Fırçanın sehri

Fırçanın sehri

(Nağıl)

Biri var idi, biri yox idi, qədim zamanlarda Qəbələ mahalında bir Nohur kəndi var idi. Bu kənddə Mətin adında cavan bir oğlan yaşayırdı. Mətin gözəl rəssam idi. Rəssamlığı Mətinə babası öyrətmişdi. Baba vaxtilə yaxşı sənətkar olmuş, qocalıb əldən düşənə qədər gözəl şəkillər çəkmişdi.

Qoca rəssam nəvəsi Mətini özü ilə Nohur gölünün sahilinə, dağlara, meşələrə aparar, oğlana şəkil çəkmək öyrədər, sənətinin hər sirrini nəvəsi üçün açardı.

Bir dəfə baba nəvəsi ilə Ay işığında ulduzları seyr edəndə Mətin soruşdu:

-Baba, sən hər şey çəkməyi mənə öyrətmisən, bircə Ayla Günəşdən başqa. Bəs onları çəkməyi mənə nə vaxt öyrədəcəksən?

Babası dedi:

-Bala, əvvəla, bizi yaradan böyük Tanrı, ondan sonra isə Günəş və Ay bizim müqəddəslərimizdirlər. Onların əksini çəkmək günahdır.

Bu hadisədən neçə il ötdü. Bir gün baba ölüm yatağına düşdü. Mətini yanına çağırıb dedi:

-Mən ölürəm. Sənə vəsiyyətim var. Mənə babamdan qalan fırça sehrli fırçadır. Onu sənə verirəm. Səndən bircə istəyim var ki, müqəddəslərin əksini heç vaxt çəkməyəsən. Əgər Günəş və Ayın şəklini çəkmək sənin üçün vacib olsa, heç olmasa onların şəkillərini suya düşən əkslərindən çək.

Mətin babasının sözlərindən kövrəldi:

-Baba, mən səni dünyada hamıdan çox istəyirəm. Mənim yanımda ölümdən danışma. Yalvarıram sənə, bir də elə söz demə. Sənə söz verirəm ki, dediyin müqəddəslərin əksini heç vaxt çəkməyəcəyəm.

Nağıl dili yüyrək olar, deyərlər. Babası öləndə Mətinin artıq on yaşı var idi. İndi isə o böyümüş, on altı yaşlı qamətli, yaraşıqlı bir oğlan olmuşdu. Onun rəssamlıq sənətinin sorağı aləmə yayılmışdı.

Hər bazar Mətin çəkdiyi şəkilləri bazara çıxarardı. Onun çəkdiyi şəkillər həmişə baha qiymətə satılardı. Son vaxtlar Mətin fikir verib gördü ki, onun şəkillərinin çoxunu ağ çadralı bir qız alır. Həmin qız özü isə bazarda şəfalı otlar satardı. Mətin həmişə soyuqlayanda ondan yarpız, qantəpər və bağayarpağı otları alar, onları dəmləyib içən kimi də azarı keçərdi.

Bir gün Mətinin ayağına tikan batmışdı, dabanına çirk yığılmışdı. Oğlan axsaya-axsaya gəzirdi. Şəfa otları satan qız bunu gördü, öz sehrli bağayarpağı otunu əzib Mətinə verdi və dedi:

-Bunu qoy yaranın üstünə!

Mətin yarpağı yaranın üstünə qoyan kimi möcüzə baş verdi. Bir az keçməmiş yara öz-bözünə sağaldı. Mətin ayağını yerə qoyanda gördü ki, ayağı sap-sağlamdır. Qıza dedi:

-Sənin otların doğrudan da sehrlidir.

Bu bazar da həmin qız şəkil almaq üçün Mətinə yaxınlaşanda oğlan dedi:

-Deyəsən şəkillərdən çox xoşun gəlib, hər dəfə hamıdan qabaq sən gəlib alırsan.

Qız çadranın altından cavab verdi:

-Mən satdığım otlara deyirsən möcüzəli otlardır. Mən də sənin çəkdiyin şəkillərə sehrli şəkillər deyirəm.

-Yox, mənim şəkillərimdə heç bir sehr-filan yoxdur, - deyə oğlan dilləndi.

Qız oğlanı inandırmağa çalışdı:

-Mən bunu birinci dəfə səndən dəniz şəkli alıb aparanda bilmişəm. Mən şəkil əlimdə evə girən kimi kiçik bacım dedi:

-«Bacı, sən nə qəşəng dəniz şəkli almısan?»

Mən bu işə məətəl qaldım. Çünki, artıq beş il olar ki, onun gözü kor idi.

Bundan sonra mən səndən ikinci şəkli aldım. Bu şəkildə sən qayanın başında üçbaşlı əjdaha çəkmişdin. Mən şəkli evə gətirən kimi bacım dedi:

-Bacı, mən üçbaşlı əjdahadan qorxuram, o şəkli gizlə.

Hər bazar səndən şəkil alıb bacıma aparıram. O, sənin şəkillərindən başqa bu gözəl dünyada heç nəyi görmür.

