Gülzar İbrahimova: “Zəhmətimin bəhrəsini görəndə əziyyətlərimi unuduram”
Tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində “Gülzar nənə” təxəllüsü ilə tanınır. 50-yə yaxın uşaq kitabının müəllifi olan Gülzar nənə yaradıcılığının zirvəsindədir. Cəmiyyətdə ən çox uşaq yazıçısı kimi tanınır.
“Ədəbi düşüncə” rubrikasının budəfəki qonağı tanınmış yazıçı, AYB və AJB-nin üzvü, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovadır.
- Gülzar xanım, haqqınızda iki xəbəri birdən eşitdik! Onlardan biri sevindiricidir. Digəri isə o qədər də xoşagələn deyil – söhbət tarixi və əzəli düşmənimiz olan ermənilərdən gedir. Erməni yazıçıları “Armyanofobiya” kitabında ünvanınıza tənqidlər yerləşdiriblər. Yaxşı xəbər isə odur ki, Bakı İstedad Təhsili Kompleksində uşaqlar üçün yenicə yazdığınız nağılınızı ingilis dilində səhnələşdiriblər. Çoxsaylı fanat ordunuz olan balaca dostlarınız bu tamaşaya hamılıqla qatılıb...
- Əslində, hər iki hadisə mənim üçün yaxşı xəbərdir. Çünki neçə illərdir yazdıqlarım, nəhayət ki, ermənilərə təsir edib. Onları azca da olsa, təsirləndirə bilmişəmsə, deməli, qələmim öz işini görüb. Ermənilər nəşr etdikləri kitablarında 10-15 səhifə mənim yazılarıma yer verirlərsə, məncə, bu, bir yazıçının uğurudur.
- Nə yazırsınız ki, onlara belə təsir edə bilmisiniz?
- Ermənilər heç vaxt səhvlərini etiraf etmirlər. Törətdikləri ilə fəxr edirlər, bunu qəhrəmanlıq sayırlar. Onlar həmişə olmayan tarixlərini olanlar hesabına qorumağa çalışırlar ki, təmiz qalsın. Mən və mənim kimi yazarların yazdıqlarından da ehtiyat edirlər ki, onların tarixinə bir qara ləkə kimi damğa düşər. Demək olar ki, yenilik yazmamışam. Sadəcə, hamımızın bildiyi, eşitdiyi vəhşiliklərdən bəzilərini işıqlandırmışam.
- Uşaqlar üçün 52 səhifəlik aylıq jurnal olan “Sehrli dünya”dan əlavə, tez-tez kitablarınız da işıq üzü görür. 12-dən çox nağıl, hekayə, şeir diskiniz çıxıb. “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi kimi böyük layihələrə imza atıb uğurla həyata keçirirsiniz... Bu qədər işin öhdəsindən gəlməklə yanaşı, üstəlik, ermənilərlə “internet savaşı”na, dialoqlara, yazışmalara necə macal tapırsınız?
- Uşaqlar mənim sevdiklərimdi; uşaq adı gələndə bir sehrli nağıl mələyinə, nağıl pərisinə dönür, sevgi ilə balalara yazmağa başlayıram. Bu, gündüzlər olur. Gecələr isə qarapaltarlı bir əsgərə çevrilib, sübhə qədər düşmənlərimlə internet savaşı edirəm.
- Yəqin ki, digər savaşlara nisbətən, internet savaşı daha təhlükəsizdir?
- İnternet savaşında da insan yaralanır, hətta düz ürəyindən yaralana bilir. Ermənilər mənim onlara ünvanladığım “Müraciət”i oxuyub müzakirə edəndə, nə qədər əsəb, stres, həyəcan keçirdim... Birdən-birə ürəyim elə çırpınıb sancdı ki, gecənin ortasında yerə yıxıldım. Məni başa düşməyəcəklərindən qorxub, heç kəsə dərdimi aça bilmədim.
- Torpaqlarımız azad olunmasa da, xalqımız qəhrəman xalqdır. Çünki sizin kimi Vətənini sevən, onu titrək ürəkləri ilə qorumağa çalışanlar saysız-hesabsızdır. Elədikləriniz fədakarlıqdır. Elə isə, ermənilərin bu üstü qırmızı və içi qara kitabına düşməyinizi mən də uğur hesab edib, sizi təbrik edirəm...
