(nağıl)
Gülşən, gözəl qızım, ad gününə sənə nə alaq?
- Malbert!
- Malberti neyləyirsən?
- Mən də Əli kimi şəkil çəkmək istəyirəm qoymur onun Malbertində çəkim!
- Sən qardaşının rəsmini korlayarsan axı, ona görə qoymur. Getdiyi kursda müəlliməsi ona tapşırıq verir.
- Mən də kursa getmək istəyirəm, qəşəng rəsmlər çəkmək istəyirəm.
- Bir az böyü, səni də yazdırarıq rəssamlığa. İndi də ad gününə malbert alarıq.
Gülşən ad gününü səbirsizliklə gözləyirdi ki, onun da malberti olacaq. Nəhayət ki, o arzusuna çatdı. Hətta ad günündə belə əlindən fırçanı yerə qoymadı. Bütün axşamı nəsə çəkdi, elə hey çəkdi. Amma təəssüf ki, qonaqların yanında pərt oldu. Çəkdiyi rəsmdən heç nə anlamaq olmurdu. Bir dağ idi dağın üstündə ya dinozavr balası uçurdu, ya da kəpənək. Ata-anadan başqa rəsmi heç kəs tərifləmədi. Gülşən başa düşürdü ki, onlar da qəlbinə dəyməmək üçün tərifləyirlər.
Ad gününün səhəri ana uşaqları yuxudan oyatdı:
- Əli, Gülşən, hazırlaşın çəmənliyə - gəzməyə gedirik.
- Çəmənlikdə nə var ki? – Əli soruşdu.
- Gözəllik!
- Onda mən malbertimi götürmək istəyirəm!
- Mən də! – Gülşən sevincək dedi.
Günortaya yaxın çəmənliyə çatdılar. Maşından düşəndə hamı yazın gözəlliyinə, çəmənliyin ətrinə heyran qalmışdı. Güllər, çiçəklər, yenicə qönçələmiş lalələr, lalələrin başı üstündə uçuşan saysız hesabsız kəpənəklər... Ana əllərini üzünə tutub heyran-heyran dedi:
- Amaaan... Bura necə də gözəldir!..
- Mən lalələrin, çəmənliyin rəsmini çəkmək istəyirəm!
Ata malbertləri maşından düşürə-düşürə dedi:
- De ki, mənzərə çəkmək istəyirsən!
- Bu saat gözəl bir mənzərə yaradacam! Qoy qələmləri gətirim, başlayım!
Əli iki ay idi ki, rəssamlığa gedirdi. Bununla belə, az bir vaxtda gözəl, güllü-çiçəkli bir mənzərə yaratdı. Sonra isə mahnı oxuya-oxuya çəmənliyə qaçdı.
Gülşən təəccüblə ətrafa baxıb pıçıldadı: “Mən nə çəkim, görəsən...”.
Bu vaxt uzaqdan gözəl bir kəpənək uçub Gülşənin malbertinin üstünə qondu:
- Tapdım, kəpənək çəkəcəyəm! Bu rəngli kəpənəyi. Deyib o həvəslə işə başladı. Əvvəlcə yaşıl qələmi götürüb çəmənlik çəkdi. Sonra qırmızı və sarı qələmləri götürüb gül-çiçək çəkdi. Çəkdikləri çox da ürəyincə olmasa da, bikef olmadı: “Əsas kəpənəyin özünü gözəl çəkmək lazımdır!”, deyə fikirləşdi.
Kəpənək isə bir yerdə dayanmır, güldən-gülə qonurdu. Ona görə də Gülşən qanadların üstündəki naxışlara diqqətlə baxa bilmirdi.
Birdən kəpənək gözdən itdi. Gülşən onu çox axtarandan sonra bir gülün dibindən tapdı. Addımlarını yavaşıtdı, nəfəsini də ehmal-ehmal aldı ki, kəpənəyi hürkütməsin. Sonra da diqqətlə ona baxmağa başladı. Birdən kəpənəyin yaxınlığında boz bir tırtıl görəndə diksindi. Bir xeyli gözlədi ki, kəpənək ordan aralansın. Amma kəpənək tərpənmirdi. Gülşən lap hövsələdən çıxırdı ki, ananın səsi gəldi:
- Uşaqlar hardasız, bura gəlin!
Yemək yeyəndə Gülşən gördüklərini danışdı:
- Görəsən bu gözəl kəpənək bu qədər gözəl yerləri qoyub, tırtılın yanından niyə aralanmır?”.
- Tırtıllar böyüyb, gözəl kəpənək olurlar! - Ana dedi.
- Doğurdan? - deyə Gülşən təəccüblə fikrə getdi.