İndi bil və agah ol ki, mənim zavallı, kor bacım, bütün aləmi qara gördüyü halda, sənin çəkdiyin şəkilləri olduğu kimi, rəngarəng görür. Bacımın bircə dəfə dünyanı öz rəngində görməsi xatirinə canımdan belə keçməyə razıyam. Sənin şəkillərini almaqla, istəyirəm ki, o, bu gözəl dünyadan nə isə görsün.

Mətin eşitdiklərindən məyus oldu:

-Bəs sənin atan kimdir?

-Biz bacılar yetimik. Beş il bundan qabaq atamla anam dağın başında ot biçirdilər. Biz də, iki bədbəxt bacı orada idik. Birdən göyün üzü tutuldu. Bərkdən ildırım çaxdı. Huşumu itirdim. Kaş onda ayılmayaydım. Ayılıb gördüm ki, atamla anamı ildırım vurub öldürüb, bacımı isə kor edib. O vaxtdan kor bacımı saxlayıram, - deyib qız hönkür-hönkür ağladı.

-Bəs mən şəkilləri baha verirəm, sənin bunları almağa pulun çatır?- deyəndə Mətinin səsi qəhərdən titrədi.

Qız gözlərinin yaşını silə-silə dedi:

-Mən dağlardan şəfa otları yığıb satıram və şükür Allahın kərəminə, ac qalmırıq.

Mətin bu vaxta qədər şəkilləri qıza baha satdığından peşman oldu.

-Sən gərək mənə çoxdan deyəydin ki, şəkilləri nə üçün alırsan, mən də onları sənə ucuz verərdim. Əvvəlki şəkilləri mən sənə çox baha qiymətə verdiyimə görə bu şəkli sənin bacına hədiyyə verirəm, - deyə oğlan qızdan pul götümək istəmədi.

Qız çadranın altından əlini çıxardıb şəklin pulunu verdi:

-Oğlan, sən incimə, mən səndən pulsuz heç nə ala bilmərəm. Sən bacıma, görə bilmədiyi dünyanı göstərirsən, bu mənim üçün ən qiymətli bir şeydir. O, hər dəfə şəkli görəndə elə bilirəm ki, sən bacımın gözlərinə nur verirsən.

Mətin nə illah elədi, qız pulu geri almadı. Mətin qıza dedi:

-Onda mən sənin bacına gözəl bir şəkil çəkib hədiyyə verəcəyəm.

Qız çox sevindi:

-Onda elə isə, qoy bacımın istəyini sənə çatdırım. Bədbəxt bacım yeri-göyü nurlandıran Günəşi görməyi arzu edir. Həmişə Tanrıya yalvarır ki, heç olmasa bircə dəfə Günəşi görə bilsin.

Mətin bu sözləri eşidəndə gözlərinin yaşını saxlaya bilmədi. Kor qıza çox yazığı gəldi. Bacısına söz verdi ki, Günəşin gözəlliyini görməkdən məhrum bacısına, mütləq bu gözəlliyi göstərəcək.

Mətin qızdan evlərinin yerini öyrəndi. Onlar ayrıldılar. Birdən oğlanın yadına babasına verdiyi söz düşdü. O Günəşin əksini heç vaxt çəkməyəcəyinə babasına söz vermişdi. İndi isə qıza Günəşi çəkməyi vəd elədiyinə peşmançılıq çəksə də, artıq gec idi. Öz-özünə deyinməyə başladı:

-Ey dadi-bidad, mən neylədim? Günəşin əksini heç vaxt çəkməyəcəyim üçün babama verdiyim sözü tamam unutdum.

Mətin qızın arxasınca onların evlərinə getdi. Darvazanı bazarda gördüyü qız açdı. Arxasınca da əllərini divarlara sürtə-sürtə, on-on bir yaşında olan bir qız gəldi. Mətin başa düşdü ki, bu kor qızdır. Onun gözləri görməsə də, çox gözəl idi.

Bacısı qapı ağzında rəssam oğlanı görcək çox sevindi:

- Pəri, şəkilləri çəkən bu rəssamdır.

Pəri yaxına gələrək:

-Sənin sehrli əllərinə qurban olum, rəssam. Çəkdiyin şəkillərdən savay mən qaranlıq dünyamdan başqa heç nə görmürəm. Bacım Fərəh deyir ki, sən mənə Günəş şəkli çəkəcəksən. Mən bircə dəfə Günəşi görsəm, özümü heç vaxt bədbəxt saymaram, -deyə az qala Mətinə yalvarmağa başladı.

Kor qızın kövrək səsi Mətini kədərləndirdi. Qızın sınıq ürəyini bir daha sındırmaq istəmədi. İstər-istəməz dilləndi:

-Mən sənin üçün bizim mahalda ən gözəl yer sayılan «Yeddi gözəl» şəlaləsinin şəklini çəkəcəyəm. Həmin şəkildə də mütləq yerə-göyə şəfəq saçan Günəşimizi əks etdirəcəyəm.

