Zəfərlə qayıtdım, ana!

 Müəllif: Gülzar İbrahimova   


Bu pyesi isə məktəblilər üçün yazdım. Qoy uşaqlar tamaşalar qursun, Zəfər bizə nəyin bahasına başa gəlib bilsinlər və qanlı tariximizi unutmasınlar. Qalib ölkənin məktəblilərinin müharibə haqqında bilgiləri çox olmalıdır. Bu günün məktəblisi, sabahın sərhədlərimizin keşiyində duran əsgərləridir. Onlar ayıq olmalıdır ki, düşmən qara tarixi təkrarlamasın.  
                                                                           

   
                                       (Üç pərdəli pyes) 

Birinci səhnə 
İştirak edirlər: Ana - 40-45 yaşlarında qadın 
                          Oğul  - 18-19 yaşlarında yeniyetmə gənc 
                         İştirakçılar - hərbi geyimdə əsgərlər və sıravi adamlar. (Pyesin bütün iştirakçıları uşaq və yeniyetmələr də ola bilər)

(Kənd həyəti. Ana paltar sərir, əsgər formasında bir yeniyetmə-gənc həyətə girir. Ana onu görəndə çaşqınlıqla soruşur)
Ana -      Bu nə formadır, bala! Bu kimindir geymisən?
Oğul -   Özümündür. Komissarlıqdan veriblər. 
Ana  -   (bir az da təşvişlə) Sən hələ yeniyetmə yaşındasan. Sənə niyə hərbi geyim verirlər? Zarafat edirsən? 
Oğul -    Yox ana, ciddiyəm. Özün bu gün səhər eşitdin ki, müharibə 
             başlandı. Zarafat niyə edirəm. Mən də hamı kimi gedirəm.  
Ana  -      Hara gedirsən? Bircə demə ki, cəbhəyə gedirsən. 
Oğul -    Niyə deməyim cəbhəyə gedirəm. Axı cəbhəyə gedirəm, könüllü    
              orduya yazılmışam. 
Ana  -    Nə? Aman... – ana qışqırır, ürəyini tutub yerə oturur. Oğlu da gəlib onunla üzbəüz oturur. Əlini əlinə alır.
Oğul -    Ana, sakit ol. Darıxma, ürəyini də tutma! Özün də bilirsən ki, Vətənimizdən düşməni mütləq qovmalıyıq. Erməni gündən-günə azğınlaşır. Düşmən o qədər qudurub ki, torpaqlarımızı ala-ala üstümüzə gəlir. Hər gün bir əsgərimizi öldürür. Həyasızlığa bir bax ki, özü də dünyada bar-bar bağırır ki, qoymayın, bizi öldürürlər və bizim kimi məzlum bir xalqa qarşı genosid həyata keçirirlər. 
Ana -    (ana bir anlığa iki əli ilə üzünü örtür. Sonra başını qaldırıb səsi   
             titrəyə-titrəyə) - Başa düşürəm oğul, düşmən qəddar, amansız, hiyləgərdir. Biz gözəl Vətənimizi, camaatımızı bu mənfur düşmənlərdən həmişə qorumalıyıq. Atan Vətən uğrunda canını qurban verdi, həlak oldu. Vətənpərvərlikdə eynən atana oxşamısan. Amma məni də başa düş. Məni tənha qoyub hara gedirsən. Allah eləməmiş, sənə nəsə olsa, o saat bağrım çatlayar. Ürəyim İki şəhid yükünün ağırlığına tab gətirməz. Nə qədər ki gec deyil, bu yoldan qayıt. Başına dönüm, de ki anamın ürəyi xəstədir, onu tənha qoyub gedə bilmərəm. Axı bu doğrudan belədir. (Ana belə deyib ağlayır). 