Yeməkdən sonra yenə kəpənəyin rəsmini çəkmək üçün onu axtarmağa getdi. Güllər-çiçəklər bir-birinə oxşadığından kəpənək qonan yeri unutmuşdu. Bir də ayağını atdığı yerdən qəfildən kəpənək uçdu. Gülşən qorxudan yerə yıxıldı. Sonra isə onu ağlamaq tutdu. Ağlaya-ağlaya tırtılı axtarmağa başladı:
- Yəqin görmədim onu tapdaladım! Aman, bəlkə elə doğrudan da, Tırtıl kəpənəyin balası idi...
Gülşən birdən göz yaşları yanağnda ürəkdən güldü:
- Burdadı, sağdır, tapdamamışam, nə yaxşı... Darıxma, balaca tırtıl, indi sənin də rəsmini çəkəcəyəm!
Bu vaxt kəpənək yaxınlaşıb yenə tırtılın yanında yerə qondu. Gülşən bir az onlara tamaşa eləyib sonra qaçdı, Malbertini də, fırça qələmlərini, rənglərini də daşıyıb bura gətirdi. Sonra isə çox böyük səylə, hər gördüyü naxışı öz rəngində çəkməyə çalışdı. Fikirləşdi ki: “Əvvəl kəpənəyi çəkim, sonra uçar, uzağa gedər, tapa bilmərəm. Tırtıl isə nə qədər qaçsa da, sürünə-sürünə uzağa gedə bilməz.
Kəpənək onun fikrini başa düşmüş kimi, qondu malbertin küncünə. Gülşən istədiyi kimi, bacardığı qədər onu gözəl və rəngarəng çəkməyə çalışdı. Amma arxaya çəkilib öz çəkdiyinə baxanda o qədər də sevinmədi. Tamam fərqli, və maraqsız, əyri-üyrü bir rəsm alınmışdı. Qanadın biri balaca, biri böyük idi. Gülşən bir kəpənəyə, bir də çəkdiyi rəsmə baxanda peşmançılıqdan gözləri doldu: “Deyəsən mən heç vaxt rəssam ola bilməyəcəyəm!”. Küskün-küskün getmək istəyəndə gözü yerdə sürünən tırtıla sataşdı. Düşündü: “Aman, mən gözəl kəpənəyin rəsmini çəkdim. Bəlkə tırtıl hər şeyi başa düşür... Birdən xətrinə dəyər ki, “Mən gözəl deyiləm deyə, mənim rəsmimi çəkən yoxdur...”. Yox, gərək onun da rəsmini çəkəm! Belə qərar verib Gülşən yenə də işə başladı.
Rəsmi çəkib qurtarandan sonra arxaya çəkildi ki, aralıdan işinə baxsın. “Vay-vay, məndən doğrudan da rəssam olmaz!”... Belə demişdi, birdən möhkəm külək əsdi.
Külək malberti yerə yıxdı, Gülşənin də papağını yerə saldı. Sonra kəpənəyi əvvəl malbertin üstünə çırpdı, sonra da öz balaca burulğanında elə fırlatdı ki, yazıq böcək uçub gizlənməyə macal tapmadı. Gülşən istədi kəpənəyi xilas etsin, çatmadı. Tez papağını götürüb balaca fırtınanın arxasınca qaçdı. Burulmuş balaca fırtına kəpənəyi fırlada-fırlada uzağa aparırdı. Gülşən özünü itirmədi:
- Burax kəpənəyi, ver mənim kəpənəyimi! – deyib qışqıra-qışqıra onlara çatdı. Tez həsir papağını kəpənəyin üstünə atıb onu burulğandan xilas elədi.
Kəpənək qorxusundan büzüşüb papağın altında oturdu. Külək elə bil kəpənəyi aparmağa gəlmişdi. O saat sakitləşdi.
Gülşən kəpənəyi aparıb tırtılın yanında yerə qoydu. Kəpənək qanadlarını tırtılın üstünə sərdi. Bu vaxt möcüzə baş verdi. Gülşənin düz gözləri qarşısında Tırtıl qanadlandı, silkələndi, rəngini dəyişdi, oldu rəngli, gözəl bir kəpənək. Gülşən sevinc içərisində qışqırdı:
- Bura gəlin, bura gəlin, tırtıl kəpənək oldu... Tez gəlin!
Hər iki kəpənək uçub Gülşən çəkən rəsmin üstünə qondular. Bu vaxt isə əsl möcüzə baş verdi. Elə bil rəsmdən havaya balaca-balaca zərrəciklər qalxdı. Ata-ana və Əli yaxınlaşıb rəsmə baxanda heyran qaldılar. Elə Gülşənin özü də öz çəkdiyi rəsmə təəccüb qaldı:
Rəsmdəki təbiət, yaşıllıq, gül-çiçək, Günəş elə gözəl idi, elə bil bunu balaca qız yox, rəssam çəkmişdi.
Gülşən ətrafa göz gəzdirib sehrli kəpənəkləri axtardı. Kəpənəklər isə xeyirxah, balaca qıza sehrlərini göstərib yox olmuşdular.
Nağılçı: Gülzar İbrahimova