Mətin Pəriyə söz verdi ki, bazar gününədək şəkli ona çatdıracaq. Daha orada yubanmadan evinə döndü. Oğlan yol boyu fikirləşdi ki, əgər zavallı qızcığaz mənim şəkillərimdən başqa heç nə görmürsə, mən mütləq ona istədiyi Günəşin şəklini çəkəcəyəm. Qoy ondan sonra nə olur olsun. Təki kor qız arzusuna çatsın.

Bu fikirlərlə o evinə çatdı. Bir tikə yeməyini yeyib dincəlmədən fırçasını, bir parça kətanını və yemək boğçasını qoltuğuna vurub, düz yollandı «Yeddi gözəl» şəlaləsinə.

«Yeddi gözəl» şəlaləsi Mətinin xoşladığı ən gözəl yerlərdən biri idi. Burada dağın başından yerə tökülən Vəndam çayının yaratdığı şəlalə, elə gözəl idi ki, adam ona baxmaqdan doymurdu. Gur çay dağdan aşağı elə axıb tökülürdü ki, bir-birinin üstündə, biri-birindən gözəl yeddi şəlalə yaranırdı. Ona görə də şəlalənin adını «Yeddi gözəl» şəlaləsi qoymuşdular. Şəlalənin yaxınlığında məskən salmış nohurlular və vəndamlılar bu şəlaləyə müqəddəs pir kimi baxar, ürəklərində niyyət tutub şəlalədən su içərdilər. Deyilənə görə, ondan sonra həmin istək mütləq yerinə yetərdi. Dağın üstündə, su axmayan yerlərdə isə otlardan, çiçəklərdən başqa heç nə bitmirdi. Uzaqdan baxanda adama elə gəlirdi ki, şəlaləli dağın ətrafına lalə naxışlı yaşıl xalı döşənib.

Mətin aşağıdan yuxarı baxanda oradan boylanmış Günəşi gördü. Günəş şəlaləni daha da gözəlləşdirirdi. Mətin şəkil çəkməyə Günəşdən başladı. Elə gün tamam batana qədər təkcə onun şəklini çəkdi. Yorulduğundan başını bir az qoydu çəmənliyə ki, dincini alsın. Necə yorulmuşdusa da, şirin yuxuya getdi.

Bir də ayılanda gördü ki, göy üzü ulduzlarla doludur. Bildi ki, gecədir. Amma hər tərəf işıqlı olduğundan Mətin çaşıb qaldı. Bilmədi ki, səhərin açılmağına nə qədər qalıb. Gözü çəkdiyi şəklə sataşdı. Gördü çəkdiyi şəkil elə işıq verir ki, elə bil od tutub yanır. Bu sirrə məətəl qaldı. O şəkli tərsinə çevirib, üzüaşağı qoydu. Bu vaxt hər tərəfə zülmət qaranlıq çökdü. Mətin meşənin bu qaranlığından bir az vahimələndi və tez şəkli üzünə çevirdi. Yenə hər tərəf nura boyandı. Mətinin yuxusu qaçmışdı. Evlərinə getsəydi də yata bilməyəcəkdi. Ona görə də oturub şəklini çəkməkdə davam elədi. O səhərə qədər şəkil çəkdi. Yaman acmışdı. Gətirdiyi yemək də qurtarmışdı. Durdu getdi bir az qarağatdan, böyürtkəndən yeyib, aclığını öldürdü. Gəlib yenə də şəkil çəkməyə davam elədi.

Belə-belə, Mətin üç gün-üç gecə meşədə, şəlalənin qırağında yatdı. Axır ki, şəkli çəkib qurtardı. Bu üç gündə o yorulmadan şəlalənin gözəlliyini olduğu kimi ilə kətanın üzərinə köçürtdü. Sonra uzaqdan dayanıb şəklə tamaşa elədi. Mətin hələ ömründə belə gözəl şəkil görməmişdi. Sevindiyindən uçmaq istəyirdi.

Mətin bir az uzandı ki, dincini alıb, durub yola düzəlsin. Uzandığı yerdəcə yuxuya getdi. Təzəcə yuxuya getmişdi, yuxuda babasını gördü. Babası Mətini qucaqlayıb zülüm-zülüm ağlayırdı:

-Mən sənə deməmişdimmi ki, Günəş müqəddəsdir, onun şəklini çəkməyəsən? İndi mən sənə heç bir kömək edə bilməyəcəyəm.

Mətin babasını sakitləşdirmək istədi:

-Baba, mən Günəşi Pəriyə göstərmək istədim. Ona söz vermişdim axı. Zavallının gözləri kordur, çəkdiyim şəkillərimdən savay qızın gözləri heç nə görmür.

