü ellər...

Laylay, şəhidim laylay,
Yetər ki etdik ah-vay,
Rahat yat, Şəhid balam, 
Yurdundan çıxdı yağı...

O gecə Ay yatmışdı,
Gəncə qana batmışdı...
Yağı yurdun dağılsın,
Tifağım dağılmışdı...

KÖRPƏ dam altda qaldı, 
KÖRPƏ daşa yalvardı, 
Əli qurumuş yağı,
Gəncəmi yaraladı...

Yer-göy sakit bir gecə, 
Qana bulandı Gəncə... 
Bir günə soldu Gəncə,
Qara bağladı Gəncə...

Yazda torpaq oyandı,
Gördü hər tərəf qandı,
Sular coşub-daşsa da, 
Şuşada bağlar yandı...

Şuşa yolu bağlıdı, 
Dağ başı dumanlıdı,
İsa bulağı donub,
Suyu şəhid qanlıdı...

Şuşa yandı, alışdı,
Toz-dumana qarışdı,
Şuşa al-qan olanda, 
Elim-obam ağlaşdı... 

Şuşa bağın quruyub,
Bu yaz çətin gül aça,
Şəhid qanın quruyub,
Şəhid qanı tökülüb...

Şuşa, balamı aldın,
Aparıb oda saldın,
Neyləmişdim mən sənə,  
Bizi birgə yandırdın... 

Şəhid qanı suvaran,
Şuşa bağları yandı,
Əsgər qanı qarışan, 
İsa bulağın donsun...

Şuşa bizi ayırdı,
Şuşa belimi qırdı,
Şuşaya gedən yolda, 
Dilim-ağzım qurudu...

İsa bulağı daşıb,  
Suyuna qan qarışıb,
Keçmə Cıdır düzündən,
Daşına qan yapışıb...

 

                          Müəllif: Gülzar İbrahimova