(nağıl)
Nağılçıyam. Nağıl yazmaq elə də çətin deyil. Amma bir gün başıma elə bir hadisə gəldi ki, lap nağıllarda olduğu kimi.
Kimə danışdım, inanmadı. Elə bildilər, nağıl danışıram. Dedilər, “çox maraqlıdır”.
Uşaqları ona görə daha çox sevirəm ki, onlar adama inanır. Qərara gəldim ki, gördüklərimi uşaqlara danışım...
Uşaqlar, görün bir gün, başıma nə gəlib...
Animasiya müsabiqəsində ikinci yeri tutduğuma görə, mən Azərbaycandan qalib seçildim. Müsabiqənin şərtinə görə qalibləri Fransaya - “Disney lənd”ə aparacaqdılar. Şanslı olduğuma görə uşaq kimi sevinirdim.
Getdim. Parisi gəzib, Fransanın qədimiliyinə, gözəlliyinə heyran oldum. Luvr muzeyində Mona Liza rəsmdən boylanıb, o qədər adamın içərisində düz mənə baxdı. Eyfel qülləsinə qalxıb, ordan Parisin oyuncaq qutusuna bənzər qədim evlərini, füsünkar Sena çayını seyr elədim. Noterdam əfsanəvi kilsəsini gördüm. “Disney lənd”də sevdiyim nağıl qəhrəmanları ilə görüşdüm. Gözəl...
Bir neçə gündən sonra bizi gəzməyə, - Nitsa şəhərinə gətirdilər. Nitsa qədimi evləri və dar küçələri ilə nağıllar şəhərinə bənzəyirdi. Mələklər buxtasındakı gəmilər, yelkənli qayıqar Nitsa bulvarına ecazkar mənzərə verirdi. Bulvardan piyada, qayanın başında yerləşən Kral iqamətgahına qalxdım.
Şəhəri gəzəndən sonra hotelə gəldik. Hotelimiz dəniz sahilində yerləşirdi. Məni oteldə saxlamaq olar? Su pərisindən düz on iki nağılım var. Dənizi sevirəm... Fərqi yoxdur, Xəzəri, ya başqa dənizi.
Sevincək dənizə getdim. Burda dalağalar qumdan hündür təpə düzəltmişdi. Göz baxdıqca qum təpəsi sahil boyu uzanırdı. Təpəni aşıb suya girdim. Ləpələr ayağıma dəyəndə özümü xoşbəxt hiss etdim. Ağ dənizdə çimmək çoxdankı arzum idi.
Eşitmişdim ki, Ağ dənizdə adam başını suya salanda suyun içərisində nə varsa, aydın görürsən. Rəngli, gözəl balıqlar ətrafında üzür, sən də bu gözəlliyə heyran olursan. Bu zaman dənizin dibindən maraqlı səslər gəlir. Gah orqan səsinə oxşar musiqi, gah skripka səsi. Hətta, axşamlar suyun altından ecazkar ariyalar eşitmək olur. Səslərə nəfəs çatana qədər qulaq asırsan, sonra əlbəttə ki, başını çıxarıb təzədən nəfəs almalısan.
Onu da deyirlər ki, hətta keçmişdə fransız bəstəkarları bu səslərə qulaq asıb, onları nota köçürüb, klassik əsərlərində istifadə ediblər. Ona görə fransız musiqisi həmişə heyran edib, ürəyə yol tapıb, sevilib.
İndi mən də dənizin dibindəki gözəlliyə heyran olmaq, dənizdən gələn ecazkar səsləri eşitmək istəyirdim.
Suya girmək istəyirdim, suda qara salafan torba gördüm. Götürdüm zibil qutusuna atım, gördüm içində nəsə tərpənir, tez əlimdən yerə atdım. Torbadakı çanlı durmadan çapalayırdı. Qorxub ətrafa boylandım. Birdən torbada ilan olar... Ətrafda tərslikdən heç kəs yox idi. Sahil boş idi. Axşamüstü, sərin havada nağılçıdan başqa kimdir dənizdə çimən.