Baba isə elə bil oğlanın sözlərini eşitmək istəmir, hönkür-hönkür ağlayırdı. Birdən haradansa bir qara geyimli adam peyda oldu, babanı itələyib yıxdı. Onun əlində fırça var idi. Qara geyimli həmin adam fırçanı qara rəngə batırıb Mətinin gözlərinə sürtdü. Oğlan yuxuda elə qışqırdı ki, özü öz səsinə ayıldı. Əllərini gözlərinə sürtdü, gözləri hələ də yaş idi. Mətin yuxuda gördüklərinə məəttəl qalmışdı. Oyandığını hiss edirdi, amma hər yanı qaranlıq gördüyündən elə bilirdi ki, hələ də yatıb. Gözlərini bərkdən açdı. Hər tərəf qap-qaranlıq idi. Əllərini otlara sürtdü. Birdən başa düşdü ki, gözləri tutulub. Diz çöküb əllərini göylərə tutdu və hönkür-hönkür ağlayaraq Allaha yalvarmağa başladı. Axşama qədər ağlayıb-sızladı, sonra da yorulub oturdu.

Mətin halsız-halsız yaşıllıqda üzüqoylu uzanıb qalmışdı. Bir də eşitdi ki, qoyunların mələşmə səsi gəlir.

Çoban uzaqdan yerə uzanmış cavanı görüb yaxın gəldi və onun yanındakı şəklə doyunca tamaşa edəndən sonra Mətinə «afərin» dedi.

Mətin isə cavab vermək əvəzinə ondan soruşdu:

-Çoban qardaş, bilmirsən indi axşamdır, yoxsa səhər?

Çoban başa düşdü ki, cavan oğlan kordur:

-İndi yavaş-yavaş axşam düşür. Bəs sən burada neyləyirsən? Yanındakı bu gözəl şəkil nədir?

Bədbəxt rəssam başına gələnləri çobana danışdı. Çoban cavanın halına acıdı.

Mətin çobandan xahiş elədi ki, onun çəkdiyi şəkli dəyirmanın yanında yaşayan kor qıza, - Pəriyə çatdırsın. Çobana and verdi ki, onun gözlərinin tutulması haqqında heç kəsə bir söz deməsin.

Çoban şəkli götürüb Mətinin dediyi evə gəldi. Darvazanı döydü. Bacısı Fərəh evdə olmadığından darvazaya Pəri özü gəldi:

-Kimsən? - soruşdu.

-Mənəm, çobanam, rəssam Mətin sənə şəkil göndərib, onu gətirmişəm, - deyə çoban dilləndi.

Rəssam adı eşidən kimi balaca, kor qız sevincək qapını açdı. Əllərini qabağa uzatdı. Çoban başa düşdü ki, qız əli ilə şəkli axtarır. Şəkli qıza uzatdı.

Pərinin kor gözləri şəklə sataşdı. O şəkli olduğu kimi gördü. Pəri həmişə bacısına yalvarırdı ki, ona dünyanın gözəlliyindən danışsın. Bacısı da ona hər şeyin rəngini öyrədər, gözəlliyini təsvir edərdi. Amma Fərəh dünyanı, onun təbiətini çox da tərifləmirdi, elə başa düşürdü ki, əgər dünyanın gözəlliyini bacısına olduğu kimi təsvir etsə , kiçik bacısı kor oldğuna görə daha da dərd çəkər.

Ona görə də indi Pəri Mətinin çəkdiyi sehrli şəkildə təbiəti belə gözəl görəndə özünü itirdi. Şəkildəki Günəşin şüaları qızın gözlərini qamaşdırdı, balaca qızcığazın gözlərinə nur verdi. Pərinin gözləri açıldı və o şəkildən başqa da hər şeyi gördü. Qız sevindiyindən səsi gəldikcə «mən görürəm» deyə qışqıraraq, huşunu itirdi.

Səsə qonşular yığıldılar. Bu vaxt Fərəh də gəlib çıxdı. Bir təhər qızı ayıltdılar. Fərəh bacısının gözlərinin açılmasına az qalırdı sevindiyindən uçsun. Onlar qucaqlaşıb həyəcandan hönkür çəkib ağladılar.

Çoban isə hay-küyü görüb sakitcə gözdən itdi ki, ondan heç kəs, heç nə soruşmasın. Amma onu da başa düşdü ki, rəssam sehrli şəkil çəkib qızın gözlərini açıb, amma bundan sonra özü kor olub.

Bir neçə gün qonum-qonşu gəlib yetim qızlara gözaydınlığı verdilər. Ara sakitləşən kimi Pəri bacısına dedi:

-Bacı, bəs rəssam oğlan niyə görünmür, bəlkə naxoşlayıb eləyib?

-Düz deyirsən Pəri, elə mən də bu neçə gündə onu fikirləşirdim. Evlərini tanısaydım, gedib baş çəkərdim,- deyə Fərəh də öz nigarançılığını bildirdi. Səhər bazar günüdür, yəqin ki, bazarda olar, gedib baxaram.