Oğul – (dilxor-dilxor başını bulayır, sonra ikiəlli ananı çiynindən tutub silkələyir) Ana, Prezidentimiz “Müharibə başlandı” dedi. Hamı onun səsinə-səs verib. Mən necə sakit otura bilərəm? Atam qəhrəman olub, mən ındi müharibəyə televizordan baxım? Yox ana, Mən qəhrəman oğluyam, qəhrəman oğlu kimi də şərəflə yaşamalıyam. Allah mənə sağlam can verib, özüm də idmançıyam, mənə heç nə olmaz, bircə sən qorxma!  
Ana -    Başa düşürəm, dostların gedib, sən də getmək istəyirsən. Amma məni də başa düş. Özün də bilirsən ki, atan mənim üçün necə sevimli olub. Necə gözəl insan, gözəl ailə yoldaşı olub. İyirmi ildir ki, o şəhid olub, bu vaxta qədər elə gün olmayıb ki, ondan ötəri göz yaşı axıtmayım.  İndi onun qoxusunu səndən alıram. Allah göstərməsin, sənə nəsə olsa, bil ki, mən də ölmüşəm. Mənə yazığın gəlsin. Atanın yarası sağalmaq bilmir, indi sən gedirsən. 
Oğul  - Getməliyəm, ana! Mütləq getməliyəm! Düşməni bağışlasaq, yenə Xocalı faciələri yaşarıq.  
Ana – tərslik eləmə bala. Nə olsun ki, muharibə iki gündür təzədən başladı. 30 ildir həmin müharibə gedir. Allah bilir neçə il davam edəcək. Qoy bir ara sakitləşsin, heç olmasa ondan sonra gedərsən.
Oğul – Yox, ay ana, elə indicə yola düşürəm. Çox gözləmişik. Yetər! İndi baş komandan necə desə, elə də eləməliyik! Maşın həyətdə məni gözləyir.
Ana – Necə? Indi gedirsən? Məni burdaca ağlar qoyub gedirsən? 
Oğul – Ağlamaq lazım deyil. Bu günə qədər nə ağlamışıqsa, bəsimizdir. Qisas almaq üçün əsl məqamdır, ana. Mən bu sözü eşitməyi illərdir ki, arzu edirəm. Arzu etmişəm ki, nə olar, bir gün televizordan eşidəydik ki, “MÜHARİBƏ BAŞLADI!”. İndi mənim istədiyim olub. Arzum həyata keçib. Mənim sevimli Prezidentim bu sözü dedi. Arzuma qarşı çıxma, ana! Mənim qarşımı heç kəs ala bilməz! Ermənilər mənim atamı öldürüb. Vətənimin ən gözəl yerlərini – Şuşanı talan edib, Xocalını viran qoyub, gözəl rayonlarımızı yerlə yeksan ediblər. Evləri, meşələri yandırıb, külünü göyə sovurublar. Qisas zamanıdır ana, Sən isə sevinmək əvəzinə, ağlayırsan. Sevin ana, sevin ki qisas zamanı çatdı! 
Ana - Zəfər, Qisas hamıızın arzusudur. Amma bala, düzü, səni itirməkdən qorxuram. 
Oğul - Qorxma, ana, toxtaq ol. Söz verirəm ki, mütləq qayıdacağam. Səni tək qoymaram. (Cibindən bir kağız parçası çıxarıb anasına verir) Bax, sənə şeir də  yazmışam. Amma xahiş edirəm, onu mən gedəndən sonra açıb oxuyarsan. Mənə söz ver ki, mən cəbhədən qayıdana qədər “Oğlum əsgərdir!”, deyib belini dik, başını uca tutasan.   
Ana  - Yaxşı, mənim igid balam! Salamat get, zəfərlə qayıt, İnşallah!    
         (Onlar qucaqlaşıb ayrılır) 
Oğul  -  Mən qayıdacağam, ana!
Ana  -  (ana gözlərini silir) Mənim əziz balam, yolun açıq olsun!  (Oğul əl edə-edə gedir. Ana oğlunun ardınca su atır. Sonra kağızı açıb, şeri oxumağa başlayır. Oğlunun səsi eşidilir)     
Oğulun səsi                Bu gün mən cəbhəyə gedirəm, Ana!
                                     Ağlama, dua et, əsgər balana!
                                     Azərbaycan haqq yolda ola-ola, 
                                     Qoymaram torpağım yağıda qala!