Maraqlı idi, görəsən torbada durmadan çapalayan hansı canlı idi?
Ehtiyatla torbanın içinə baxanda orda balaca balıq gördüm. Torbanı tərsinə çevirdim ki, balıq suya düşsün, düşmədi.
Əlimlə torbadan çıxarmaq istəyəndə gördüm, balığın qulaq pəri salafana ilişib. Deyinə-deyinə torbanı cırıb balaca balığın canını salafandan qurtardım: “Caan, yazıq heyvan, bilirəm, bu salafanlar sizə zülm edir. Niyə adamlar salafanları dənizə atır?
Balığı öpüb suya atdım, özüm də girdim suya. Azca üzəndən sonra başımı suya saldım. Gözəlliyi görmək üçün gözlərimi açdım, əsrarəngiz orqan musiqisi eşitmək ümidi ilə, nəfəsimi saxladım, diqqətlə qulaq asdım.
Birdən başımı sudan çıxartdım. Su bulanıq olduğundan heç nə görə bilmədim. Suyun dərinliklərindən gələn elə kəskin, vahiməli, burulğana oxşar səslər eşitdim ki, sanki dənizdə fəlakət baş verirdi.
Qulaqlarıma inanmadım. Az sonra başımı təzədən suya salanda yenə vahiməli səs eşidəndə, kor-peşman sudan çıxdım. Səs elə gəlirdi, sanki kimsə köməyə çağırırdı.
Düzünə qalsa, səslər o qədər təlatümlü idi, bu qərib yerdə məni qorxuya saldı.
Kor-peşman sahildə oturub qürub çağı dənizin gözəlliyinə baxmaq, eşitdiyim xoşa gəlməz səsi unutmağa çalışdım.
Birdən qollarım pis qaşınmağa başladı. Bimədim nədən belə oldu. Qaşınma o qədər artdı, sanki qollarım yandı. İstədim dözüm, azca dənizdə qalım, gördüm mümkün deyil. Belə şey görməmişdim. “Bu nədir başıma gəldi!”, öz-özümə dedim. Başımı qaldıranda qarşımda - qum təpəsinin üstündə balaca, gözəl bir qızcığaz gördüm. Yaşı altı, bəlkə yeddi olardı. Sarı saçları buruq-buruq idi. Gözləri dəniz rəngində mavi idi. Qəribə geyinmişdi. Əynindəki geniş, havalı, qızılı, işıltılı paltarı elə bil işıq saçırdı. Qızçığaz lap nağıllardakı şahzadələrə oxşayırdı. Mənə baxıb xoş təbəssümlə gülümsəyirdi. Gülümsəməyə halım qalmasa da, bu mələk simalı qızın xətrinə yalandan da olsa, gülümsədim. Onun əlində nazik, xətkeşə oxşar, dəmir vardı. Dəmiri mənə uzadıb dedi:
- Bu dəmirlə qollarını qaşısan, sonra suda yusan, qaşınma keçəcək!
“Bu qız qolumun qaşındığını hardan bilir”, belə fikirlərlə dedim:
- İnanmıram onunla keçsin! Həkimə getməliyəm.
- Sən bircə dəfə yoxla! – deyib, balaca qız israr etdi.
Qızın xətrinə dəyməsin deyə, dəmiri yalandan qoluma sürtdüm. Hiss etdim təsiri oldu. Sonra onunla qollarımı qaşıyıb yudum. Qollarım tamam sakitləşdi. Ondan soruşdum:
- Nə bildin mənə kömək lazımdır?
- Bildim ki, səni amyobalar dişləyib.
- Bəs amyobalar yerli camaatı dişləmir?
- Camaat öyrəşib. Amyobalar gözəgörünməz tikanlarını hamıya batırır.
