Gülzar İbrahimova
(roman)
«Günahların bəzisini nə
namaz, nə oruc, nə də böyük
Tanrı pak etmir. Onları yalnız
və yalnız ağır cəzalar yuyur».
Məhəmməd Peyğəmbər
İnsan cildində mələk
Bakı küləyi neçə gündü ara vermədən əsirdi. Toz-tozanaq hər yanı bürümüşdü. Şənbə günü belə havada camaatın çoxu şəhərə çıxmağı xoşlamazdı deyə, küçələr demək olar ki, bomboş idi.
Təyyar hər şənbə işə gələndə əvvəlcə bir saat bulvarda gəzər, sonra ofisə gedərdi. Bu gün isə yağış başladığından tez özünü işə çatdırdı. Yağış damlaları pəncərənin şüşəsinə dəyir, bir-biri ilə yarışırmış kimi aşağı sürüşürdülər. Bu mənzərəyə saatlarla baxıb, ötüb-keçən illəri xatırlamaq olardı. Bu zaman dəniz tərəfdən gələn gəmi fiti Təyyarı reallığa qaytardı.
Təyyarın elə də böyük olmayan biznesi vardı. Xudmani ofisi dənizkənarı parkın yaxınlığında, mənzərəli bir yerdə idi. Pəncərədən baxanda liman, gəmilər aydın görünürdü.
İstehsalat işini yeni qurduğundan ofisə tez-tez həm zənglər, həm də qonaqlar gəlirdi. Bütün günü ofisdə olduğundan, bəzən vacib işlərinin belə, ardınca gedə bilmirdi.
Ona görə Təyyar qərara gəldi ki, ofisə katibə götürsün. Azərbaycan Nəşriyyatında işləyən, uşaqlıq dostu Rəvana zəng vurdu. Hal-əhval tutandan sonra ona dedi:
- Rəvan, istehsalat yaman çətin imiş, çox yoruluram, işim yaman çoxalıb, başımı itirmişəm.
- Mən biləni, neçə işçin var axı...
- Onların öz işləri var. Xammal alırlar, satış yerləri ilə müqavilələr bağlayırlar, ora-bura iş dalınca göndərirəm, ofisin işləri tökülür öz üstümə. İşlərim artıb, bütün günü ya məktub yazıram, ya qonaq qəbul edirəm, ya da telefona cavab verirəm, bir də baxıram, iş günü qurtarıb.
- Neyləyək? İstəyirsən, vaxt tapanda gəlim kömək eləyim sənə!
- Yoox, canım, qıymaram sənə. O qədər işin olur. Yaxşısı budur, mənə bir işçi tap. Heç olmasa, telefon zənginə cavab versin, məktub yazsın. Boğazım quruyanda su versin.
- Bildim, katibə istəyirsən!
- Adını köməkçi qoy, katibə qoy, nə qoyursan qoy, bircə işçi tap!
- Taparam, yaşı neçə olsun?
- Mənə savadlı, işgüzar köməkçi lazımdır ki, həm kargüzarlığı bacarsın, həm də kadr işlərini görsün. Cavan qız olsa, məncə yaxşı olar!
- Yaşlı olmaz? − deyə, Rəvan dostuna sataşdı.
- Niyə olmur, mənim üçün fərqi yoxdur. Əsas işləyən olsun.
Onlar danışırdı, ikinci telefon zəng çaldı. Təyyar “görürsən, günüm belədir”, deyib, deyinə-deyinə dəstəyi qaldırdı.
- İşində ol, gözləyərəm, − Rəvan dedi. Təyyar o biri telefonla kobud danışanda, ona kimin zəng etdiyini başa düşdü.
- Yadımdadı, Sevda! Tez-tez zəng vurma, bilirsən işim çoxdu. Axşam hazır ol, səni götürərəm, gedərik! Rəvan telefonda gözləyir, danışa bilmirəm! “Salam”ını çatdıraram!
Təyyar dəstəyi yerinə qoyub, Rəvanla söhbətini davam elədi:
- Eşidirsən?
Rəvan hər dəfə olduğu kimi onu danladı:
- Eşitməyinə eşidirəm. Amma sən Sevda ilə kobud danışmağı tərgitmədin… Yüz dəfə demişəm ki, belə eləmə!
- Belə danışmasam, gündə neçə dəfə zəng edib vaxtımı alar.
- Sevda qabiliyyətli qadındır. Onunla elə danışanda, pis oluram.
- Söz arasına söz qatma, yaxşısı budur, mənə işçi tap.
- Yaxşı, redaksiyaya iş üçün gələn olur, taparam.
Aradan neçə gün keçdi. Rəvan Təyyara zəng edib dedi:
- Radaksiyaya iş üçün bir qız gəlib, göndərim yanına?
Təyyar sevincək dedi:
- Əlbəttə göndər, indicə göndər!
- Yaxşı, göndərirəm gəlsin! Bir dəqiqə gözlə!
Rəvan telefon qulağında yanındakı qıza dedi:
- Qızım, danışdım, get kağızda yazdığım ünvana, Təyyar müəllim səni gözləyir.
Sonra Rəvan danışığını davam elədi:
- Qız çıxdı. Bir azdan yanında olacaq. Danışdırdım, çox ağıllı qıza oxşayır. Amma anlamadım ki, niyə Tibb institutunu dördüncü kursdan yarımçıq qoyub...
- Demədi səbəbini?
- Dedi anam xəstə idi, ona baxırdım.
- Bu səbəb deyil, məncə.
- Nə isə... İndi de görüm, sənə gözəl işçi tapdığıma görə mənə qonaqlıq düşür, yoxsa, yox. Yanına qız yox, e, mələk göndərirəm.
- Sənin bütün söhbətlərin yeyib-içməkdəndir,− Təyyar işin çoxluğundan söhbəti dəyişmək istədi ki, qonaqlıq yaddan çıxsın.
O, danışıb qurtaran kimi təzə işçini qarşılamağa hazırlaşdı. Stolun üstünü yığışdırdı. Çaydan rəng tutmuş stəkanları yaxaladı, siqaret kötükləri ilə dolu külqabını boşaltdı. Pəncərələri açdı ki, otağın havası təmizlənsin.
Təyyar bilsəydi ki, gözlədiyi bu qızın ucbatından başına nələr gələcək, bütün işləri özü görər, katibə axtarmazdı. Hardan bilərdi ki, qarşılamağa hazırlaşdığı qonaq bir qara sevdanın başlanğıcı olacaq.
Bu qız ovsunçudur, nədir belə
Qız günorta gəldi. O, ofisə ayaq basanda Təyyara elə gəldi ki, qapıdan içəri, insan qiyafəsində mələk girdi. Qızın gözəlliyindən özünü itirdi. Ona oturmağa yer göstərdi.
Təzə işçi gəlməmişdən əvvəl özlüyündə ona vermək üçün suallar hazırlamışdı. Amma qızı görən kimi elə bil nitqi tutuldu, dili qurudu. Hazırladığı sualları unutdu. Suallar təxmini belə idi: “Bundan əvvəl harda işləmisən?”, “Məktublara cavab yazmağı bacarırsan?”, “İki yüz manat məvacib alacaqsan”, “İşə vaxtında gəlib-gedə biləcəksən?”, “Lazım olanda, işdən sonra qala bilərsən?”.
Qızı görəndə necə çaşdısa, bu sualların heç birini vermədi. Bir anlıq araya sükut çöksə də, Təyyarın daxilində bir tufan, təlatüm yarandı. O, heç cavan olanda gözəl görəndə bu hala düşməmişdi. İndi nə oldu ona. Özü də bu yaşda...
Təyyar təbiətən sakit adam idi. Qadınla danışanda hətta utandığından bir az qızarardı da. Qadınlarla çox hörmətlə davranar, onların yanında danışanda da, zarafat edəndə də, ağzından bir kəlmə də olsun, artıq söz çıxartmazdı. Hələ cavanlıqdan yaraşıqlı, hündür boylu olmasına baxmayaraq, kiminləsə gizlincə baxışsın, gizlincə danışsın, belə işləri heç vaxt olmamşdı. Bu xasiyyətlərinə görə işlədiyi kollektivdə hamı onun xətrini çox istəyərdi.
İndi birdən-birə tanımadığı bir qızın qarşısında belə acizləşdiyinə görə Təyyarın özünə lap yazığı gəldi. Bu hissləri özündə əxlaqsızlıq kimi dəyərləndirib, özünü sakitləşdirməyə çalışdı.
Ürəyində öz-özünə dedi: “Sakit ol, Təyyar, yekə kişisən, ailə sahibisən, bu qızla yaşıd, oğlun var. Özünü ələ al. Bir qız qarşısında bu qədər alçalma. Heç sən, cavan olanda bu cür səhv eləməmisən. Belə gözəl qızlardan şəhərdə nə qədər istəsən var. Özü də birinci gündür də, yəqin bəzənib-düzənib gəlib ki, mütləq işə götürəsən. Görmürsən, necə qısa geyinib... Həm də deyirlər, indi göz üçün təzə linzalar satırlar, qızlar qoyur gözünə, gözün rəngi dəyişir. Bu qız da yəqin xoşa gəlməkdən ötrü gözlərinə ondan qoyub. Aldanma belələrinin felinə, kişilik qürurunu alçaltma! Sevdanın üzünə necə baxarsan...”.
