Toy başlandı. Bəylə-gəlin toy evinə girdilər. Gözəl gəlin, şuxqamətli bəy. Qol-qola, üzlərində bəxtəvərlik bəy-gəlin taxtına yaxınlaşdılar. Tənhalığıma yazığım gəldi.
Bəylə-gəlini öpüb təbrik elədilər. Sağlıqlarına badə qaldırdılar. «Oğullu-uşaqlı olsunlar», - dedilər. Hamı sevindi. Qol-qanad açıb oynadı. Arzu edib, toyumda oynamayanlara yazığım gəldi.
Gəlin sevgidolu baxışlarla bəyə baxdı. Bəy bu odlu baxışlara davam gətirə bilmədi; bir az da gəlinə yaxın oturdu. Əlini-əlinə aldı. Görən gözlərimə yazığım gəldi.
Həzin musiqi səsləndi. Bəylə-gəlin mehriban-mehriban qucaqlaşıb, həzin musiqinin sədaları altında rəqs eləməyə başladılar. Gözlərini-gözlərindən ayırmadan rəqs elədilər. Baxışları sevişə-sevişə rəqs elədilər. Gözümdən bir damla düşdü. Gözyaşıma yazığım gəldi. Bugünə həsrət qalan, titrəyən ürəyimə yazığım gəldi.
«Vağzalı» çalındı. Bəylə-gəlin ayağa qalxdı. Gəlin gözlərini süzdürə-süzdürə məhəbbətlə bəyə baxdı. Bəy «Vağzalı»nın sədaları altında gəlinin başına dolandı. Özümə yazığım gəldi.
Toy qurtardı. Bəylə-gəlinin ürəkləri çırpına-çırpına vüsal evinə yollandılar. Bəxtimə yazığım gəldi.