- İnşallah, qaçqınlarımız, didərginlərimiz bir gün sevinc göz yaşları ilə vətənlərinə dönərlər, bax, onda hər ikimiz bir-birimizə gözaydınlığı verərik!
- Zəhmətiniz qiymətləndirilir?
- Ata-babaların hansı sözü düz çıxmayıb ki? “Zəhmət insanı ucaldar!” deyiblər! Mən də zəhmətimlə pillə-pillə qalxdığımı hiss edirəm. Zəhmətin bəhrəsini görəndə əziyyətlərimi unuduram. Necə ki körpə ağlayır, ananı gecələr yuxusuz qoyur, əziyyət verir. Ana səhər balasının gül çöhrəsini görəndə əziyyətini unudur, heç nə olmayıbmış kimi onu sevir, öpür, əzizləyir... Mən də hər dəfə oxucumdan xoş sözlər, təriflər eşidəndə, bütün yorğunluğumu unuduram.
- Maliyyə baxımından necə, jurnal özünü doğrulda, heç olmasa, çap xərcini çıxara bilirmi? Bu gün bir qəzetçi olaraq bilirəm ki, maliyyə mənbəyi olmadan jurnal buraxmaq, satışını təşkil etmək mümkün deyil. Maliyyə mənbəyiniz, reklamınız varmı?
- Bu gün Azərbaycanda insanların mütaliədən uzaq düşdükləri bir zamanda qəzetçi, jurnalçı olmaq – sağlamlığı satmaq, pulunu göyə sovurmaqdır desəm, yanılmaram! Jurnalımız artıq 6 ildir çap olunur. Hansı iri şirkətə məktubla müraciət etsək də, təklifimizə reaksiya verən olmur. Bu, məsələnin bir tərəfidir. Digər yandan, köşklərdə də jurnalların yayılması aşağı səviyyədədir. Mütaliə uşaq vaxtlarından başlayır. Şəhəri köşklərlə bəzəmək vacib şərt deyil. Əsas, o köşkün içərisində nə satıldığıdır. Bax, məsələ bundadır. Bir uşaq yaxınlaşıb köşkdən sevdiyi jurnalı ala bilirmi? Yox. Amma “Snikers”i ala bilir. Çünki “Snikers”in satışı köşkdə əla təşkil olunub. Bir qəzet, jurnal köşkü tapmazsan ki, orada şokoladların satışı əla təşkil olunmasın. Amma çox-çox təəssüf olsun ki, köşklərdə bir dənə də olsun, uşaq jurnalı yoxdur.
- Mən neçə-neçə kitab mağazasına baxmışam. Nə sizin kitablarınızı, nə də “Sehrli dünya”nı tapa bilmişəm. Onları haradan əldə etmək olar?
- Kitab mağazalarımız çox azdır. Səviyyəliləri də rus dilində, ingilis dilində kitablar satır. Bir qədər aşağı səviyyədə olanlar isə yalnız test satmaqla məşğuldur. Bütün yazıçılar öz kitablarını 300-500 tirajla nəşr elətdirirlər. Çünki satış düzgün təşkil edilmir. Satışdan yazıçı heç bir vəsait əldə edə bilmir ki, növbəti kitabını çapdan çıxara bilsin və ya hansısa ehtiyacını ödəsin. Şəhərdə hara baxırsan, əyin-baş dükanları və supermarketlərdir. Məgər millətin əsas məqsədi yemək və geyinməkdir? Niyə bizdə kitab mağazaları çox azdır? Şəhərin mərkəzində cəmi bir yaxşı babat kitab mağazası var, orada da 100 uşaq kitabından cəmi 5-i Azərbaycan dilindədir, onlardan da ikisi ya maraqlı ola, ya da olmaya. O insanlara ki, millətin təhsili, maarifi tapşırılıb, onlar dərsliklərin səviyyəsi ilə məşğul olmalıdırlar. Bəs onlar nə ilə məşğuldurlar? Test çap elətdirib məktəblərdə satdırmaqla vəzifələrini bitmiş hesab edirlər. Uşaqdan, valideyndən soruşursan, ağlaşırlar ki, oktyabr ayında 50 manatlıq test aldırıblar bizə. Bəs nəticə nə göstərir? Bu günün