Ən varlı məmləkət

Ən varlı məmləkət

(Nağıl)

Biri var idi, biri yox idi, dünyada Naxçıvan adlı ən varlı bir məmləkət var idi. Bu var dövlət Məhəmməd Cahan Pəhləvanın hökmranlığı zamanındaydı.

Naxçıvanda olan qızıl, gümüş, zinət əşyaları, gümüş sikkələr dünyanın heç bir yerində yox idi. Camaat çox firavan dolanır, bu ruzuya görə göydə Allaha, yerdə isə Cahan Pəhləvana dua edirdilər.

Hökmdarın Zahidə xatun adlı gözəl arvadı və ondan da gözəl Cəlaliyyə adlı qızı var idi. Cahan Pəhləvan onların hər ikisini çox sevər, bütün istəklərini yerinə yetirərdi. Zahidə xatun bütün işlərdə ərinə kömək edərdi. O, bu işlərdən çox xoşlanardı. Bir gün hökmdar bikef oturmuş Zahidə xatundan soruşur:

-Mənim istəkli xanımım, niye kefin yoxdur, de, bəlkə bir istəyin var?

Zahidə xatun bunu gözləyirmiş kimi deyir:

-Böyük hökmdar! Çoxdan bir istəyim var. Qulaq as, deyim. Neçə-neçə məmləkətlər hökmranlığın altındadır. Hər yanda rəiyyətin ədalətindən danışır. Hamının istəyinə qulaq asıb, yerinə yetirirsən. Mənim də istəyim var.

-İstəyini de, mənim gözəl xanımım, hökmən onu yerinə yetirəcəyəm, - şah deyir.

Zahidə xatun ərinin əlindən öpüb arzusunu deyir:

-Mən istəyirəm ki, məni Naxçıvana hakim edəsən!

Şah arvadının bu istəyindən sonra fikrə dalır. Zahidə xatunun hakimiyyət işlərindən yaxşı başı çıxırdı. Amma çox arvadlar kimi sirr saxlaya bilmirdi. Sarayda onun bildiyi sirr səhərisi bütün məmləkətə yayılırdı. Buna görə də şah xeyli fikirləşəndən sonra arvadına deyir:

-Mənim əziz xanımım, gəl sən bu daşı ətəyindən tök, başqa nə istəyin varsa, de, mən yerinə yetirməyə hazıram. Amma hakimlik arvad işi deyil. Bu sənin üçün çox çətin olar. Məmləkətə də ziyan dəyər, bizə də.

Zahidə xatun zülüm-zülüm ağlamağa başlayır. Gözlərindən yaş sel kimi axır.

Cahan Pəhləvan deyir:

-Yaxşı indi ki, tərslik edib, dediyindən dönmürsən, səni hakim təyin edəcəyəm, amma bir şərtlə.

Zahidə xatun sevinir:

-De şərtini, hökmdarım!

Hökmdar şərtini deyir:

-Söz ver ki, heç vaxt məmləkətin, sarayın sirrini bir kəsə deməyəcəksən.

Zahidə xatun ərinin qarşısında baş əyib, and içir:

-Mən sənin canına və taxt-tacına and içirəm ki, heç bir vaxt məmləkətin və sarayın sirrini bir kəsə açmayacağam!

Cahan Pəhləvan bu söhbətdən sonra bütün Naxçıvan əhlini yığıb arvadını Naxçıvana hakim təyin elədi. Xanım əhli-məmləkət qarşısında sidq ürəklə hakimlik edəcəyinə and içdi.

Zahidə xatun həmin gündən Naxçvana hakimlik eləməyə başladı.

Naxçıvana tez-tez yad ölkələrdən qonaqlar gələrdi. Qonaqlar Naxçıvanın gözəl yerlərini gəzərdilər. Zahidə xatun hörmətli qonaqların şərəfinə ziyafətlər verərdi.

Bu gün də belə günlərdən biri idi. Monqol hakiminin qoşun başçısı öz xanımı ilə Naxçıvana qonaq gəlmişdi. Qoşun başçısı şəhərin gözəlliyinə heyran olmuşdu. Onun xanımı isə arvadların boynundakı silsilə qızıllara, barmaqlarındakı bahalı üzüklərə heyran-heyran baxırdı.

Monqol xanımının qızıldan çox xoşu gəldiyini görən Zahidə xatun ona ağır və bahalı silsilə boyunbağı bağışlayır. Qonaq xanım təşəkkür edib deyir:

-Sən mənə nə böyük bəxşiş verirsən? Bu sizin xəzinəyə ziyan olmazmı, xanım?