                                      Qara xəbərimi alsan möhkəm ol,
(Bu yerdə ana daha bərkdən ağlayır)
                                       Ürəyində söylə, “Vətən, sən sağ ol”!
                                        Qəddini heç vaxt əymə, düşmən görər,
                                        Çox ağlasan, yağı görüb, sevinər! 
(şerin bu yerində ana qəddini dikəldir, bükülmüş bayrağı açıb çiyninə çiyninə salır)
                                   Mən ölsəm də, təki Vətən sağ olsun,
                                   Azərbaycan, elim-obam var olsun!
                                   Şəhid olsam, çox ağlama can, ana,
                                   Ağlamaq yaraşmır, Azərbaycana!
Hərbi musiqi.... əvvəcə sakit. Sonra müharibənin dəhşətlərini xatırladan qarışıq musiqi. 
Səhnə dəyişir. II səhnə. 
İşıqlar alaqaranlıq. Cəbhə. Müharibə, döyüş səhnəsi. Hərbi musiqi sədası altında, hərbi geyimdə olan əsgərlər əlbəyaxa vuruşur. Onların yarısı bizim əsgərlərdir. Yarısı isə üzlərinə maska taxmış düşmən əsgərləridir. Bir az vuruşduqdan sonra düşmənlər yerə yıxılır. Sürünə-sürünə qaçıb səhnədən çıxırlar. Əsgərlərimiz Bayrağımızı hündür yerə taxır. Əsgər marşı çalınır. Əsgələr yerlərində addımlaya-addımlaya əsgər marşı oxuyur. 
Səhnə dəyişir. Üçüncü səhnə 
Bayram ruhlu, al-əlvan bəzədilmiş səhnə. 
Meydanda bir neçə hərbiçi və adi geyimli adam var. Hamı bayraq yelləyir, sevinir, çalıb-oynayır.  Əsgərlərimiz sevinc içərisində, əllərində bayraq səhnəyə daxil olur. Zəfər marşı çalınır.  
Səslər gəlir - Biz zəfər çaldıq. Gözün aydın Azərbaycan!
Ana   -  (həyəcanla oğlunu axtarır) – Mənim balamı görməmisiz? 
Oğul -  Ana (Bu vaxt oğul ananın qarşısına çıxır. Oğlunun köynəyi qanlıdır. O əlləri ilə çiynini tutub) 
Ana – (qışqırır) – Bu nə haldır oğul?
Oğul – Ana, mən qayıtdım. Dedim sənə düşməni məhv edib qayıdacağam. Görürsən qayıtdım. Vətənin yarasının yanında mənim yaram çox yüngüldür. Qəm yemə, əsas odur ki, mən Zəfərlə qayıtdım!
Ana – (oğlunun qolunu tumarlayır, əlinə qan bulaşır. Əllərinə baxır, baxır, sonra birdən oğlunu qucaqlayır... 
Oğul – Vətən sağ olsun, ana! Əsas odur ki, Vətən bayrağını yüksəyə qaldıra bildim. Sevin, Ölkə rəhbərimizin, igid  əsgərlərimizin canı, qanı bahasına Qələbə qazandıq. Bu döyüşdə türklər necə böyük bir ürəyə sahib olduqlarını bir daha göstərdi. Ən çətin zamanımızda yanımızda oldular. Müharibəmizə öz müharibələri kimi ürəkdən can yandırdılar. Dünya türkün gücünü bir daha gördü. Biz ermənini itiqovan kimi qovanda sərhəddin o tayından Təbrizlilər Azərbaycan ordusunu alqışladılar.Qaçan işğalçı erməniləri isə lağa qoyub, fitə basıb, onlara lənət yağdırdılar. Haqq qalib gəldi, Ana, Haqq qalib gəldi! Yurdundan didərgin olmuş camaatımız yenə yurdlarına qayıdacaqlar. Yenə dağlarımızın başından toy səsi gələcək. Təndirlərimizdə ocaq qalanacaq, isti çörəyin ətri yaylaqlarımıza yayılacaq. Sevin Ana! Sevin. Bundan da gözəl sevinc ola bilərmi? Mən Zəfərlə qayıtmışam, ana, Zəfərlə! Sevin mənim gözəl Anam! Sevin Azərbaycan!
Ana - (əlindəki bayraqla göz yaşını silib onu yüksəyə qaldırır) Əlbəttə sevinirəm. Şəhidlərin, qəhrəmanların zülm çəkmiş camaatımızın qisası yerdə qalmadı. Gözün aydın, Vətən! Zəfərin mübarək, Azərbaycan! 
Xor  - Gözün aydın, Vətən! Zəfərin mübarək, Azərbaycan! 
Səhnədə hamı bayraq yelləyir, sevinir, yallı gedir. 
Pərdə bağlanır. 

 

                      Müəllif: Gülzar İbrahimova