- Nə ziyanlı heyvandırlar.
- Yox, onlar ziyanlı deyillər. Əslində dənizdə suyu təmizləyənlərdən biri də onlardı. Amyobalar əvvəllər adamlarla oynayırdı. İndi dəyişiblər, insanları sevmirlər. Onlardan küsüblər.
Balaca qız belə deyəndə məni gülmək tutdu. Soruşdum:
- Sənin adın nədir?
- Şahzadə Mehin!
- Şahzadə Mehin! Sən bilirsən onlar insanlardan niyə küsüb?
- Bilirəm! – deyə balaca qız qətiyyətlə dedi.
- Hardan bilirsən? Sirr deyilsə, mənə də de, bilim!
- Sirrdir.
- Sirri mənə aça bilərsən?
- Açaram. Amma gərək Qızıl daşın sirrini pis adamlara açmayasan! – belə deyib yerdəki sarı daşı göstərdi.
- And içirəm, Qızıl daşın sirrini heç kəsə açmayacağam! Amma dediyin bu daş doğrudan da qızıl olsaydı, onu çoxdan oğurlamışdılar. Məncə, bu adi sarı daşdır.
- Sehrli daş acgöz adamların gözünə qara rəngdə görünür.
Qız qum təpəsindən düşüb yanıma gəldi. Sonra əyilib dənizdən bir ovuc su götürdü. Suyu qum təpəsinin üstünə çilədi.
Bu vaxt nə baş versə yaxşıdır? Ətrafda səhra fırtınasına bənzər tozanaq qopdu, göz-gözü görmədi. Dəsmalı götürüb üzümə tutdum ki, gözümə qum dolmasın. Bu vaxt qızın səsi gəldi:
- Aç gözünü!
Gözümü açanda gördüm qızın su səpdiyi yerdən işıq gəlir. İşıq gələn yerdən saçaq-saçaq qum pərdəsi asılıb. Şahzadə Mehin qum pərdəsini aralayıb içəri keçdi. Ordan başını çıxarıb dedi:
- Otur, yanındakı qızıl daşın üstündə, ürəyində xoş bir arzu tut! Dalğa səsi eşidən kimi gözünü aç!
Dediyi kimi etdim. Oturdum daşın üstündə. Ürəyimdə arzu tutdum: “Dünyada tanınmış yazıçı olum. Dünya uşaqları məni tanısın, sevsin!”.
Dalğa səsi eşidib gözümü açanda özümü qum pərdəsinin arxasında,- Şahzadə Mehinin yanında gördüm.
Elə bil yuxu görürdüm. Bir an mənə elə gəldi ki, nağıllar dünyasına düşmüşəm.
İçəri sehrli mağaraya bənzəyirdi. Mağarada divar daşdan olur, burda isə balıqqulağılardan idi. Balıqqulağılar ağ, sarı deyil, rəngarəng və parıltılı idilər. Sanki, işıqları yanıb-sönən diskotekaya düşmüşdüm.
Şahzadə Mehin qarşıda, mən də ardınca xeyli yol getdik. Yol kəskin şəkildə üzüaşağı getdiyindən yerin altına səmt getdiyimizi hiss edirdim.
Birdən yol elə sürüşkənləşdi ki, biz oturmalı olduq və sürətlə üzüaşağı sürüşdük. Elə sürətlə gedirdik, lap akvapark sürüşkənində olduğu kimi.
Bir tərəfdən qorxur, digər tərəfdən qışqırıb, gülürdüm. Bir xeyli sürüşəndən sonra yol düzəldi, durduq.
- Şahzadə, sən məni lap yerin altına gətirdin.
- Bura yerin yox, dənizin altıdır.
- Aman Tanrım! – deyib həyəcanlandım. - Bu lap qorxuludur!