Səhərisi günü Fərəh bazara yollandı. Axşama qədər Mətini bazarda gözlədi, oğlan gəlib çıxmadı ki, çıxmadı. Soraqlaşa-soraqlaşa onun evini axtarıb tapdı. Evdə heç kəs yox idi. Qonşularından soruşdu. Qonşular da heç nə deyə bilmədilər. Fərəh yollandı şəkli gətirən çobanı axtarmağa. Çobanı dağdaca tapıb, Mətinin yerini ondan soruşdu:

-Çoban, şəkli bizə göndərən oğlanı soraqlayırıq, bəlkə haraya getdiyindən xəbərin ola?

Çoban yalan danışa bilmirdi deyə, əvvəlcə özünü itirdi, sonra isə birtəhər cavab verdi:

-Oğlan məndən xahiş elədi ki, şəkli sizə çatdırım, mən də çatdırdım.

-Bəs sən ona demədin ki, niyə özün aparmırsan?

-O dedi, mən də elədim, indi məndən nə istəyirsiniz? – deyə çoban hirslənib özündən çıxdı. Çoban yalan danışdığına görə özünü itirmişdi.

Fərəh çobanın nahaq yerə hirslənməyindən bir az şübhələndi. Amma daha ona bir söz deməyib, evlərinə gəldi. Olanları bacısına danışdı. Pəri çox həssas idi, bildi ki, Mətinin başına nə gəlibsə, onun şəklinin ucundan gəlib. Fərəh bacısının fikrə daldığını görüb dedi:

-Bacı, mən bilirəm ki, çoban bizdən nə isə gizlədir. Mən bir ot tanıyıram, adına «yaddaş otu» deyirlər. Onu dəmləyib yaddaşı pozulmuş adama verirlər ki, hafizəsi təzələnsin və sağalsın. Həmin otun dəmlənmişin içən kimi həmin adamdan nə soruşursansa adama düzünü cavab verir. Gəlsənə çobana həmin dəmdən içirdib, həqiqəti öyrənək.

Bacılar razılaşdılar. «Yaddaş otunu» dəmlədilər. İçinə bir az da şəkər qatdılar. Bir sərnicə töküb apardılar çobana. Çobanı yamacda tapdılar. Pəri çobana yaxınlaşıb dedi:

-Çoban qardaş, gözüm açıldığına görə şərbət paylayıram. Al, sən də iç!

Qızların əməlindən xəbəri olmayan çoban, şərbətdən düz üç stəkan içdi. Elə o an da rəngi oldu sap-sarı. Qızlar heç bir şey soruşmamış özü başladı ağlaya-ağlaya danışmağa:

-Siz burda şərbət paylayırsınız, amma sizin ucbatınızdan kor olmuş Mətin evindən-eşiyindən didərgin düşüb, gedib qərib diyarlara. Ölüb, ya sağdır, heç kəsin bundan xəbəri yoxdur.

Bunları deyəndən sonra çoban əvvəldən axıracan Mətinin ona danışdıqlarını qızlara danışdı. Çobanın dediklərini eşidəndən sonra qızların gözündən yaş leysan kimi tökdü. Fərəh bir də baxdı ki, çobanın rəngi özünə gəlib. Başa düşdü ki, yaddaş otu artıq təsirini itirib. Çobanı yoxlamaq üçün ondan soruşdu:

-Mətin görəsən niyə yoxa çıxıb, çoban, bilmirsən?

Çoban əvvəlki kimi yenə səsini qaldırdı:

-Ay bacım, mən sizə bir dəfə dedim ki, Mətin şəkli mənə verib, xahiş elədi ki, onu sizə çatdırım, özü isə deyəsən ova getdi. Daha bundan başqa mən heç bir şey bilmirəm. Məndən əl çəkin!

Qızlar arxayın oldular ki, çobanın yaddaşı düzəlib, yola düzəlib döndülər evlərinə.

Fərəh yol boyu nə illah elədisə də, Pərini sakitləşdirə bilmədi ki, bilmədi. Pəri bacısına dedi:

-Bacı, Mətin mənim gözlərimin açılmasının qurbanı olub. Biz onu xilas eləməliyik. Gəl səfərə çıxıb, Mətini axtaraq.

Fərəh çox qorxaq olduğundan Pəri ilə razılaşmadı:

-Sən nə danışdığını bilirsən, biz iki nəfər qız uşağı səfərə çıxa bilərik? Sənin gözlərin təzəliklə açılıb, gedib yollarda əziyyət çəkərsən, gözlərin təzədən tutular.

