Roman

Gülzar Qara Namazov haqqında

Xeyirxahlıq üçün yaranmışlar

 

Təbiət elə tənzimlənib ki, müqəddəs sayılan canlı varlıqların çoxu özləri üçün yox, başqaları üçün yaşayırlar. Bal arıları çox böyük əziyyətlə, səliqə ilə min çiçəkdən şirə toplayır, bəlkə də özləri bilmir nəyə görə, nəticədə insanlara bal kimi qiymətsiz bir nemət bəxş edirlər.

İnsanlar arasında da yalnız xeyirxahlıq üçün yaranmışlar var. Həmin insanlar sanki başqalarının həyatını gözəlləşdirmək, rahatlaşdırmaq üçün yaranıblar. Digərlərini sevindirəndə onlar özləri də sevinir, digərləri üçün yaşayarkən özlərinin də yaşadıqlarını hiss edirlər, məhz belə həyatdan zövq alırlar.

Yaxından tanıdığımız, ziyalı kimi hörmət bəsləyib sevdiyimiz, əsil müəllim adına sadiq çıxmış sevimli müəllimimiz Qara Namazov da belə müqəddəs insanlardandır.

Hamıya bəllidir, gözəllər, cavanlıq eşqi ilə alışıb yananlar görülən kimi sevilə bilirlər. Amma 70-dən çox yaşı olan Qara müəllim necə maraqlı, necə istiqanlı, ürəyə yatımlı bir insandırsa, onu görən, bil kəlməsinə qulaq asan, onun sehirli kəlmələrinin ovsununa düşür və ani bir vaxtda bu insanı sevirsən. Tanıyanlar bu şəxsə laqeyd qala bilmirlər, ondan bir müddət ayrı qalan kimi onun üçün darıxır, müdrik kəlamlarını tez-tez eşitmək üçün ziyalı işığına səmt can atırlar.

Qara Namazovun ən gözəl xüsusiyyətlərindən biri odur ki, o insanlarda yalnız yaxşı cəhətləri görür və insanı gördüyü xeyirxah işlərlə birlikdə yüksəklərə qaldırmağı bacarır və bunu məmuniyyətlə edir. Özü də insanların müvəffəqiyyətinə o qədər sevinir ki, sanki həmin adamla birlikdə özü də qanad açır, uçur.

Bu böyük müəllimlə nə qədər ünsiyyətdə olsan da onun özünü tərifləyən, özünü ucaltmağa, "gözə soxmağa" çalışan bir kəlməsini eşitməzsən. Gördüyü işlərdən, elədiyi xeyirxahlıqlarından danışmaması da, tərif sevməməsi də Qara müəllimi başqalarından fərqləndirir və sevdirir.

Böyük müəllim gənclərə məsləhət verməkdən, onlara düzgün yol göstərməkdən, öyrətməkdən yorulmur. Nə təhsildəki çətinliklər, nə həyatdakı problemlər, nə tutduğu vəzifələr bu insanı dəyişdirə bilməmiş, o elə həmişə olduğu kimi xeyirxah, səbirli, təmkinli, üzü nurlu, tələbənin dostu və müəllimin sirdaşı olmuşdur. Hər kəs, cavan da, qoca da, hər vaxt Qara müəllimin yanına gələ bilər, kədərini, sevincini onunla bölüşə bilər, heç ibr maneə ilə rastlaşmadan.

Bu vaxta qədər 25 nəfərdən çox disertant Qara müəllimin rəhbərliyi altında dissertasiya müdafiə edərək alimlik dərəcəsinə layiq görülüb. Tələbələri ilə fəxrlə danışan müəllim onları balaları kimi sevir, qayğılarına qalır. Ya xırda problem olsun, ya böyük, ya onun işinə aid olsun, ya olmasın, o heç kəsi - ona pənah gətirmiş heç kəsi naümid qaytarmaz, cavanlara düzgün yol göstərər, onların problemini öz şəxsi problemi kimi həll eləməyə çalışar.

Hər kəsi məngənə kimi sıxan problemlər əhatəsində əlbəttə ki, belə insani keyfiyyətlərlə qalmaq asan deyil.

