Mən də varam, Ata!

Mən də varam, Ata!

Buz ürəkli Atam!

Bil ki, həyatda mən də varam. Atalı ikən, atasız. Qəlbi kövrək, gözü nəmli. Ata həsrətlisi, ata haraylısı, ata soraqlısı.

Bir soraqlasana məni, Ata! Bir axtarıb-tapsana məni.

Eşit məni, Ata, mən də varam, mən də varam.

Axı nə günah etmişəm ki, Tanrı məni atasız qoyub? Ata nəvazişindən, ata məhəbbətindən ayırıb? Nə günah sahibiyəm ki, başqa uşaqlar atalarının əlindən tutub dəniz kənarında gəzəndə mən onlara həsrətlə baxıram? Anam fikir edər deyə, onun yanında hönkür çəkib ağlaya da bilmirəm. İçin-için ağlayanda məni ovudanlara “Atamı istəyirəm”, - deyə də bilmirəm.

Anam məni başa düşməz. O, atalı-analı böyüyüb. Atasızlığın nə olduğunu bilmir, ata həsrəti acısından xəbəri yoxdur.

Bircə dəfə sənin yuxuna girə bilsəydim, Ata, deyərdim ki, mən də varam. Gəl məni axtar, “Balam!” - deyib bağrına bas.

Ondan sonra bilirəm, sən mütləq məni axtarıb-tapacaqsan. Sonra səninlə əl-ələ tutub gedərik. Dəniz kənarına yox, gəzməyə yox. Gedərik Bibiheybət pirinə, mən nəzir verərəm, sən də qıraqdan dayanıb arzusuna çatmış balana baxarsan. Sonra isə mən səni çoxlu öprəm, lap duz kimi yalayaram, neçə dəfə “Ata!” - deyə çağıraram. Ürəyin istəsə, mənə “Ay can!” - deyərsən. Əgər səhvim olsa, acıqlanarsan. Mən buna da həsrətəm.

Bundan sonra isə əvvəlki kimi ayrılarıq. Sən öz balalarının yanına gedərsən. Mən də qayıdaram tənha qoyduğun, gözü yaşlı anamın yanına.

Axtar məni, Ata, axtar məni, mən də varam! 

 

Övladını kim öpsə, ona 

savab yazılar, övladını kim

sevindirsə, Allah da onu 

sevindirər

( İslamda uşaq tərbiyəsi haqqında)