Çal, Aşıq, çal!

Çal, Aşıq, çal!

Çal, Aşıq, çal! Ruhani çal. Nə çalırsan-çal, bir qəmli saz havası çal! Biz də qulaq asa-asa viran olmuş, yağıda qalmış yurdumuzu bir yerdə yada salaq. Çal, Aşıq, çal - barmaqların qabar olana qədər. Tazanən titrəyən barmaqlarından düşənə qədər. Ürək yaramın qaysağı qopana qədər, çal!!! 

Qoy, sazının səsi ağıya dönsün, yağı tapdağı altında qalan viran yurdumuzun dağlarına, düzlərinə yayılsın. Çal!

Yana-yana, dərddən qıvrıla-qıvrıla çal! Üzeyirsiz qalmış Şuşaya, Aşıq Şəmşirsiz qalmış Kəlbəcərə, Nəbisiz qalmış Qubadlıya, Sultanbəysiz qalmış Laçına, Seyidsiz qalmış Füzuliyə qara dastan qoşa-qoşa çal. Sonra isə qara dastanı ağı ilə birgə, gözlərindən yaş axıda-axıda oxu. Oba-oba, el-el gəzib qoşduğun qara dastanı dərdli camaata de!.. 

Çal, Aşıq, çal! Ürəyinə sıxdığın sazı elə çal ki, səsi küləyə qoşulub yurdunu dolaşsın. Öz həzin səsi, mehi ilə yaralı yurdunu, gözü yolda qalan obanı oxşasın-əzizləsin.

Çal, telləri qəmdən, dərddən sızlayan sazını. Elə yanıqlı çal ki, yurdunda qərib olmuş dağların başındakı qarlar əriyib, göz yaşına dönsün, axsın, hey axsın. Durmadan tökülən göz yaşlarımıza qarışıb Tərtər çayının sularına qoşulsun, dağılmış yurdumuzdan keçsin, susuz qalmış obamızın torpaqlarını suvarsın. Susuzluqdan çat vermiş torpaqlarımızın yarasına məlhəm olsun!..

Çal, Aşıq, çal! Sazın tellərini elə dilləndir ki, dərddən qovrulan insan kimi dilə gəlsin. Ağı desin, bayatı çağırsın. İnildəsin, sızıldasın. Titrəyən səsi göyləri ağlatsın. Göydən yağış əvəzinə dolu yağsın. Həmin dolu torpağımıza elə düzülsün ki, yanmış yurdun külü göyə sovrulmasın!..

Çal, Aşıq, çal! Çal, qəmli sazını! Elə yanıqlı çal ki, sazın telləri tir-tir titrəsin. Yağı qarşısında örpəyi başından düşmüş qız-gəlinin dağlarda qalmış ah-naləsi, fəryadı səsinə əks-səda versin, qoşduğun qara dastanın yanıqlı səsinə qarışsın!..

Çal, Aşıq, çal! Özü də yana-yana, ağlaya-ağlaya, sızlaya-sızlaya çal! Sazın telləri qırılana qədər, sazın əlindən düşənə qədər çal!!!

 

Dərdlərim yaddan çıxsa da, 

sağalmaz vətən yaram

(Bayatı)