Uşaqları sevən, uşaq ədəbiyyatına xüsusi incəliklə yanaşan Qara müəllim həm təhsil sistemində həm də şəxsi yaradıcılığında uşaq ədəbiyyatına çox böyükəhəmiyyət verir. O deyir: " Azərbaycanın gələcəyini Uşaq ədəbiyyatının inkişafında görmək lazımdır. Əgər bu gün uşaq ədəbiyyatına laqeyid yanaşılırsa, gələcəkdə övladlarımızın da vətənə, ata-anaya o qədər laqeyid yanaşma qorxusu var".

Qara Namazovun uşaq ədəbiyyatı istiqamətli yaradıcılığında tez-tez vətən, xalq sözlərinə rast gəlmirik. Amma onun vətənpərvər mövzulu yazıları elə qüvvətlidir ki, həmin əsərlər uşaq psixologiyasını ani dəyişdirməyə, onu sağlam əqidəli bir insana çevirməyə qadirdi.

Klassiklər ədəbi aləmdə sözlərini deyiblər, ədəbi tarix onlara layiq olduqları qiymət verərək özündə yaşadır. Müasir dövrdə isə gənc yazıçıların və şairlərin diqqət və qayğıya, onlara düzgün yol göstərilməsinə ehtiyacları var. Qara Namazov uşaqları daha çox sevən və xüsusən uşaqlar üçün yazan yazıçıların, şairlərin əsərlərini bir-bir, sətir-sətir, səbr və təmkinlə, yorulmadan oxuyur, onlara düzgün qiymət verir, həmin əsərələrin uşaqlara çatdırılması üçün dəyərli məsləhətlər verir, işlər görür.

1983-cü ildə Qara Namazov ilk dəfə Universitet tələbələrinin tədrisi məqsədilə "Uşaq ədəbiyyatı" dərsliyi çap etdirib. 20 il uşaq ədəbiyyatı tədris edən professor elə o vatdan müasir dövrümüzə qədər uşaq ədəbiyyatı dərsliyinin mütəmadi çap edilməsinə nəzarət və rəhbərlik edib. Onun belə bir böyük işi uşaqlar üçün yazılmış ədəbiyyatın əbədi yaşamasına və inkişafına yönəlmiş böyük bir addım olub.

Böyük müəllimin uşaqlar üçün yazdığı "Yanıltmaclar", "Tap-tapmaca", "Sanamalar", "Oğluma nəsihət" , "Balalara töhvə", "Loğman" sadə, şirin, yadda qalan uşaq dilində yazılıb və uşaqlar tərəfindən sevilə-sevilə oxunur.

Qara müəllim Azərbaycanlı balaların əsil türk oğlu kimi igid, mətin böyümələrinin arzusundadır. O, vətənini sevən alim onun daima inkişafına çalışaraq, vətənpərvər mövzuda yazılar yazır, kitablar çapdan çıxarır. ("Şah qızı dastanı", Şamaxı haqqında poema", "Naməlum bir roman", "Qazanxan haqqında qaraqoyunluəfsanəsi", "Türkiyə özünə dönərsə qurtulur") Yazılarında oxucusunu yormadan, gəncləri mübarizəyə, müstəqilliyimizi qoruyub saxlamağa, vətəni işğalçılardan qorumağa çağırır.

Qara müəllim həmişə axtarışdadır. İlkin sivilizasiyanın banisi türk xalqının qədimiliyini sübuta yetirib dünya ictimaiyyətinə çatdırmaq niyyəti ilə Qara Namazov son illərin araşdırmaları nəticəsində "Mu qitəsinin" sirrləri haqqında yazdığı "----" kitabı, bu haqda silsilə məqalələri geniş dünyagörüşə malik professorun daima axtarışda olmasından xəbər verir. Özünün qeyd etdiyi kimi "Məni yaşadan yaradıcılığımdır!".

Qara Namazov yaradıcılığına uğur arzulayaq ki, müəllim adına sadiq çıxmış Qara müəllimin mənalı, şərəfli ömrü uzansın. Hər birimizin, evimizin, elimizin xeyrinə!

Gülzar İbrahimova 

2010 il iyul ayı