Ürəyində bir xeyli danışandan sonra nəhayət, özünü ələ alıb soruşdu:
- Adın nədir?
- Nilufər, − deyə qız çəkinə-çəkinə dilləndi.
- Maraqlı addır Nilufər... Yəqin ki Rəvan müəllim iş haqda sənə az da olsa məlumat verib.
- Bəli. Deyib sizə savadlı, işgüzar köməkçi lazımdır ki, həm kargüzarlığı bacarsın, həm də kadr işlərini görə bilsin.
Nilufər, ümidvaram ki, bir yerdə işləyəcəyik və işlədiyimiz müddətdə bir-birimizlə dil tapa biləcəyik.
- Məncə də elə olar. Rəvan müəllim dedi, istehsalat işiniz var. Bu sahə ilə tanış deyiləm, amma işi öyrənərəm.
- Əlbəttə cavan üçün iş öyrənmək elə də çətin deyil.
- Əsas işim nədən ibarət olacaq?
- Deyim! Bizim tikinti materialları istehsal edən seximiz var, burdan bir tin aşağıda yerləşir. Amma ofisi buradır. Sexin öz rəhbəri var, bzim isə iş yerimiz buradır. Mühasib, sex rəisi, bir də sürücülər, fəhlələr sexdə olur. Sən bizdə işləsən, əsasən kargüzarlıqla və kadr işi ilə məşğul olacaqsan. Oturacağın yer, kabinetin qarşısındakı otaq olacaq.
Qız utana-utana soruşdu:
- Soruşmaq pis çıxmasın, maaşım nə qədər olacaq?
Təyyar maaşı əvvəldən nəzərdə tutduğundan artıq dedi:
- Üç yüz manat!
Qız sevincini gizlətmədi:
- Çox sağ olun, məni qane edir.
- Lap yaxşı. İşlərimiz yaxşı getsə, yəqin ki, əmək haqqında artım da olar.
- Nə yaxşı... Mən də çalışaram həmişə məndən razı qalasız.
Nilufərin belə danışığı, səmimiyyəti Təyyarın ürəyinin döyüntüsünü bir az da artırdı. O, qızla heç bir müqavilə bağlamadan, onu işə götürdü. İş rejimi və görüləcək işlərlə tanış elədi. Məktub hazrlamaqdan söhbət düşəndə Nilufər dedi:
- Çap maşınında sürətlə yaza bilirəm. Elektron çap maşınında da işləməyi bacarıram.
- Bu lap əla oldu. Günü bu gündən işə başlaya bilərsən!
- Mümkündürsə, sabahdan gəlim. Bu gün anama söz vermişəm, onu həkimə aparmalıyam!
- Allah şəfa versin! Onda sabahdan işə çıxarsan!
Nilufər doğrudan da çox yaraşıqlı qız idi. Tanrı qələm çəkəndə sanki ondan heç nəyi əsirgəməmişdi. Boy-buxunu, şux qaməti, uzun, qalın, qıvrım saçları, gözəl çöhrəsi, ala gözləri adamı heyran edirdi. Üzü ağappaq və tərtəmiz idi. Diqqətlə baxsaydın, üzündə balaca bir xal belə, tapa bilməzdin. Saçları elə qıvrım idi ki, elə bilirdin saatlarla qadın salonunda oturub onları bir-bir burdurub. Kədərli gözlərinin yaşıl tünd rəngi göz ətrafına qəribə bir kölgə salırdı.
Nilufər getsə də, onun əksi Təyyarın gözlərindən, fikri düşüncələrindən çəkilmədi. “Bu nə haldır mən düşdüm. Bu qız ovsunçudur, nədir belə?”, deyə düşündü.
Nilufər səhər işə gələndə Təyyara elə gəldi ki, o hər yana nur səpdi. Birdən-birə otaqlar işıqlandı. Özü də birinci gündən işə çox ciddi yanaşdı. O, işə vaxtında gəlib, vaxtında gedir, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirirdi.
Çox gənc olmasına baxmayaraq, ofisə gəlib-gedənlərlə elə nəvazişlə, qabiliyyətlə davranırdı ki, elə bil bu işin xüsusi kursunu keçib.
Dünyanın ən gözəl işçisi
Təyyar Nilufəri gördüyü gündən boğazı necə qurumuşdusa, onu hər dəfə görəndə yenə o vəziyyətə düşür, üstəlik dili də az qala tutulur, güclə danışırdı.
Nilufər də elə bil qəsdən müdirinə acıq vermək üçün gündən-günə gözəlləşirdi. Zövqlə geyimi onu daha cazibədar göstərirdi. Hər dəfə paltarının rəngini dəyişəndə sanki gözlərinin də rəngi dəyişir, gah göy rəng olur, gah qəhvəyi rəngə çalır, gah da həmişəki kimi tünd yaşıl olurdu.
Təyyar qızın gözəlliyinə baxmaqdan doymurdu. Təzə-təzə ona gizlin-gizlin göz qoyurdu, sonralar isə qıza heyranlığını gizlətmirdi:
- Mənim işçim dünyanın ən ağıllı və ən gözəl işçisidir, -deyirdi.
Nilufərdən, onun işindən, hərəkətlərindən, danışığından, gözəlliyindən o qədər xoşu gəlrdi ki... Hərdən onda az da olsa bir eyib axtarırdı ki, gözündən düşsün, onun haqqında az fikirləşsin. Amma eyib tapa bilmirdi.
Bu qızın gözəlliyi necə idisə, o cür işi, eləcə də özünü istətmək qabiliyyəti vardı. Bu eyibsiz gözəl Təyyarı günü-gündən özünə aşiq edirdi.
Möhkəm iradəli müdir katibə tapandan sonra gündən-günə dəyişdiyini, iradəsinin zəiflədiyini hiss edirdi. Bütün qüvvəsini cəmləyib özünü ələ almaq istəsə də, bunu bacarmırdı.
O bir gün Nilufərin eşqindən dəli-divanəyə dönəcəyini özü də hiss edirdi. Qız da həm çox cavan idi, həm də xasiyyətcə möhkəm idi deyə, bir yüngül, artıq hərəkətə yol vermirdi ki, Təyyar ürəyindəkiləri açıb ona desin, yüngülləşsin. İstəyi, sevgisi ürəyində qalıb, az qalırdı ürəyini partlatsın. Xəlvəti atdığı sakitləşdirici həblər də artıq onun köməyinə çatmırdı.
Bu anlar kaş uzanaydı...
Təyyarla Nilufər bir neçə ay bu qayda ilə bir yerdə işlədilər. Onlardan başqa ofisdə çox vaxt demək olar ki, heç kim olmurdu. Sex işçilərindən ofisə gələn olanda Təyyar onları tələsdirirdi ki, çıxıb getsinlər. Nilufərlə ofisdə tək qalmaq çox xoşuna gəlirdi. Əsas da işin axırı alqı-satqı qaimələrini yoxlamaq üçün Nilufər Təyyarın otağında oturanda ona xüsusi zövq verirdi. Həmin vaxt Təyyar Nilufərə təzə çay dəmlətdirir, onlar şokoladla çay içə-içə qaimələri yoxlayırdılar.
Əslində sexin mühasibi qaimələri dəqiq yoxlayırdı. Amma Təyyar Nilufərlə bir otaqda oturmaq, onunla çay içmək məqsədilə qaimələri “təzədən, özü” yoxlayırdı. Bu anlar Təyyara ona görə çox xoş idi ki, istədiyi qədər Nilufərə, onun yaşıl gözlərinə, qara, uzun kipriklərinə doyunca baxa bilirdi.
“Bu anlar kaş uzanaydı... Gecəyə qədər... Yox, səhərə qədər...”, deyə hər dəfə Təyyar arzulasa da, təəssüf ki, bir yerdə olduqları bu bir saat çox tez bitirdi.
Hər səhər saat 8-də, işçilər gələnə qədər Məryəm xala gəlib ofisdə yır-yığış edib gedirdi. Nərminə adlı bir qız isə firmanın mühasibat işlərini görmək üçün ayda bir-iki dəfə ofisə gəlir, qalan vaxtlar isə sexdə olurdu.
Qara sevda aşiqi
Yaşının keçməsinə baxmayaraq, Nərminə hələ də ailə qurmamışdı. Gözəl xasiyyəti var idi. Həddindən artıq kök olsa da, qıvraq, deyən-gülən, şən, zarafatcıl bir qadın idi. Təyyar ona zarafatla sataşardı:
- Bəsdir subay gəzdin. Elə də cavan deyilsən. Gör kimi bəyənirsən, toy elə, qrup uşaqlarını da çağır, yığışaq toyuna.
Ailə qurmaqdan söhbət düşəndə Nərminə zarafatla deyərdi:
- Yazığım gəlir kişilərə. O qədər kökəm ki, kim mənimlə bir yastığa baş qoysa, inanmıram səhərə sağ çıxa.
Nərminə ofisə gələndə sakitlik pozular, səsi aləmi götürərdi. Belə vaxtda Təyyar yarızarafat, yarıciddi deyərdi:
- Nərminə, sən Allah, işini bir az tez qurtar, çıx get, baş-beynimiz dincəlsin!