Pəri nə qədər yalvardısa, Fərəh səfərə çıxmağa razı olmadı ki, olmadı. Pəri kor-peşman yuxuya getdi. Təzəcə yuxuya getmişdi ki, yuxusunda bir qoca, nurani kişi gördü. Qoca Pəriyə dedi:

-Bil və agah ol ki, Mətinin gözlərinin kor olmağına səbəbkar sən olmusan. O, Günəşin şəklini çəkərək, bizim fırçamızın müqəddəsliyini itirib və buna görə də onun öz gözlərinin nuru gedib. O, sənə kömək etdiyi kimi sən də ona kömək etməlisən. Yoxsa oğlan həmişəlik kor qalacaq. Bunun üçün gərək Vəndam meşəsi ilə yol gedib Mətin getdiyi yerlərdən keçəsən. Onun sarı çiçəkli gül kolunun dibində gizlətdiyi sehrli fırçasını tapasan. Sonra isə həmin fırça ilə Mətin kimi şəkil çəkməyi öyrənəsən. Əgər Günəşin şəklini çəkib, Mətinin gözlərinin qarşısında tutsan, onun gözlərinə nur gələcək. Çəkdiyin şəkil hazır olandan sonra, ona gecə qaranlığında bax. Əgər şəkildəki Günəş qaranlıqda işıq saçsa, deməli, sən şəkli Mətin kimi ustalıqla çəkmisən, yox əgər, şəkil qaranlıqda görünməsə, deməli şəkli təzədən çəkməlisən. Şəkil başa gələndən sonra yola düşüb Mətini axtarıb tapa bilərsən.

Pəri yuxudan oyandı. O, bacısını oyadıb yuxuda gördüklərini ona danışdı. Fərəh onun danışığına çox da məhəl qoymadı və dedi:

-Sən bu haqda o qədər fikirləşirsən ki, yuxuda da boş-boş şeylər görürsən. Yıxıl yat, hələ tezdir, durma.

Bunu deyib, Fərəh təzədən yuxuya getdi. Pəri bacısının Mətinə qarşı biganəliyinə hirsləndi. Özlüyündə cürbəcür fikirlərə düşdü. Fikirləşdi ki, bəlkə doğrudan da mən yuxumu qarışdırmışam. Yox, əgər belə deyilsə, yuxum düzdürsə? Mən öz yuxumun düz olub-olmamasını yoxlamaq üçün Vəndam meşəsinə gedib, sarı çiçəkli gül kollarının diblərini axtarmalıyam. Əgər fırçanı tapsam, deməli yuxum düzdür. Onda mən Mətini xilas etmək üçün ən əvvəl şəkil çəkməyi öyrənməliyəm, sonra isə Mətini axtarıb tapıb, çəkdiyim şəkillə gözlərinə nur verməliyəm.

Pəri səhər açılmamış durub geyindi. Mətinin son dəfə ona çəkib göndərdiyi şəklə baxdı. Gözəyarı bildi ki, Mətin şəkli çəkəndə harada oturubmuş. Durub bacısından gizlin şəlalənin yanına gəldi. Ən əvvəl şəlalənin suyundan içib, ürəyində niyyət tutdu və üzünü şəlaləyə tutub dedi:

-Ey Yeddi gözəllər, siz Mətinə - gözləri kor olmuş xeyirxah oğlana kömək olun, onun gözlərinə nur verməsi üçün Günəşdən imdad diləyin, yalvarıram sizə!

Sonra Pəri Mətinin oturub şəkil çəkdiyi yeri tapdı. Orada otlar tapdanmışdı. Tapdanmış otlardan bir iz də var idi ki, həmin iz Vəndam meşəsinin qalınlığına gedirdi. Pəri qorxmadan həmin izlə getməyə başladı. Həmçinin qız gedə-gedə sarı çiçəkli gül kollarının diblərinə baxır, orada Mətinin gizlətdiyi fırçanı axtarırdı. Pəri günortaya qədər kolların dibindən fırça axtardı və nəhayət ki, axtardığını tapdı. Sevincək fırçanı götürüb qaça-qaça evlərinə gəldi.

Pəri bacısı ilə bazara getdi. Şəkil çəkmək üçün lazım olan şeyləri aldı. Başladı şəkil çəkməyə. Elə bir şəkil çəkdi ki, özü ona baxanda zülüm-zülüm ağlamağa başladı.

Fərəh bacısını ovundurdu:

-Sən bu gün birinci dəfə əlinə fırça almısan, özün də istəyirsən ki, yaxşı şəkil çəkəsən. Hər şey zəhmətlə əldə edilir. Əziyyət çəksən, sən də gözəl şəkil çəkməyi öyrənərsən.

Bundan sonra Pəri gündüz–gecə yorulmadan şəkil çəkməyə başladı. Fırça onun əlindən yerə düşmürdü. Qız o qədər şəkil çəkirdi ki, barmaqları qabar olurdu. Fərəh ona rəng almağa çatdırmırdı. Pəri görəndə ki, rəng qurtarıb, sobadan kömür götürər, gedib qayanın üstünə cürbəcür şəkillər çəkərdi.

Bu minvalla beş ay keçdi. Pərinin yorulmadan çəkdiyi əziyyət bəhrəsini verdi. Çəkdiyi şəkillər hamının xoşuna gəlməyə başladı. Bundan ürəklənən Pəri şəlalənin başına gəldi. Başladı onun şəklini çəkməyə. Çəkib qurtarandan sonra baxdı ki, həqiqətən gözəl şəkil alınıb. Şəkildəki Günəş adamın gözün qamaşdırırdı. Pəri Günəş batana qədər gözlədi ki, şəklə bir az alaqaranlıqda baxsın. Xeyli gözlədi, hava qaralmadı ki, qaralmadı. Bir də baxdı ki, bacısı qabaqda, arxasınca da qonşuları hay-küylə gəlirlər. Sən demə hava çoxdan qaralıb, qaranlıq da düşüb, amma şəkil elə işıq saçır ki, Pəri elə bilir günün günorta çağıdır.