- Narahat olma, qorxulu heç nə yoxdur. Bir azdan geri qayıdacaqsan. – Elə qətiyyətlə dedi, inandım.
Sonra Şahzadə Mehin balaca barmağını, ağzının üstünə qoyub pıçıltı ilə məndən yavaş danışmağı xahiş etdi.
- “Baş üstə!”, dedim.
Özüm də bilmirdim niyə bu balaca qızcığazın bütün dediklərini dinməz-sözyləməz yerinə yetirirdim. Görünür, qız sehrli imiş.
Ayağa qalxanda gördüm biz hündür yerdəyik, bizdən aşağıda qəribə bir mənzərə var. Aşağı aydın görünsə də, orda nə baş verdiyini başa düşmədiyimdən qaşlarımı çatıb, gözümü qıyıb baxırdım. Şahzadə dedi:
- İndi şahid olacaqsan ki, balıqlar insanlardan niyə küsüb.
Mən heyrətlə tamaşa elədim. Aşağı möhtəşəm, dördkünc, mağara formasında bir yer idi. Mağaranın içərisi yarıya qədər su ilə dolu idi. Suyun içərisində su pəriləri üzür, dayanmadan nə isə iş görürdülər.
Mağaraya bir tərəfdən şəlalə kimi su tökülür, digər tərəfdən harasa axıb gedirdi.
- Bura haradır, su pəriləri burda neyləyir? – Soruşdum.
- Bura Balıqları Salafanlardan Xilasetmə Xəstəxanasdır! Su pəriləri həkimlərdir. Okeandan üzüb gəliblər ki, burdakı balıqları xilas etsinlər.
- Balıqlara nə olub?
- Üstümüzə bəla gəlib. İnsanlar suya salafan torbalar atıb okeanları, dənizləri çirkləndirir. Suda görünməyən salafanlar balıqların qarnına gedən kimi, qulaq pərlərinə, dolaşan kimi onları məhv edir. Bu gün sən də balaca balığı xilas elədin, az keçsəydi, o da boğulacaqdı.
- Su pəriləri onlara necə kömək edir?
- Onlar xəstə balıqların qanadlarına, qulaq pərlərinə dolaşmış salafanları açır, qarınlarına girmiş salafanları çıxarıb onları xilas edir.
- Xeyirxah iş görürlər! İşləri deyəsən çoxdur. Su pərilərindən bəzisi başını çiyninə qoyub hərəkətsiz durub, dincəlir.
- Yox, balıqlardan bəzisinin həyatını xilas etmək mümkün olmayanda Su pəriləri bu cür ağlayır.
Məyus olduğumu görüb, Şahzadə Mehin dedi:
- Dəniz heyvanlarının çoxu buna görə insanlardan üz döndərib. Delfinlər həmişə insan çox olan yerə gedib, onlarla əylənirdi. İndi insanlardan qaçırlar. Dənizin rahat həyatı pozulub.
- Nə pis olub. Amma insanların da arasında bu faciənin həlli yollarını arayanlar, axtaranlar var. Ona görə hamıdan küsmək də düzgün deyil. Yaxşılar var. Çox ölkə rəhbəri salafan torbalardan istifadəni qadağan edib.
- Məhv olan balıqlara bu qadağaların köməyi dəymir. Salafanlar gündən-günə artır, balıqlar ölür. Atamın ürəyi bu dərdə dözmür.
- Kimdir atan?
- Atam dəniz kralıdır!
- Dəniz kralı? – Deyib bərkdən güldüm. - Dəniz kralı ki nağıllarda olur!
Aşağıdakılar səsimi eşidib yuxarı boylandılar. Bizi görəndə səs-küy qalxdı. Səs mağara kimi bir yerdə əks-səda verəndə, möhkəm uğultu qopdu. Səsdən qulaqlarımın pərdəsi titrədi. Qulaqlarımı tutdum ki, tutulmasın.