Nərminə bəzən bu sözlərdən küsər, dodaqlarını büzüb, sakitcə çıxıb gedər, bəzən də müdirinin zarafatına zarafatla cavab verərdi:
- Çıxıb gedərəm haaa, nə qədər zəng eləsəz də gəlmərəm. Onda baxarıq kimin başı dincələcək...
Nilufərin bu qadının zaraftlarından o qədər xoşu gəliırdı ki, onun sözlərinə gözlərindən yaş gələnə qədər gülürdi. Bir qəribə də kişmişi gülməyi vardı... Nilufər güləndə Təyyar işini atır, gəlib dayanır, Nilufərin gülməyinə tamaşa edirdi. Bu gözəl qızın hər bir hərəkəti Təyyarı heyran qoyurdu.
Hər dəfə Nərminə işdən gedəndə Nilufər ondan xahiş edirdi:
- Nərminə xanım, nə olar, ofisə tez-tez gəl. Sən gələndə adama elə gəlir ki, divarlar da sevinib-gülür.
- Baş üstə, gözəl, gələrəm. Məndən olsa lap tez-tez gələrəm. Təyyar müəllim imkan verir ki... Danışan kimi deyir, səs salırsan, dur get!
Nərminə ilə Təyyar Xalq Təsərrüfatı İnstitutunda bir fakültədə, bir qrupda oxumuşdular. Bir-birlərini bacı-qardaş kimi çox istəyirdilər. Həm də Nərminə Təyyargilin evlərinə yaxın - qonşu binada yaşayırdı.
Nərminə həm diqqətli, həm də çoxbilmiş idi. O, Təyyarın Nilufərə baxışından onun katibəsinə olan münasibətini başa düşmüşdü. Hələ bir-iki dəfə Təyyara söz atıb, sataşmışdı da.
Qara sevda aşiqi isə and-aman edib, yaşadığı hisslərini, keçirdiyi həyəcanlarını boynuna almamış, utanıb Nərminədən gizlətmişdi.
Bahalı hədiyyə
Doğrudan da Təyyar katibəsinə vurulmuşdu. Bu istəyi, bu sevgini Təyyar nə qədər boğmağa çalışsa da, get-gedə hisslərini idarə etmək onun üçün ağırlaşırdı. Zaman keçdikcə özünü əvvəlki ədəb-ərkan qaydaları ilə aparmaq onun üçün çox çətinləşirdi.
8 mart Qadınlar bayramı ərəfəsi idi. Təyyar çox fikirləşəndən sonra Nilufərə bir ətir aldı. Çox həyəcanlı idi. Bilmirdi qız onun bu bahalı hədiyyəsini necə qəbul edəcək. Həyəcanı o qədər idi ki, axşama qədər bilmədi hədiyyəni Nilufərə necə versin.
Nəhayət, qız ona növbəti dəfə çay gətirəndə ayağa qalxdı, hədiyyəni Nilufərə uzadıb, dünəndən bəri dönə-dönə ürəyində təkrar etdiyi sözləri dilinə gətirdi:
- Səni təbrik edirəm, Nilufər! Qoy gözəlliyin heç vaxt solmasın! Həyatın da, gözəl üzün kimi həmişə nur açsın. Yox, yox, nur saçsın!
Əvvəl Təyyarın dilinin topuq vurduğuna görə Nilufəri gülmək tutdu. Sonra utandığından pörtüb qızardı. Hədiyyəni görəndə sevinsə də, tez sevincini gizlədib ciddiləşdi:
- Təyyar müəllim, çox sağ olun. Nahaq zəhmət çəkmisiz. Bu yəqin ki çox baha olar. İnciməyin, mən belə bahalı hədiyyəni götürmək istəmirəm. Çox sağ olun!
- Baha deyil, narahat olma. Hədiyyəmi qaytarma. Qadınlar bayramına görə Nərminəyə də almışam, sənə də. Burda pis nə var ki...
- Nə bilim...
- Qara fikirli olma! Götür! Götürməsən, inciyərəm!
- Təşəkkür edirəm, deyib Nilufər hədiyyəni alanda Təyyar qeyri-ixiyari onun əlindən öpdü. Nilufər pərt olsa da, ona bahalı hədiyyə hazırlamış müdirinin xətrinə dəymək istəmədi.
Təyyar bir az ürəklənib ürəyindən keçəni dedi:
- Hədiyyələrimi qəbul eləsən, səni tez-tez sevindirərəm.
Nilufər xoş təbəssümlə müdirinin üzünə gülümsəyib utana-utana dedi:
- Yox, Təyyar müəllim, bu ətir kifayətdir, bir də mənə bahalı hədiyyə alsanız götürməyəcəyəm. İndidən deyim, sonra inciməyin.
Nilufəri təbrik edəndən sonra Təyyar sevindiyindən az qalırdı ki, uçsun. Günlər Təyyar üçün həddindən artıq xoş keçirdi. O, işdə olanda vaxtın necə sürətlə keçdiyini hiss etmirdi. Elə bil həyatının ən mənalı günlərini indi yaşamağa başlamışdı. Hiss edirdi ki, Nilufərsiz qala bilmir, darıxır, sıxılır, heç yerdə özünə yer tapa bilmir. Hər an yanında olmaq, utanıb çəkinmədən gözlərini qızın ala gözlərinə zilləmək, ona baxmaq istəyirdi.
Tez-tez yerindən durub katibəsinin yanına gəlir, bəzən o qədər də vacib olmayan bir şey soruşurdı. Hərdən öz hərəkətindən utansa da, bunu yenə də təkrar edirdi. Təyyara elə gəlirdi ki, qız onun hisslərindən çoxdan duyuq düşüb.
Özü də ailəli olduğundan cürət edib ürəyini Nilufərə aça bilmirdi. Qız o qədər ciddi idi ki, Təyyar qorxurdu bu barədə ona nəsə desin. Aralarında həyadan bir sərhəd olsa da, hiss edirdi ki, bir gün söhbət açılacaq, Nilufər Təyyarın ona olan məhəbbətini görüb üzünə güləcək.
Amma yenə də cürət etmir, gözləməyi üstün tuturdu.
Qızın özü də hərəkətləri ilə, ciddiyyəti, rəsmi davranışı ilə bu sərhəddi aşıb keçməyə Təyyara imkan vermirdi. Ona sancılmış baxışları hiss edən kimi gözlərini yayındırır, daha da ciddiləşir, bir bəhanə ilə kabinetdən çıxırdı. Müdirinın əli təsadüfən əlinə dəyəndə tez çəkir, əlindən tutmasına imkan yaratmırdı.
Mənə ən qiymətli hədiyyə sənsən!
Təyyar üçün Nilufərlə olan zamanlar o qədər xoş idi ki, bir gün bu günlərin yox olacağından qorxurdu.
Beləcə o, qorxa-qorxa yaşadığı günlərin birində...
Təyyarın ad günü olacaqdı. Dostları - Rəvan və Hərbi komissarlıqda işləyən Əliağa ondan ad gününə görə qonaqlıq istəyib, əl çəkmədilər.
Son vaxtlar Təyyar belə qonaqlıqlardan qaçır, gözəl-göyçək Nilufəri ilə ofisdə olmağı hər şeydən üstün tuturdu:
- Yox, vacib işlərim var, qonaqlıq yadıma düşmür!
- Ad günündə nə vacib işin ola bilər, gedək! –Rəvan dedi.
Əliağa da zəng edəndə təklif elədi:
- Mənim də işim çoxdu, günortadan sonra əsgərlərin təlim-məşqində iştirak etməliyəm. Amma naharda bir yerdə yemək yeyə bilərik.
Dostlar yarızarafat, yarıciddi, zorla Təyyarın boynuna qonaqlıq qoydular. Təyyar boyun qaçıra bilməyib, razılaşdı.
Onlar hər ad günlərində olduğu kimi bu dəfə də Azərbaycan mehmanxanasının sakit bir küncündə oturub, yeyib-içdilər, sağlıq dedilər. Birdən Rəvan Təyyara dedi:
- Kefini pozma, hesabı özüm verəcəyəm!
Təyyar ciddiləşdi:
- Xeyir ola, sizi mən qonaq gətirmişəm, hesabı sən niyə verirsən?
- Bayaqdan kefsizsən, deyirəm bəlkə pulun azdı?
- Narahat olma, nə qədər pulum az olsa da, sizin kimi büdcədən pul gözləmirəm, - deyib Təyyar cibindən bir dəstə pul çıxarıb dostlarına göstərdi.
- Pulun çox olsun, Təyyar, amma Rəvan düz deyir. Bu gün sən əvvəlki Təyyar deyilsən. Sənə nə isə olub. Elə bil nəsə sıxıntın var, -
- Əliağa belə deyib əlini Təyyarın çiyninə qoydu. - Nə olub sənə, bizdən nəyi gizlədirsən?
Təyyarın kefinin açılmadığı dostların gözündən yayınmamışdı. O, eşitdiyi sözlərdən diksindi. Qorxdu ki, içkili olar, Nilufərdən onlara nəsə deyər. Sonra onu lağa qoyub, ələ salarlar. Həyəcanla dedi:
- Nə danışırsız, sizinlə birgə olanda nə haqda düşünə bilərəm? İşdə də, evdə də, işlərim qaydasındadır, nigaran qalmayın!