Pəri bacısını nigaran qoyduğuna görə ondan üzr istədi. Amma Fərəh şəkli görüb hirsini yaddan çıxartmışdı. Çəkilən şəkil elə canlı, elə gözəl idi ki, Fərəh sevindiyindən ağladı. Onlar sevincək evə qayıtdılar. Pəri bilirdi ki, Fərəh onu heç vaxt tək yola çıxmağa qoymayacaq. Buna görə də bacısını yuxuya verərək, şəkli də götürüb, səhərə yaxın yola düzəldi.

Pəri az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib qərib bir ölkəyə çatdı. Qarşısına sərin su satan bir oğlan uşağı çıxdı. Qız ondan bazarın yerini soruşdu. Uşaq qıza yol göstərdi:

-Bax, düz gedərsən, yol qurtaranda dönərsən gün batana tərəf, həmin yolla getsən, çatacaqsan bazara.

Pəri bacısının qara çadrasını geymişdi. Səsini də qalınlaşdırmışdı ki, bilməsinlər balaca qızdır. Qoltuğunda isə özündən böyük şəkil aparırdı. Uzaqdan o balacaboy arvada oxşayırdı.

Çoxbilmiş qız bazarı tapdı. Bazar əhlindən Mətini xəbər aldı. Onu gördüm deyən olmadı. Yalnız bir rəssamdan başqa. Rəssam qərib, kor oğlanı soraqlayana dedi:

-Sənin dediyin kor oğlan, bazarı gəzib soraqlaşa-soraqlaşa mənim yanıma gəlmişdi. O, xeyli əllərini mənim şəkillərimə sürtdü. Elə bil həmin şəkillərdən imdad diləyirdi. Sonra isə «mən heç nə görə bilmirəm», deyə ağlaya-ağlaya çıxıb getdi. Ona son dəfə Bazardüzündəki buzlu qayaya gedən yolda rast gəliblər.

Rəssam buzlu qayanın yolunu Pəriyə başa salandan sonra, qız dayanmadan ora getdi. Buzlu qayaya gedən yol sıx və qorxulu meşədən keçirdi. Axşama qədər sıx meşə ilə yol gedən Pəri qaranlıqda meşədə gecələməli oldu. Balaca qızcığaz heyvanların qorxusundan ən hündür bir ağac tapdı. Dırmaşdı düz onun başına. Qorxudan gözlərini bərk-bərk yumdu. Amma bunun da xeyri olmadı.

Birdən qızın ağlına bir fikir gəldi. Durdu ağacdan düşdü. Şəklin üstünə bağladığı kələğayını götürdü. Hər tərəf nura qərq oldu. Bayaqdan bəri təkcə cırcıramanın səsi gəlirdi. İndi meşədəki bütün quşlar oyanıb səslərini cırcıramanın səsinə qoşdular. Pərinin qorxusu canından çıxdı. Amma, «ehtiyat igidin yaraşığıdır», deyib, çıxıb ağacın başında şirin yuxuya getdi. Bir də Günəş çıxmağa az qalmış yuxudan oyandı və yoluna düzəldi.

Az getdi, çox getdi, dərələr keçdi, dağlar aşdı, axır ki, gəlib Bazardüzü deyilən yerə çatıb, buzlu qayaya yetişdi. Buzlu qaya böyük bir gölün kənarında idi. Uzaqdan baxanda adi sıldırım qayaya oxşayırdı. Yaxınlaşanda isə qayanın soyuğu adamı dondururdu. Qayanın üstündə mağara var idi. Həmin mağaranın girəcəyindən su damlaları tökülən buz salxımları sallanırdı. Pəri nazik geyindiyindən tir-tir əsirdi. Qız mağaradan içəri boylandı. Gördü mağaranın içi tamam buz bağlayıb. Elə bil hər tərəf şüşədən idi. Amma içəri soyuq da olsa, çox gözəl idi.

Pəri inanmadı ki, Mətin burada ola. Əgər Mətin burada olmuş olsaydı da, indiyə qədər mütləq donmalıydı. İstədi qayıtsın. Bir də fikirləşdi ki, bu qədər yol gəlib, heç olmasa girib mağaraya baxsın, Mətinin ölüsündən, dirisindən xəbər bilsin. Bu fikirlə Pəri titrəyə-titrəyə mağaraya girdi.

Bura möhtəşəm bir şah sarayına bənzəyirdi. Hər tərəf ağappaq, cürbəcür heykəllərə bənzəyən buzlarla örtülmüşdü. Qayanın içərisi çox soyuq olsa da, elə gözəl idi ki, Pəri bir an hər şeyi unutdu. Birdən əlini başına apardı ki, çadrasını düzəltsin, gördü ki, saçları donub daş kimi olub. Başa düşdü ki, buradan tez çıxmasa özü də donacaq.