uşağı dərsdən gəlir, dərs oxuyur, dərsini oxuyub qurtarmağa macal tapmır. Səhər durub yenə oxuyur, dərsini tam eləyib qurtara bilmir. Həyətdə oynamağa da vaxt çatdırmır, idman seksiyalarına, digər incəsənət kurslarına gedə bilmir, əsəbiləşir, sonra da yatır. Mən öz dövrümdə tennislə də məşğul olmuşam, ev işləri də görmüşəm, üzgüçülüyə də getmişəm, kitabxanaları da gəzib kitablar oxumuşam, yarışlara gedib qalib olmuşam. Mən məgər savadsızam? Əlinə kitab almayan bir uşaq gecəni yatmayıb, mənim 150 səhifəlik “Sirusla Virusun macəraları” kitabını oxuyursa, deməli, yazılarımla uşaqların dilini bilirəm. Amma dəfələrlə müraciət eləsəm də, təhsil nazirinin qəbuluna düşə bilmirəm. Əgər bir yazıçı təhsil nazirinin qəbuluna düşə bilmirsə, o xalqın mütaliəsi elə uzun müddət belə səviyyədə olacaq. Amma ölkəmizin təhsil sistemində çalışan ingilislər, norveçlilər məni məmnuniyyətlə qəbul edir, nağıllarımı sevə-sevə oxuyur, əhatəsində olan uşaqlara da sevdirə bilirlər. Uşağa kitabı sevdirə bilənləri hökmən dinləmək lazımdır. Belə olarsa, uşaqlarda mütaliəyə meyil artmağa başlar.
- Bir yazıçı kimi, sizinlə məktəblərdə tez-tezmi görüşlər keçirilir?
- Bu, indi dəbdə deyil. Məktəblərdə çox az-az görüşlər keçirilir. Adi şəhər məktəbində yadda qalan, maraqlı görüşə getməyimi xatırlamıram. Bircə dəfə Bakı Şəhər Təhsil İdarəsi ilə üzbəüz yerləşən məktəbdə görüşdə olmuşam. Tədbirin təşəbbüskarı özüm idim. O görüş də elə səviyyədə keçib ki, daha həmin vaxtdan məktəblərdə heç bir tədbirin keçirilməsi üçün təşəbbüs irəli sürmürəm. Uşaqlar dərsdən çıxıb sevincək, yorulmuş evə gedəndə çıxış qapısını bağladılar, zorla soyuq zala doldurdular. Ab-havadan hiss elədim ki, uşaqlar istəyir tədbir tez bitsin, qaçsınlar evə, isti yemək yeyib isinsinlər. Keçirilən görüş çox maraqsız, aşağı səviyyədə oldu. Vaxtımın itdiyinə təəssüfləndim.
- Ən maraqlı görüşləriniz harada olub?
- Sumqayıt məktəblərində çox səviyyəli görüşlər keçirilib. SOCAR-ın bağçalarında, Bakı Təhsil Kompleksində dəfələrlə görüşlərdə olmuşam, oradakı uşaqlar yaxın dostlarıma çevrilib. Görüşlər hər sinifdə ayrı-ayrılıqda təşkil olunur. Uşaqlarla səmimi söhbətlər etmək imkanı yaranır. Onlar nə barədə oxumaq istəyirlər, qəhrəmanlarını necə görmək istəyirlər. Müsabiqə keçiririk, qaliblərə hədiyyələr veririk. Görüş elə təşkil olunur ki, valideynlər çox razı qalırlar. Nə uşağa, nə də onun valideyninə kitab almaq üçün təzyiq göstərilmir. Kitabdakı nağıl, ya hekayə haqqında danışırsan, onlar da xoşlarına gəlirsə, sərgilənən kitabdan özləri üçün sifariş edə bilirlər. Dəhlizlə gedirsən, sinif uşaqları səni doğmaları kimi qucaqlayır. Hiss edirsən ki, səni sevirlər. Xarici uşaqlar deyillər, bizimkilərdir, azərbaycanlılarımızdır. Amma məni onlara məktəbin ingilis rəhbəri sevdirib. Bir paxıllıq qəlbimi oyub-deşir. Axı niyə hansısa bir ingilis məni sevir, yazdıqlarımı əzizləyir, tamaşaya qoyur, direktorum məni tanımaq istəmir?