Dəyişikliyin səbəbini nə qədər soruşsalar da, Təyyar cürbəcür bəhanələrlə yaxasını dostlarından qurtarmağa çalışdı.
- Fərid necədir? – Əliağa soruşdu.
- Fərid də yaxşıdır. Gözəl əsərlər çəkir. Moskvada sərgi olacaq, ora getməyə hazırlaşır. Narahat olmayın, məndə bir problem olsa, siz mütləq bilərsiz!
- Təki olmasın! – dostlar deyib yeyib-içməyə davam elədilər.
Ağaəli bir az yemək yeyəndən sonra dedi:
- Dostlar, mən getməliyəm, inciməyin!
- Belə tələsik niyə gedirsən? Nəsə ciddi bir şey var?
- Sərhəd tərəfdən ermənilər tez-tez atəş açıb, camaatı qorxudurlar. Bizə də həftə sonuna qədər müəyyən siyahılar hazırlamağı tapşırıblar. Ona görə getməliyəm, bağışlayın!
- Allah bağışlasın, - Təyyar dedi. Sənin işin çox vacibdir, get.
Rəvanla Təyyar isə bir xeyli oturdular. Qonaqlıqdan sonra Təyyar fikirləşdi ki, həm iş vaxtının qurtarmasına az qalıb, həm də içkilidir, getsin evə, yatıb, dincəlsin.
Amma bir də gözünü açdı ki, gəlib ofisə çıxıb. Kefinin yaxşı vaxtında Nilufəri görmək üçün ürəyi onu ofisə gətirmişdi.
Qapıdan içəri girən kimi qızın xoş simasını görəndə ürəyi sakitləşmək əvəzinə daha da çırpınmağa başladı. Nədənsə bu gün Nilufər onun gözünə həmişəkindən də çox valehedici göründü.
Ürəyi bərk döyünsə də, bayaqdan bəri tutulmuş rəngi açıldı, kefi düzəldi. “Dəliyəm, bu gözəlliyi qoyub evə gedim? Yaxşı ki getmədim!”.
Elə qapıdaca iki-üç dəqiqə dayanıb qıza tamaşa elədi. Nilufər bu baxışlara tab gətirə bilməyib araya söz qatdı:
- Necə keçdi ad gününüz?
- Çox pis!
- Niyə, - deyə qız təəccüblə soruşsa da təxmini cavabı bilirdi.
- Sən orda yox idin, ona görə!
“İçgili olmasaydı, belə ürəkli olmazdı” – deyə Nilufər fikirləşib bu sözünə görə Təyyara hirslənsə də, ona kobud cavab vermədi. - Ad gününüzü təbrik edirəm! – Nilufər söz tapmadığından belə dedi. Əslində isə o müdirini tezdən – işə gələn kimi təbrik edib, ona kofe içmək üçün fincan dəsti hədiyyə eləmişdi.
- Sağ ol, gözəl! – deyə pıçıldaya-pıçıldaya Təyyar yaxınlaşıb qızın incə, titrək əllərindən tutdu.
Təyyar içəri girən kimi Nilufər içki qoxusunu hiss eləmişdi. Ona görə həmişə ona zillənən bu baxışların sahibindən bir az qorxdu. Qorxdu ki, Təyyar artıq elə bir hərəkətə yol verər ki, Nilufər ona kobudluq edər, aradakı hörmət aradan götürülər. Gərək onda mütləq işdən çıxa. İşdən isə çıxmaq istəmirdi.
Buna görə də Nilufər tez əllərini çəkib, özünü işgüzar göstərərək, sənədləri səliqəyə salmağa başladı. Halbuki, heç buna gərək yox idi. Təyyar bir az da yaxınlaşıb bu dəfə qızı əllərindən tutdu, onu özünə çəkib qucaqladı. Nilufər çırpınıb onun qolları arasından çıxmağa cəhd göstərsə də, gücü çatmadı.
Təyyar qollarını boşaldanda gördü ki, Nilufərin rəngi qıpqırmızı qızarıb. Qulağına pıçıldadı:
- Mənə ən qiymətli hədiyyə sənsən!
Nilufər Təyyarın qolları arasından çıxıb hirslə dedi:
- Ayıbdır, Təyyar müəllim, qızınız yaşdayam! Heç sizdən gözləməzdim!
Qəfildən çantasını götürüb qapıdan çıxdı. Təyyar qorxudan sərxoşluqdan ayıldı:
- Nilufər, dayan, xətrinə dəydimsə, bağışla! Getmə, incimə, sən Allah, içkiliyəm!
Nilufər elə sürətlə qapıdan çıxdı ki, Təyyarın onun arxasınca nə dediyini eşitmədi.
Qız darıxar, işdən çıxar
Təyyar səhər işə gələndə gözləri şişmişdi. O, dünənki hərəkətinə görə özünü bağışlaya bilmirdi. Özü də bilmirdi düz edib, yoxsa, səhv edib. Amma çox qorxurdu ki, bu hərəkəti ilə qızın xətrinə dəymiş olar. Hətta gecə də həyəcandan yatmamışdı ki, birdən Nilufər onun bu sırtıqlığına görə daha işə gəlməz.
“Nahaq içəndən sonra işə getdim, çox nahaq! İndi qız işdən çıxsa neyləyəcəyəm? Axmaqlıq elədim. Çox!”.
Səhər Təyyar işə həmişəki vaxtdan tez gəldi. Nilufəri iş masasının arxasında görəndə ürəyi yerinə gəldi. Nilufər ayağa qalxıb onun salamını aldı. Amma həmişəki kimi ona gülümsəyib, üzünə baxmadı. Bu da Təyyara pis təsir elədi. Çünki ilk dəfə idi ki, Nilufər onun üzünə baxmırdı. Təyyar qızdan üzr istəmək istədi, ancaq özündə güc tapmadı. Yenə qorxdu elə bir söz deyər ki, Nilufərin xətrinə dəyər.
Bir azdan Nilufər ona çay gətirəndə özünü toplayıb, üzrxahlıq elədi:
- Dünən sənə qarşı yaman kobudluq elədim. Heç özümü bağışlaya bilmirəm. Bu içki zəhrimarı buna görə heç xoşlamıram. Bilmirəm necə oldu ki, dünən çox içdim. Sənin də xətrinə dəydim. Yəqin, məni bağışlamısan.
- Dünəndə qaldı. Narahat olmayın. Keçib getdi. Ümidvaram bir də təkrarlanmaz.
- Əlbəttə, mən söz verirəm. Bir də xətrinə dəymərəm. Təki sənin qəlbin qırılmasın.
- Söhbət qəlb qırmaqdan getmir. Sadəcə mən bunu sizdən gözləmirdim. Düzü, mənə çox pis təsir elədi. Elə bildim bütün günahlar məndədir. Fikirləşdim bəlkə nəyi isə səhv eləmişəm. Özümü təqsirkar saydım.
- Yox, Nilufər, narahat olma, səndə heç bir günah yoxdur. Günah məndədir. İndi sən danışdıqca, az qalıram xəcalətimdən yerə girəm. Çox xahiş edirəm, daha bir də bu haqda danışmayaq.
- Əlbəttə!
O hadisədən sonra Təyyar özünü ciddi göstərməyə çalışsa da, onun üçün hisslərini gizlətmək elə də asan deyildi. O, Nilufəri gündən-günə çox istəyir, onu görməyəndə çox darıxırdı. Hətta xəstə olanda belə, yüksək temperaturla, işə gəlirdi. Nilufərə elə həsrətlə baxırdı ki, qız bilmirdi belə vaxtlar neyləsin.
Hərdən Nilufərin Təyyara yazığı gəlirdi. Elə bil o boyda kişi, gündən-günə kiçilir, göz önündə əriyirdi.
Təyyarın Nilufərə olan sevgisi gündən-günə artdıqca, onun üçün özünü ələ almaq da o qədər çətinləşirdi. Hiss edirdi ki, onun məhəbbətindən başını itirib dəli-divanəyə dönür. Nilufərsiz heç bir yerdə qərar tuta bilmirdi. İşə elə həvəslə gəlirdi, sanki uçurdu. Nilufərin hər sözünü, hər kəlməsini can-başla yerinə yertirirdi. Təklikdə onu çağıranda “Gözəl” deyə çağırırdı. Amma kim isə kişilərdən çaşıb ona gözəl desəydi, ya onu acılayar, ya da onu ofisdən qovub, uzaqlaşdırardı.
Təyyar bilmirdi nə etsin ki, qızın xoşuna gəlsin, gözündə ucalsın. Katibə otağını ona görə təmir elətdirdi. Taxta çərçivəli pəncərələri dəyişdirib, plastik pəncərələr qoydurdu ki, arxadan ona soyuq gəlməsin. Otağına xalça sərdi. Soyuducu aldı. Pəncərənin qarşısını güllərlə bəzətdirdi. Fikirləşdi: “Birdən Allah eləməmiş, qız darıxar, işdən çıxar!”.
Ofisin yaxınlığındakı kafenin müdirinə də dönə-dönə tapşırdı:
- Hər gün naharda katibəyə dadlı, təzə yeməklər gətirin, pulunu da ondan almayın, özüm verəcəyəm.