Az sonra, başa düşdüm ki, yanımdakı balaca qız doğrudan şahzadədir. Təəssüflə anladım ki, hay-küy mənə görə qalxıb.
Şahzadə Mehin bir əlini yuxarı qaldırdı, hamı susanda o dedi:
- Gününüz su kimi təmiz olsun!
- Gününüz su kimi təmiz olsun! Var olsun Kral! Var olsun Kraliça, Var olsun Şahzadə Mehin! - Hamı bir ağızdan dedi.
Dilim topuq vura-vura dedim:
- Aman Tanrım, balaca qız doğrudan Şahzadə imiş!
Şahzadə məni eşitmədi. O, su pərilərinə dedi:
- Var olsun, dəryalar, dənizlər! Bu insan bizim düşmənimiz yox, dostumuzdur! Bu gün özüm şahidi oldum ki, o qızıl balığı necə xilas etdi.
Şahzadə bunu demişdi, Su pəriləri quyruqlarını suya çırpdılar.
- Onlar səni sevdi, - Şahzadə belə deyib mənə gülümsədi.
- Nə gözəl, - deyib həyəcandan, sevincdən mən də əl çaldım.
Hamı sakitləşəndə Şahzadə çıxış edərək belə dedi:
- İnsan mənə şad xəbər verdi. Dedi artıq insanlar fəlakəti anlayıb. Bilirlər ki, salafan torbalar dənizi, çanlıları məhv edir. Ona görə tədbir görməyə başlayıblar. İlk dəfə Fransa hökuməti salafan torbalardan istifadəyə qadağa qoyub. Sonra İngiltərə, Amerika da belə bir qərar çıxarıb. Ümidvarıq, tezliklə biz fəlakətdən qurtulacağıq!
Bu xəbəri eşidəndə Su pəriləri sevindiklərindən quyruqlarını suya elə bərk çırpırdılar, su hündürə qalxıb yağış kimi başımıza töküldü.
Vaxtdır, ayrılmalıyıq. Sən quruya, mən suya getməliyəm. - Şahzadə dedi.
- Mən necə qayıdım?
- Qızıl daş yanındadır. Gəldiyin yolla da qayıt! Ürəyində arzu tutmağı unutma!
Belə deyib Şahzadə Mehin başını tez-tez sağa-sola hərəkət etdirdi. Saçlarından ətrafa əvvəl adi su damlaları, sonra isə qızılı, zərli su damcıları səpələndi. Qızılı paltarı islanıb, bədəninə yapışan kimi əllərini qaldırıb yuxarıdan düz aşağıya tullandı. Suya çatmamış cüt ayağı təkləşdi, Su pərilərinin yanına çatanda isə özü də Su pərisinə dönüb, üzdü.
Mən Qızıl daşın üstünə oturub gözümü yumdum, ürəyimdə təzə arzu tutdum: “Bir gün dənizlər, okeanlar təmizlənsin, balıqlar rahat yaşasın, insanlarla barışsın”. Dalğa səsi eşidəndə gözümü açıb gördüm sahildəyəm. Qarşımda qum təpəsi olsa da, üstündə qum pərdəsi yox idi.
Fransadan qayıdandan sonra da heç vaxt balaca, ağıllı qız, Şahzadə Mehini, zəhmətkeş Su pərilərini, yaralı balıqları yaddan çıxarmadım.
Bir gün salafan torbalardan istifadə bütün dünyada qadağan elan olunduqda Fransaya getdim. Həmin qərarın sürətini çıxarıb bir konvertə qoydum. İçərisinə bir neçə qızılgül ləçəyi atdım. Konverti aparıb həmin Qızıl daşın altına qoydum. Əmin idim ki, Şahzadə Mehin onu mütləq oxuyacaq və Su pərilərinə şad xəbər verəcək. Onlar da sevincək olub quyruqlarını bərkdən suya çırpacaqlar.
Nağılçı: Gülzar İbrahimova