Zahidə xatun fərəhlə cavab verir:

-Bizim Əlincəqaladakı xəzinəmizdə belə qızıllardan nə qədər istəsən var. Bu bəxşişi əziz qonağımıza verməklə xəzinəmizdə qızıl azalmaz.

Monqol ər-arvadın acgözlükdən gözləri böyüdü.

Zahidə xatun dediyindən razı halda ərinə baxdı. Cahan Pəhləvanın tərs-tərs baxmağından başa düşdü ki, səhv danışıb, məmləkətin, sarayın sirrini yad adama açıb.

Barmağını dişlədi. Amma çox gec idi. Dilində söz qalmayan Zahidə xatun xəzinənin yerini yadelliyə bildirmişdi.

Doğrudan da Naxçıvan məmləkətinin ağzına qədər dolu xəzinəsi Culfada olan Əlincəqalada saxlanılırdı. Bu qala Əlincə çayının düz üstündə olduğundan camaat onun adını Əlincəqala qoymuşdu. Əlincəqala sıldırım qayanın başında yerləşirdi. Cahan Pəhləvan qala yoluna bişmiş kərpicdən pillələr düzəltdirmişdi ki, qalaya qalxmaq asan olsun. Xəzinəni qorumaq üçünsə qala yolunda müdafiə divarları və keşikçi bürcləri, müdafiə səngərləri tikdirmişdi. Qalanın ətrafında altı yüz nəfər süvari qoymuşdu.

Məhəmməd Cahan Pəhləvanın ən yaxınlarından başqa xəzinə sirrini bir kəs bilmirdi. İndi ziyafətdə Məhəmməd Cahan Pəhləvan Zahidə xatunun dediklərini eşidəndə çox qəzəbləndi. O bilirdi ki, xəzinənin yerini bilən yadellilər onların ölkəsinə mütləq hücum edəcəklər.

Qonaqları yola salan kimi hökmdar Zahidə xatunu xəzinənin sirrini açdığına görə Naxçıvan hakimliyindən çıxartdı. Qızı gözəl və ağıllı Cəlaliyyə xatunu Naxçıvana hakim qoydu.

Aradan çox keçmədi ki, monqollar Naxçıvana, oradan da Əlincanqalaya hücum elədilər. Məhəmməd Cahan Pəhləvan monqolların hücum xəbərini eşidəndə çox məyus oldu. Elinin-obasının var-dövlətinin monqollara qismət olacağı xəbəri onu sarsıtdı. Hökmdar naxoşlayıb yatağa düşdü.

Amma monqolların basqını boşa çıxdı. Onlar Əlincəqalada xəzinə əvəzinə boş naxışlı sandıqlardan başqa heç bir şey tapa bilmədilər.

Ağıllı hakim Cəlaliyyə xatun monqolların hücum xəbərini eşidən kimi xəzinəni boşaldıb Naxçıvan camaatına paylamışdı.

Əlincəqaladan heç bir var-dövlət tapa bilməyən acgöz monqollar suyu süzülmüş geri qayıtdılar.

Məhəmməd Cahan Pəhləvan qızını yanına çağırıb ona «afərin», söylədi.

Mən də nağılımı burda bitirmək istəyirəm. Sənə də nəsihət edirəm ki, sirrini yad adama verməyəsən. Sirr saxlamağı bacarasan. Həmişə elə işlər görəsən ki, sənə «sağ ol», desinlər. Əhli-Naxçıvana da Allahdan salamatlıq, var-dövlət diləyirəm.

Var-dövlət dedim, böyük bir sirr yadıma düşdü. Onu sənə açmaq istəyirəm. Amma öz aramızda qalsın, heç kəsə demə. Camaata qızıl paylayanda Cəlaliyyə xatun xəzinədən mənə də üç silsilə qızıl boyunbağı ayırıb. O vaxt mənə dedi ki, boyunbağıları qalanın başındakı ən böyük daşın altına qoyacağam, gedib götürərsən. Mən də qoca nənəyəm, qalanın başına çıxmağa taqətim nə gəzir? Getmədim. Hər dəfə də Cəlaliyyə xatunu yuxumda görəndə məndən hey soruşur, ay qarı, niyə gedib boyunbağını götürmürsən?

İndi eşit! Sənə deyirəm! Gedərsən Naxçıvan məmləkətindəki Culfa obasına. Oradan da qalxarsan Əlincəqalaya. Çıxarsan qalanın düz başına. Dediyim daşın altından silsilə boyunbağıları götürərsən. Sonra heç yerə getməzsən ha, düz qayıdarsan Gülzar nənənin yanına. Boyunbağının birini verərsən nağılı sənə danışana, birini verərsən mənə, biri də olar sənin. Ondan sonra olarıq hamıdan varlı, hamıdan karlı. Vəssalam-şüdtamam.