Təyyar hər həftənin sonunda kafe ilə hesablaşır, hər dəfə də əvvəlcədən gələn həftə üçün ev yeməkləri sifariş verirdi. Qız neçə dəfə təkid etsə də, ondan pul götürməmişdilər.
Nilufərə rahat olsun deyə Təyyar ona hər şərait yaradırdı. Hərdən onun işdən çıxacağını ağlına gətirəndə az qalırdı ki, dəli olsun.
O, artıq bir ilə yaxın idi ki, Nilufərlə bir yerdə işləyirdi. Təyyara elə gəlirdi ki, həyatda yalniz bu bir ili yaşayıb. Nilufər onun qaranlıq dünyasına işıq gətirmişdi.
İlk sevgi
Təyyar ilk sevginin acılı-şirinli həyəcanını məktəb illərində dadmışdı. Yeddinci sinifdən məktəbi bitirənə qədər Sülhiyyə adlı bir qızı sevmişdi. Çox da gözəl olmayan Sülhiyyə oğlanın qəlbinə necə girmişdisə, Təyyar ondan başqa heç bir qıza baxmır, kimsədə gözəllik görə bilmirdi.
Təyyarın bəxtindən məktəbi qurtaran kimi Sülhiyyəni əmisi oğluna nişanladılar. Təyyarın sevgisi də, qəlbi də elə bu hadisədən qırıldı. Uzun müddət özünə gələ bilmədi. O vaxt ilk dəfə siqaret çəkməyə başladı.
Ailə qurmaq vaxtı gəlib çatanda Təyyarın anası Firəngiz xala oğluna qonşularında yaşayan Sevda adlı qızla evlənməyi təklif etdi. Təyyar Sevdanı bir-iki dəfə uzaqdan görmüşdü. Sevda suyuşirin, ürəyəyatımlı, özü də başıaşağı bir qız idi. Məktəbi təzəcə bitirmişdi. Firəngiz xala qızı çoxdan oğluna gözaltı eləmişdi:
- Çox yaxşı qızdır, kaş adamın belə gəlini ola!
Qız məktəbi qurtaran kimi ana fikrini Təyyara dedi:
- Oğlum, aman-zaman bir balamsan. Mənim də arzum var. Atan toyunu görmədi, heç olmasa mənə yazığın gəlsin. Arzumu ürəyimdə qoyma, evlən!
- Ana, tay-tuşlarımdan hələ heç kəs evlənməyib, amma sən oturub-durub mənim evlənməyimdən danışırsan. Mən evlənməyə tələsmirəm. Nə vaxt istərəm, onda da evlənərəm! Nə olub, hara tələsirik ki?
- Bala, boyuna qurban olum, onların anaları cavandır, nə vaxt istəsələr, oğullarının toyunu eləyə bilərlər. Mənim isə yaşım çoxdur. İnsafa gəl, evlən, mən də nəvə qığıltısı eşidim!
Təyyar anasının dolmuş gözlərini görüb zarafata keçdi:
- Ana, sən nəvə səsi eşidəsən deyə, mən istəmədiyim, tanımadığım qızla evlənməliyəm?
- Ay bala, istədiyin varsa onunla evlən, yoxdursa, elə Sevda hamıdan yaxşıdır. Çoxdandır onda gözüm var, başıaşağı, gözəl-göyçək qızdır. Neçə illərin qonşusuyuq, amma səslərinin çıxdığını eşitməmişəm. Sakit, fağır ailədir. Tərslik eləmə!
- Yaxşı ana, sən nəvə istəyirsənsə, bu haqda fikirləşərəm.
Təyyarın fikirləşməyi bir neçə ay çəkdi. Bir az Sevdaya göz qoyub, onun haqda öyrənəndən sonra anasına dedi:
- Razıyam ana, pis qız deyil, istəsən elçi gedə bilərsən!
- Allah xoşbəxt eləsin, bala, Allah xoşbəxt eləsin!
Firəngiz xalanın sevinci yerə-göyə sığmadı. Nəhayət, o da oğul toyu görəcəkdi. Oğlundan cavab alan kimi qız anasının ağzını aramağa getdi. Üç gün sonra isə “xeyir işi yubatmazlar” − deyib, bir neçə ağsaqqalla elçi gedib, qız evinin “hə”sini aldı. Aradan üç ay keçər-keçməz Təyyarın subaylıq həyatına son qoyuldu.
Ailə qurmamışdan Təyyar fikirləşirdi ki, Sevda elə də gözəl olmasa da, ürəyəyatımlı, suyuşirin, istiqanlıdır. Zaman keçdikcə onu sevə biləcək. Amma ailə qurduqdan sonra illər keçdi, Təyyarın da, Sevdanın da başına dən düşdü, Təyyarın isə Sevdaya münasibəti həmişəki kimi soyuq qaldı.
İlk vaxtlar Təyyar elə bilirdi ki, həyat yoldaşı onun qəlbindəki boşluğu dolduracaq, ilk sevgi yarasını sağaldacaq. Amma illər keçdikcə başa düşdü ki, elə deyil, onun arzusunu, istəyini, ilk sevgisi Sülhiyyə özü ilə uzaqlara aparıb.
Səni itirməkdən qorxuram
Təyyar həmişə belə düşünsə də, Nilufərə rast gələndən sonra onun fikri dəyişdi. Bu gözəl qız onun həyatına qədəm qoyan gündən dünya Təyyarın gözündə başqalaşdı. Qəribədir ki, bütün bunlar bircə günün içərisində baş verdi.
Onda belə çıxırdı ki, bu vaxta qədər Təyyar yaşamamışdı. Bəs onda Sevda ilə nişanlandığı gün, bəs evləndiyi, Fəridin doğulduğu gün, çox böyük əziyyətlə elmi işini müdafiə etdiyi gün? Məgər bütün bunlar onu az sevindirmişdi?
Bu suallar Təyyarı yorsa da, onların heç birinə cavab tapa bilmirdi. Beynində cürbəcür bir-birinə zidd olan fikirlər dolaşırdı. Belə şeyləri başında o qədər fırladırdı ki, beyni yorulur, sərxoş kimi gəzirdi.
Təyyar bütün fikirlərinin sonunu Nilufərlə bağlayırdı. İşdə də, evdə də ancaq onu fikirləşirdi. Xeyrə-şərə getməyə də həvəsi qalmamışdı. Arzusunda olduğu dünyasını yalnız Nilufərin gözlərində, adamı məftun edən baxışlarında, təbəssümündə, gülüşündə, şirin sözlərində, sakit hərəkətlərində tapırdı.
Təyyar bu günlər özünü nə qədər xoşbəxt hiss etsə də, hər an qorxu içərisində yaşayırdı. İdarədən kənarda olanda qıza tez-tez zəng edər, əhvalını soruşar, iş haqda yerli-yersiz suallar verəndən sonra sakitləşərdi. Harda olursa-olsun, gün ərzində neçə dəfə zəng edib, Nilufərin səsini eşitməli idi.
Amma Nilufərdən ayrılan kimi həmin qorxu hissi yenə də Təyyarı narahat eləməyə başlayırdı. Bu qorxu hissi onu daima təşvişdə saxlayır, heç vaxt ondan uzaqlaşmırdı. Günlərin birində bu sehrli aləmin yox olacağından, hər şeyin yuxuya dönəcəyindən, dünyada ən çox sevdiyi Nilufərini itirəcəyindən qorxurdu. Asanlıqla tapdığı səadətini itirəcəyi xofu ona əzab verirdi. Bunu düşünəndə gözləri yaşarır, əzizini itirmiş adam kimi hönkürüb ağlamaq istəyirdi. Belə əzablı günlərin birində, o Nilufərə məktub yazıb, çəkdiyi iztirabı onunla bölüşdü:
- Gözlərin gözümdə. Sənə baxdıqca sevincimdən uçuram. Qanadım olmasa da, elə bil göylərdəyəm! Gözlərindən nur axır, ürəyimə süzülür, qanıma qarışır. Sevirəm səni, lap çox sevirəm. Sən yanımdasan, deməli, xoşbəxtəm. Səni çox sevdikcə də qorxuram. Səni itirmək qorxusu məni üzür. Həmişəlik sənsiz qalacağımdan qorxuram. Bu qorxu məni titrədir, əsim-əsim əsdirir, xoşbəxtliyimi alır, məni vahimə içərisində saxlayır. Səni itirməkdən qorxuram. Qorxum məni xoşbəxt olmağa qoymur! – yazıb, məktubu gətirib Nilufərə verdi. Nilufər yazını oxumağa başlayan kimi sevgidən olduğunu anlayıb, ciddiləşdi. Qaşını çatıb bir az oxuyan kimi özünü o yerə qoymayıb Təyyara qaytardı və dedi:
- Bu mənsur şeirdi. Mən isə mənsur şeir xoşlamıram! Kimin şeiridir? Kimindirsə, maraqsızdır!
- Xoşlamadınsa, fərqi nədir kim yazıb?- dedi, və şeiri cırdı.
Təyyar o qədər dəyişilmişdi, özünü tanımırdı. Özünü lap 15-16 yaşlı yeniyetmə-gənc kimi aparırdı. Çox dəymədüşər,küsəyən olmuşdu.