Axırıncı dəfə diqqətlə hər tərəfə boylandı. Gözünə oturmuş yerdə buzdan bir adam göründü. Həmin adamın əlində çəlik olduğuna görə, qız yəqin elədi ki, bu Mətindir. Heç olmasa özü donmasın deyə, tez-tez, var qüvvəsi ilə onun buzunu sındırmaq istədi ki, oğlanın ya ölüsünü, ya da dirisini buzlaqdan çıxarsın. Amma buz çox bərk olduğundan Pəri buzu sındıra bilmirdi. Qız hikkəsindən ağlamağa başladı. Özlüyündə qərara gəldi ki, Mətini burdan çıxara bilməsə, özü də burada qalıb ölsün. Bu fikirlə Pəri özü donmağa başlayana qədər oğlanın buzunu sındırmağa çalışdı. Bir də baxdı ki, artıq ayaqları buz bağlayıb. Pəri bunu görəndə hönkür çəkib ağladı.

-Mətin, sən mənim gözlərimə nur verdin, mən isə sənə heç bir kömək edə bilmədim. Bağışla məni. İndi mən də sənin yanında qalacağam, mənim bundan başqa daha heç nəyə gücüm çatmır. Al, sənə çəkdiyim şəkli də sənin yanına qoyuram, - bunu deyib, qız şəklin üstündən kələğayını götürdü.

Şəkildəki Günəşin isti şəfəqləri buz mağaraya yayıldı. Buzlu qayanın içərisi elə isindi ki, hər yandan buzlar əriməyə başladı. Mətinin də buzu yavaş-yavaş əriyirdi. Onun buzu əriyib qurtaran kimi, oğlan tərpəndi. Pəri gördü ki, oğlan şəkildəki günəş şüalarının işığına tab gətirə bilməyib, əlləri ilə gözlərini tutur. Qız Mətinin gözlərinin açıldığını başa düşdü. Mətin qızı tanıdı. O, nə isə demək istəyirdi ki, sözü ağzında qaldı. Bu vaxt böyük bir dəhşət baş verdi. Onlar sevinmək istədilər, sevincləri üzlərində dondu.

Hər tərəfdən iri buz parçaları yerə tökülüb parçalanırdı. Mağaranın ağzı buzdan tamam tutulmuşdu. Şəkil, əriyib tökülmüş buz qırıntılarının altında qalmışdı. Mətin tez qızın əlindən tutub, onu buz qırıntılarının arasında gizlətdi ki, başına böyük buz parçaları düşməsin. . Özü də böyük bir buz parçasının yanında gizləndi. Onlar hər ikisi qopub gələn buzlardan özlərini qoruya-qoruya bir-birlərinin əlindən möhkəm tutmuşdular.

Buzlaqlar qopub töküləndən sonra əriyib suya çevrildilər və qəfildən gölə töküldülər. Göl bir an təlatümləndi və aradan çox keçmədi ki, sakitləşdi.

Mətin birtəhər üzüb gölün kənarına çıxdı. Çətinə düşsə də o, Pərinin əlini buraxmamış, onun balaca ovcunu sıxıb əlində saxlamışdı. Mətin qızı sudan çıxartdı, amma Pərinin huşu özündə deyildi. Qız hannan-hana özünə gələndə özünü lap nağıllardakı kimi hiss elədi və sevindiyindən Mətinin boynunu bərk-bərk qucaqlayaraq ağladı. Mətin də onu qucağından yerə qoymayıb, qolları üstündə elinə-obasına gətirdi. Oğlan balaca bir qızın bu qədər etibarlı olmasına heyran olmuşdu.

Fərəh bacısı ilə Mətinin salamat qayıtmasına çox sevindi. Pəri, niyyəti hasil olduğuna görə gedib «Yeddi gözəl» şəlaləsini ziyarət elədi.

Mətin sevincindən qızlara və kənd camaatına böyük qonaqlıq verdi. Mən də qonaqlıqda idim. Doyunca yeyib-içəndən sonra Mətinlə Pəridən xahiş elədim ki, bir Gülzar nənələrinin də şəklini çəksinlər. Onlar da eləmə tənbəllik şəklimi çəkdilər.

Sən demə, onların heç biri yaxşı şəkil çəkə bilmirmiş. Şəkli alıb nə görsəm yaxşıdır? Üzü yüz yerdən qırışmış, beli bükülmüş bir qarı. Mənim cəmi-cümlətanı yüz qırx yaşım var. Mənim sifətimdə o qədər qırış nə gəzir? Düzünü desəm, heç belim də bükülməyib. Özüm duranda belimi əyirəm ki, uca boyuma bədnəzər dəyməsin.

Nə başınızı ağrıdım, indiyə qədər onlardan küsülüyəm. Bəlkə novruz bayramında, - bütün küsülülər barışanda barışdım.