- Qəzetimiz vasitəsilə hansı müraciəti etmək istərdiniz?
- Əziz xalqım, elmə səmt tut! Böyük Quranda da belə yazlıb: “Min ibadətdən bir elm daha yüksəkdir!”. Yetişdirdiyiniz uşaqlara öz gözünüzlə yox, xalqın gözü ilə baxın. Əsəbi, səbirsiz, gözləri oynayan, söz soruşanda anasına baxan, öz fikri, danışmaq qabiliyyəti olmayan, danlanmaqdan gözlərindən qorxu yağan balalara baxın. Onda biləcəksiniz ki, onların maariflənməsi ilə məşğul olan komanda nə vəziyyətdədir. Test kitabları buraxıb uşaqlara satmaqlamı, yoxsa əsl insan yetişdirməkləmi...
Əziz böyüklər! Gəlin, bir şeyi unutmayaq! Bilirik ki, uşaq ikən mütaliə etməyən böyüyəndə oxuya bilmir, savadsız olur, nitq qabiliyyəti inkişaf etmir. Savadsızlıq selinin gətirdiyi bəlalar isə bunlardır:
- cahillik. Daxildəki boşluğu pis vərdişlərlə doldurur.
- Böyüyə hörmətsizlik. Gənc yaşlarında heç nəyə nail ola bilməyən cavan bütün günahları böyüklərində görür və ona hörmətsizlik etməyə başlayır, həmçinin ələbaxımlı öyrənir. Elmsiz, cahil adam səbirsiz olur, kəmhövsələliyi ilə ətrafdakıları çaş-baş qoyur. Həm də belə insanlarda paxıllıq pik səviyyədə olur.
- Sizinlə tam razıyam, bəs mütaliəli, savadlı insanlar arasında paxıllıq olmur?
- İnanmıram! Savadlı insana hər yerdə iş tapılır. Hətta bugünün özündə də. İş tapmayan bir gənc ingilis dilində danışa bilirsə, onu, ən azı, orta məvaciblə otellərin birində qonaq qarşılayan və ya restoranların hansındasa ofisiant işinə mütləq götürərlər.
- Yaradıcılığınızın hansı dövründəsiniz?
- Ən məhsuldar zirvəsindəyəm. “Zirvəsindəyəm!” desəm, məncə, düzgün olar. İdeyalar bulaq kimi axıb, beynimdən keçir. Çatdırıb yazdıqlarım elə səviyyədə olur ki, inanıram, mütləq tarixdə qalacaq. Nə yazıramsa, oxucular tərəfindən tez sevilir, tamaşalara qoyulur. Şeirdisə, yadda tez qalır, əzbərlənir. Uşaqlar məni çoxdan tanıyır, böyüklər də yavaş-yavaş tanıyıb sevməyə başlayır.
- Uşaq yazıçısı çox azdır. Uşaqlar üçün yazmaq çətindir?
- Yaza bilməyən üçün çətindir. Yaza bilən üçün heç bir çətinliyi yoxdur. Ən sevilən nağılı və ya hekayəni yarım və ya bir saatın içərisində yaza bilirəm. Uşaqlar da onu heyran-heyran oxuyanda uğuruma sevinirəm. Müasir uşaqlara ürəyim yanır. Hər tərəfdən onları mənfiliklər əhatə edib. Çoxunun ata-anası hər şeyləri olsun deyə, zamanlarını işə daha çox ayırırlar, uşaqlar valideynləri çox az görür. Görəndə də televiziya uşaqlarla valideynlərin arasına girir.
- Bu qarmaqarışıqlıqda əsl insan necə yetişə bilər?
- “Ziyanın yarısından qayıtmaq da xeyirdir”, – deyib əl-ələ verək, balalarımıza kömək edək!
Qələndər Xaçınçaylı
13 nömrəli məktəbdə keçirilən görüş
Yazıçı öz doğma məktəbinə gəldi
Sumqayıt yeniyetmələri ilə “Üç nəsihət” adlı vətənpərvər oxucu-yazıçı görüşü