Nilufər hərəkətləri ilə nə qədər Təyyarın isti münsibətinə soyuqluq səpməyə çalışsa da, nə qədər özünü başa düşməzliyə qoysa da, get-gedə Təyyarın hərəkətlərində, münasibətində qəribəliklər hiss edirdi. O, müdirini heç vaxt bu vəziyyətdə görməmişdi. Qız müdirin ona münasibətinin bu qədər ciddiləşəcəyini gözləmirdi.
Nilufər fikirləşirdi ki, artıq bu münasibətin sonu çatıb. Amma bu son necə gələcək, bilmirdi. Bununla belə, işdən çıxmaq da istəmirdi.
Bir gün səhər Təyyar işə gələndə qapıda dayanıb bir xeyli Nilufərə baxdı. Qız hirslənib əməlli-başlı müdirinə qışqırdı:
- Təyyar müəllim, siz həm ailəlisiz, həm də bizim kifayət qədər yaş fərqimiz var. Xahiş edirəm mənə belə baxmayın!
- Baş üstə! Qoy hər şey sənin istədiyin kimi olsun. Bir dəfə xətrinə dəymişəm, çox qorxmuşam ki, bir də səni görməyə bilərəm.
- Düz fikirləşmisiz. Bir də xətrimə dəyməyin. Belə söhbətlər bir gün məni burdan qaçırda bilər. Bilirsiz ki, işə də ehtiyacım var.
- Narahat olma, daha xətrinə dəymərəm! Düzünü desəm, sənin burda olmağın mənim üçün yetər.
Təyyar dərindən bir “ah” çəkib iş otağına keçdi. Sonra stolun alt siyirməsini çəkib ordan ehtiyat saxladığı konyakı çıxarıb stolun üstünə qoydu. Əslində, içkidən xoşu gəlməsə də, həyəcanını bir az azaltmaq üçün içdi.
Qara eynəkdən görünməyən göz yaşı
Son vaxtlar Təyyarın cümə günündən heç xoşu gəlmirdi. Çünki, ondan sonra şənbə və bazar gəldiyindən iki gün Nilufəri görə bilmir, ona həsrət qalırdı.
Bu gün də iş həftəsinin sonu, cümə günü idi. Axşam saat beşə on dəqiqə qalırdı. Təyyarın gözü qapıda qalmışdı. Bilirdi ki, qız bu dəqiqə qapıdan boylanacaq, “icazə verirsiz, evə gedim?” − deyə soruşacaqdı. Təyyar üçün bu çox gözəl məqamlardan biri idi. Elə bu fikirlərlə xoş anlar keçirdiyi bir vaxt qapı ehmallıca açıldı. Qapının arasından Nilufərin başgicəlləndirici gözəlliyi göründü. Adəti üzrə getmək üçün müdirindən icazə istədi:
- İcazə verirsiz, mən gedim?
Nilufər həmişə müdir-işçi münasibətini gözləyər, Təyyarın ona münasibətindən istifadə etməz, onunla həmişə «siz»lə danışardı.
Təyyar ürəyində dedi: “Allahım, bu qız necə gözəldir. Məni dəli edəcək!”.
- Yaxşı yol, sənə! Pula ehtiyacın varsa, verim!
- Yox, Təyyar müəllim, dünən gedib Nərminədən maaşımı aldım. Çox sağ olun!
- Get, amma darıxacağam! –deyib Təyyar istədi qızın əlindən tutsun.
- Təyyar müəllim, biz sizinlə bu haqda danışdıq. – Qız əlini çəkib, sözünə davam elədi. - Danışdıq ki, bu söhbətlər olmayacaq.
Təyyar pıçıltılı səslə dedi:
- Düzdü, unutdum. Amma xahiş edirəm mənə “siz” demə!“Siz” deyəndə elə bilirəm məndən çox uzaqdasan.
- Bu mənim üçün çətindir. Getdim, sağ olun. Birinci gün gələndə inanıram ki, bugünkü söhbətlərimiz yaddan çıxacaq.
- Bir az otur, niyə iş qurtaran kimi qaçmaq istəyirsən...
- Bəli, doğrudan da, qaçmaq istəyirəm, çünki anam məni gözləyir, evə gec gedəndə nigaran qalır, təzyiqi qalxır.
Nilufər bunu deyib kabinetdən çıxdı. Həmişəki kimi piyada evlərinə getməyə başladı. O, həmişə Təyyarla bu cür görüşüb ayrılandan sonra yolda gözləri yaşarır, yol boyu özünü ağlamaqdan güclə saxlayır, bəzən qara eynək altından ağlayırdı da...
Nilufər də başqa qızlar kimi dəlicəsinə sevmək və sevilmək, ailə qurmaq, körpə böyütmək istəyirdi. Amma aldanmaq, kimisə aldatmaq, haram yemək, yalan üstündə ev qurmaq, bu Nilufərin tərbiyəsində yox idi. Anası Minayə qızını saf, təmiz, zəhmətkeş böyütməyə çalışmışdı. Ona görə də gizlincə iş yerləri axtarıb tapsa da, heç birini bəyənmir, Təyyarla işləməyə üstünlük verirdi. Təyyarın bircə bir qadın kimi ondan xoşu gəlməsəydi, bu iş yeri Nilufərin lap ürəyincə olar, heç təzə iş soraqlamazdı.
Mən də varam, ata...
Nilufər uşaqlıqdan atasız böyümüşdü. Yetimliyin nə olduğunu yaxşı bilirdi. Qızın üç yaşı olanda atası heç bir səbəb olmadan onları atmış, gedib başqası ilə evlənmişdi. Ərinin xəyanəti ilə barışa bilməyən anası Minayə bu hadisədən sonra xəstəlik tapmışdı. Mənəvi sıxıntılar içərisində yaşayan, atılmış qadının bir müddət əsəbdən gözləri tutulmuşdu. Xeyli müalicədən sonra az da olsa görməyə başlasa da, şəkər xəstəliyi Minayədən əl çəkməmişdi. Kimsənin köməyinə arxalanmayan qadın aliment belə almadan qızını təkbaşına böyütmüşdü. Həmişə zəhmətlə çalışmışdı ki, bircə balası heç nədən korluq çəkməsin, heç nəyin fikrini eləməsin. Neyləsə də, ata həsrətini qızının ürəyindən çıxara bilməmişdi.
Bir dəfə Minayə Nilufərin yastığının altından tapdığı bir məktubu oxuyanda dünya başına fırlandı. On üç yaşlı qızının necə ata həsrəti çəkdiyinin şahidi oldu. Məktubda yazılmışdı: “Buz ürəkli atam! Bil ki, həyatda mən də varam. Atalı ikən, atasızam. Bir soraqlasana məni, ata! Bir axtarıb tapsana məni. Eşit məni ata, bu dünyada mən də varam, mən də varam! Axı mən nə günah etmişəm ki, Tanrı məni atasız qoyub? Ata nəvazişindən, ata məhəbbətindən ayırıb? Nə günahın sahibiyəm ki, başqa uşaqlar atalarının əlindən tutub dəniz kənarında gəzəndə mən onlara həsədlə baxıram? Anam fikir edər deyə, onun yanında ağlayıb “atamı istəyirəm”, deyə də bilmirəm.
Anam məni başa düşməz. O, atalı böyüyüb. Atasızlığın nə olduğunu bilmir, atasız böyüməkdən xəbəri yoxdur.
Bircə dəfə sənin yuxuna girə bilsəydim, ata, onda sənə deyərdim ki, mən də varam. Gəl məni axtar, “qızım, Nilufər, balam” deyib, bağrına bas məni.
Sonra bilirəm, sən mütləq məni axtarıb tapacaqsan. Biz səninlə əl-ələ tutub gedərik. Dəniz kənarına yox, gəzməyə yox. Gedərik Bibiheybət pirinə, mən nəzir verərəm, sən də kənardan dayanıb arzusuna çatmış balana baxarsan. Mən səni “ata” deyə çağıraram. Ürəyin istəsə mənə “ay can” deyərsən. Səhvim olsa, acıqlanarsan. Mən bu sözlərə də həsrətəm. Bundan sonra isə əvvəlki kimi ayrılarıq. Sən öz balalarının yanına gedərsən. Mən də qayıdaram tənha qoyduğun, xəstə anamın yanına. Axtar məni ata, axtar məni, mən də varam!”.
Minayə kağızı oxuyandan sonra neçə gün gizlin-gizlin, qızından xəbərsiz ağladı. Danışmağı sevməyən qızının yazdıqlarına məəttəl qaldı. Gör içindəki yanğı, qəlbindəki dərd qızcığazı nə qədər dindirib ki, o belə sözlər yazıb.
Bu məktubu oxuyandan sonra Minayə qızına daha da çox diqqət ayırmağa başladı. İstirahət günləri daha işə getmədi. Nilufəri də götürüb dənizkənarı parka, kinoya, cürbəcür maraqlı yerlərə apardı.
Cavan vaxtından dul qalmış gözəl qadın bütün həyatını Nilufərə həsr eləmişdi. Onunla ailə qurmaq istəyənlər olsa da, balasının xətrinə razı olmamışdı. O, Nilufəri böyüdənə qədər çörək zavodunda isti soba arxasında fəhlə işləmiş, qızını heç nədən korluq çəkməyə qoymamışdı.
Nilufər gözünü açandan anasını əziyyət çəkən görmüş və hər işdə ona kömək eləməyə çalışmışdı. Qız məktəbdə əlaçı oxumaqdan savayı, dərsdən sonra boş vaxt tapan kimi evdə nə iş var idi görərdi. Nilufər istəyirdi ki, anası işdən yorğun qayıdanda dincələ bilsin. Anasından başqa demək olar ki, onun bu həyatda bir yaxını, kimsəsi yox idi. Orta məktəbi yaxşı qiymətlərlə qurtarandan sonra Nilufər çox asanlıqla Tibb İnstitutunun travmatologiya fakultəsinə qəbul oldu.
Buz gözəl
Qruplarında hamıdan gözəli Nilufər idi. O, tez-tez tanıdığı və tanımadığı tələbələrdən sevgi etirafı eşitsə də, onları rədd edərdi. Universitetin oğlanları ona həsrətlə baxar, ondan danışanda, “Görəsən belə gözəllikdə qız hansı bəxtəvərə qismət olacaq”, deyə həsəd apardıqlarını gizlətmirdilər.
Atasından etibarsızlıq görən Nilufər isə heç kəsə fikir vermir, ancaq dərsləri və xəstə anası ilə maraqlanırdı.
Üçüncü kursda oxuyanda anasının vəziyyəti pisləşdiyindən Nilufər tez-tez dərsdən qalmalı oldu. Həm davamiyyətə görə, həm də imtahanlarını vaxtında verə bilmədiyinə görə Nilufər kursda qaldı.
Bu bacarıqlı, istedadlı qızın birdən-birə bu cür dəyişməsi, təhsildən uzaqlaşması Nilufərin xətrini istəyən müəllimlərinə də çox pis təsir eləmişdi. Dekanlıqdan dəfələrlə onun ardınca evlərinə gəlmiş, ancaq hamısı nahaq. Nilufərin təhsilini davam etdirmək üçün nə pulu, nə gücü, nə də vaxtı yox idi.
Ana çox təkid etsə də, Nilufər dedi:
- İndi mənə oxumaq yox, işləmək vacibdir. Bir gün diplomum ola bilər. Onu tapmaq mənim üçün elə də çətin deyil. Amma ananı – mənim əziz anamı heç yerdən tapmaq mümkün olmayacaq.
Belə deyib Nilufər anasını qucaqlayıb öpdü. Ona söz verdi:
- Mən sənin gözəl canına and içirəm və sənə söz verirəm ki, gələn il mütləq institutumu davam edəcəyəm.
- Oxuyub sənət sahibi olacaqdın. Həm işin olacaqdı, həm pulun. Tərsin biri tərssən. Söz eşitmirsən.
Fikirləşməyə vaxt ver
Çörək zavodunda işləməyin anası üçün çətin olduğunu görüb, zəhmətkeş qız işləməyə başladi. O, “Bakı Soveti” metrosu yaxınlığında Çap mərkəzində işləyir, elektron yazı makinasında çap edirdi. Çalışqan idi deyə, ən sürətlə işləyən də, ən çox iş təhvil verən də o idi. Çap mərkəzində hamı Nilufərin xətrini çox istəyirdi. Burda rəisdən başqa hamı cavan idi. Rəis müavini də Azər adlı bir cavan oğlan idi. Mərkəzdə iş bölgüsünü əsasən Azər aparırdı. Nilufərə də çap etmək üçün işi o verirdi. Qız ondan çox razı idi. Hər dəfə işini təhvil verəndə Nilufərin zəhmət haqqını vaxtlı-vaxtında, bəzən də artıqlaması ilə ödəyirdi.
Son günlər ananın vəziyyəti yaxşı olmadığından Nilufər ev işlərini gecə görürdü.
Bir gün axşam Azər Nilufərə otuz beş səhifəlik yazı verib dedi:
- Bu axşam bu yazını çap edib qurtara bilərsən?
Nilufər buna sevinsə də, işin təcili olması onu bir az dilxor elədi. Çünki, axşam saat səkkizə qədər bu yazını o heç cürə çatdıra bilməyəcəkdi. Nilufər iş vaxtı qurtarana qədər on yeddi səhifəni güclə başa vurdu. Azər yazıq bir görkəm alıb dedi:
- Səndən çox xahiş edirəm, işdən sonra qal, bu işi qurtaraq, sonra gedərsən.
- Bu gün nə çatdırsam yazaram, qalanını da səhər günortadan sonra yazaram.
- Yox, olmaz! Bu gün yazılmalıdır. Yazmasan, gərək onda gecə burda qalım, özüm yazım.
- Özünüz çap maşınında yaza bilirsiz ki?
- Elektronda yox, adi çap maşınında iki barmaqla yazıram.
- Onda səhərə qədər ancaq yazarsız.
- Neyləyim, işin sahibinə söz vermişəm.
- Azər müəllim, anam xəstədir, ondan nigaranam, yoxsa qalıb yazardım.
- Allah ananın köməyi olsun. Nə pis oldu... Mən də söz vermişdim. Səhər tezdən götürməli idi.
- Belə bilsəydim, boynuma almazdım.
- Bax, gör mümkünsə, bir-iki saat qal yaz. Maşınla səni evinizə apararam.
- Azər, mən işdən qorxan deyiləm, amma anam nigaran qalar. İstəmirəm o nigaran qalsın.
“Yaxşı get” deyib, Azər başını əlləri arasına aldı. Nilufər onu belə dilxor görüb dedi:
- Yaxşı, onda evə zəng edim, anama xəbər verim ki, geciksəm nigaran qalmasın.
- Bilirdim ki, məni darda qoymayacaqsan, − deyə Azər sevincini gizlətmədi. Onun rəngi özünə gəldi. Tez qalxıb telefonun dəstəyini Nilufərə verdi.
Həmin gün onlar saat on birə qədər qalıb işlədilər. Yorğunluqdan, kompüterə baxmaqdan Nilufərin gözlərinə elə bil qan gəlmişdi. Onun ala gözləri qıp-qırmızı idi. Azər gedib dayanacaqdan maşını gətirdi. Nilufər arxada oturmaq istəyəndə Azər dedi:
- Arxa qapılar boşalıb, xarabdır, açma qapını, sonra çətin bağlanır. Gəl, yanımda otur!
Nilufər istəməsə də, əlacsız qabaqda oturdu. Radiodan gələn gözəl musiqi və sahil tərəfdən əsən meh onu dincəldirdi.
“Bakı gecələri necə də gözəl olur”, - deyə Nilufər fikirləşdi. Elə bil Azər onun fikrini oxudu:
- Görürsən, Bakının gecələri necə gözəldir?
- Mən də indicə onu fikirləşirdim.
- Lap heyran qalmışam...
- İstəsən yarım saat gəzərik, yorğunluğumuz çıxar.
- Yox, yox, mən evə getməliyəm.
Dənizdən əsən meh qızın qıvrım saçlarını üzünə dağıdırdı. Azər istədi onun saçlarını düzəltsin, qız başını kənara çəkdi.
Yol çox uzaq olmasa da, Azər elə yolla getdi ki, yol uzandı. O, hərdən oğrun-oğrun Nilufərə baxır və dərindən ah çəkirdi. Nilufər isə gözəl olduğundan belə şeylərə adət eləmişdi. O, atasının vəfasızlığından sonra heç bir oğlanın “ah-uf”una fikir vermir, onlara inanmırdı.
Azərin səsi Nilufərin fikrini dağıtdı, dediyi sözlər qızı diksindirdi:
- Mən səni sevirəm, Nilufər, mən sənsiz qala bilmirəm.
Nilufər zarafata saldı:
- Azər, telefonda bütün günü danışdığın qızlar sənə azlıq eləyir, üstəlik mənə də eşq elan edirsən?
Azər bu cavabı gözləmədiyindən pərt oldu:
- Nilufər, sən axı kobud qız deyilsən, niyə mənim sevgimə belə sərt cavab verirsən? Heç sən bilirsən mən telefonla kiminlə danışıram? Bax elə biri dayım qızıdır, dostumla ailə qurub, bir aydır ki, küsüblər. Onları barışdıra bilmirəm ki, bilmirəm. Qıza yalvarmaqdan yorulmuşam. Zalım qızı ipə-sapa yatmır ki, yatmır. Bir də ali məktəbi təzə qurtarmışam, qrup uşaqlarımızla danışıram. Qrupumuzun da çoxu qızdır. – Belə deyəndə Azər bir əlini Nilufərin əlinin üstünə qoyub əlavə elədi, - Mən istəyərdim ki, sən mənimlə telefonla danışasan, sən mənə zəng edəsən. Mənim olasan, məni sevəsən. Ondan sonra heç nə istəmərəm.
Azər maşını daha idarə edə bilməyib yolun kənarında saxladı. Gözlərini Nilufərin dodaqlarına zillədi. O dodaqlardan qopan kəlmə onu ya sevindirəcək, ya da məyus edəcəkdi.
Nilufər isə cavab verməkdə çətinlik çəkirdi. O, atasından sonra oğlanlara inanmasa da, çox istəyirdi ki, onun da ailəsi, uşağı olsun. “Azər də pis oğlana oxşamır”, − deyə qız Azərin təklifindən sonra fikrə getdi. Bir də Nilufərin indi əsas problemi xəstə anasını müalicə etdirmək idi. Bunun üçün pul lazımdı. Azər də imkanlı oğlana oxşayırdı. Pul qazanmağı bacarırdı. Özü də yaraşıqlı, dilli-dilavər idi. Bütün bunları götür-qoy edəndən sonra Nilufər yenə də müsbət cavab verməyə tələsmədi:
- Azər, düzü təklifin mənim üçün çox gözlənilməz oldu. Amma dediklərin haqda fikirləşmək üçün mənə vaxt ver! Bu, asan iş deyil, məncə tələsməyək. Bir-birimizi yaxşı tanıyaq.
Azəri bu cavab da qane edirdi. O, sevindiyindən Nilufəri qucaqlamaq istəsə də, qız onun əllərini geri itələdi. Azər pərt olub özünü yığışdırdı. Maqnitafonun səsini artırıb, özü də müğənni ilə birgə oxumağa başladı. O, ürəyindən keçən cavabı aldığından, maşını az qala uçurdurdu.
Azərin xəyanəti
Həmin gündən başlayaraq, Azərlə Nilufərin münasibəti dəyişdi.
Nilufər səhər ofisə gələndə gördü ki, yazdığı yazı hələ də Azərin stolunun üstündədir. Təəccüblə soruşdu:
- Bəs yazını sahibi aparmadı?
- Zəng eləmişdi, dedi, səhər aparacaq, – Deyib Azər stolunun siyirməsini aşıb yazını ora atdı.
Bir gün papkanı yenə Azərin siyrməsində görəndə Nilufər duyuq düşdü ki, işdən sonra qalıb yazı yazdırmaq Azər üçün bir bəhanə imiş. Oğlan onunla bir yerdə təklikdə qalmaq üçün məqam axtarırmış. Amma bir söz demədi.
Onlar telefonla danışmağa və hərdən də görüşməyə başladılar.
Qız Azərin xahişi ilə Çap mərkəzindən işdən çıxdı. Bu Azərin lap ürəyindən oldu.
Üç ay belə davam eləyəndən sonra, bir gün Azər Nilufərlə dedi:
- Gedirəm rayona!
- Hansı rayona? Nə əcəb? – Nilufər soruşdu.
- Öz rayonumuza. Masallıya. Çoxdandır getmirəm, gedim bir ata-anama, baş çəkim, pul-zad verim.
Aradan beş gün keçdi. Azərdən səs çıxmadı. Nilufər ondan nigaran qalıb, dərsdən sonra Azərin iş yerinə − özünün əvvəl işlədiyi Çap mərkəzinə gəldi.
Qızlar Nilufəri görən kimi başına yığışıb onu çaya qonaq elədilər. Ordan-burdan söhbət eləyəndən sonra Nilufər Azəri soruşdu. Cəmilə hamıdan qabaq dilləndi. O, tərcüməçi işləyirdi. Özü də yaman çoxdanışan idi. Azərin qarasınca o ki var deyindi:
- Azər, guya iki günlük rayona getmişdi. Az qalır bir həftə olsun ki, gəlib çıxmır. Mən də pulsuz qalmışam. Gəlsəydi, maaşımızı verərdi. İlin-günün bu vaxtında oğlunu kəsdirməyə vaxt tapdı.
Nilufər əlinin əsməsini hiss edib, stəkanı stola qoyub soruşdu:
- Azər evlidir ki?
- Bilmirdin? Azər neçə ildir evlidir. Oğlunun keçən həftə altı yaşı tamam oldu. Həmin gün də kiçik toyunu eləyiblər. Dediyinə görə, bir qəşəng arvadı da var, amma it oğlu it, şorgözlüyündən əl çəkmir.
- Havalar soyuq olmasaydı, biz də toya gedərdik, − deyə mühasib işləyən Sveta dilləndi.
- Yaxşı sən Allah, sünnət toyunda bizim nə işimiz var? Ora kişilər gedir. Düz demirəm Nilufər? – deyə Cəmilə üzünü dərin fikrə dalmış Nilufərə tutdu.
Nilufər isə ayağa qalxıb, tələsik qızlarla sağollaşdı, “Unutmuşdum, vacib gedəcəyim yer var”, - deyib bayıra çıxdı.
Azərlə yaxınlaşdığı bu üç ayda Nilufər artıq ona isinişmişdi. Azər ona bir gün zəng eləməyəndə darıxır, zəngini səbirsizliklə gözləyir, görüşünə sevinə-sevinə gəlirdi. Bütün arzularını, istəklərini, dərdlərini oğlanla bölüşürdü. Anasından sonra Azəri özünə doğma sayırdı. Azəri görməyəndə çox darıxırdı. Düzdü, hələ belə hisslərini oğlandan gizlətsə də, bu həqiqətdə belə idi.
Nilufər arzularla yaşayır, xəyallar qururdu. Hətta o, gəlin paltarı tikdirmək üçün dərzi də tapmışdı. Artıq cehiz haqqında fikirləşir, nəyi almağın daha vacib olduğunu anası ilə məsləhətləşirdi.
Övladına atalıq etməyi unutma...
Azərin ailəli olduğunu biləndən sonra Nilufər üç gün ac-susuz üzüqoylu yataqda qaldı. Yalnız anasının öyüd-nəsihətindən sonra, onun xətrinə, birtəhər özündə güc tapıb ayağa qalxdı.
İlk dəfə Nilufəri aldadıb işdən sonra saxlaması, kimlərlə isə telefonla pıçıltılı, şübhəli danışıqları, istədiyi işçiyə haqsızlıq edib, birinə az, birinə çox pul verməsi qızın xoşuna gəlməmişdi.
İşdəki qızların da Azər haqda fikirləri kifayət edirdi ki, Nilufər Azərdən ayrılsın.
Sonuncu dəfə Azərlə görüşü çox qısa çəkdi. O, Azərin ona bağışladığı qol saatını və bir neçə xırım-xırda hədiyyəsini gətirib maşının açıq şüşəsindən içəri atdı.
- Verdiyin hədiyylərdir, götür, kiməsə verərsən! Özün isə mənimlə danışmağa belə layiq deyilsən! – deyib getmək istəyəndə Azər maşından düşüb onun qolundan tutdu:
- Nə olub sənə? Bir dəqiqə dayan... Nilufər, qulaq as mənə! Mən arvadımdan ayrılacağam! Sənə sözüm var, dayan!
- Bu sənin birinci yalanın deyil Azər! Sənin hər addımın, hər kəlmən yalandır!
- Nə yalanımı tutmusan, belə danışırsan?
- Niyə ailəli olduğunu məndən gizlədirdin?
- Məlum səbəbə görə! Mən səni sevirdim. Hansı ağlı başında olan qıza desən ki, ailəliyəm, amma boşanacağam, gəl görüşək. Kim razı olar?
- Bünövrəsi yalanla qazılan ailə heç vaxt xoşbəxt ola bilməz! Heyf, səninlə itirdiyim saatlara!
- Dəlilik eləmə, Nilufər! Biz bir-birimizə öyrəşmişik. Mənə üçcə ay vaxt ver. Mən deyən olmasa, onda deyərsən yalançıyam.
- Səndən sonuncu xahişim o olacaq ki, hətta gələcəkdə ayrılsan belə, övladına atalıq eləməyi yaddan çıxartma. Onu atasız qoyma. Mən atasızlığın həsrətini çəkmişəm. Yazıqdır balan!
- Yaxşı, - deyib, Azər daha danışmadı. Çünki, Nilufər sözünü deyən kimi getdi. O, ata haqqında danışan kimi gözləri doldu. Azərin yanında ağlamamaq üçün “Əlvida” deyib, ordan uzaqlaşdı.
İki yol ayrıcı
Ondan sonra harda olursa olsun, Nilufərə söz deyən, tanış olmaq istəyən, ona yaxınlaşmaq istəyən, ona acgözlüklə baxan cavanların hamısını qız Azərə oxşadır, onları acılayıb, özündən uzaqlaşdırırdı. Məhəllədə oğlanlar onun adını “Buz gözəl” qoymuşdular. Həm atasının anasına qarşı etdiyi haqsızlıq, həm də Azərin yalanları Nilufərdə bütün kişilərə, oğlanlara qarşı inamsızlıq, etibarsızlıq yaratmışdı.
Bu günlər Nilufərin pula çox ehtiyacı olduğundan, o iş axtarırdı. Elanları oxuyub Azərbaycan Nəşriyyatına gəldi. Ona təklif edilən iş elə də çətin olmasa da, əmək haqqı çox az idi. Üstəlik iş şəraiti də çox pis idi. Otaqdan elə üfunət qoxusu gəlirdi ki, Nilufərin ürəyi bulandı. Tez ordan uzaqlaşmaq istəyirdi, təsadüfən otağa Rəvan girdi. Elə bu təsadüf də Nilufəri Təyyarın yanına gətirib çıxartdı.
Bu ərəfədə - Nilufərin sıxıntı içərisində olduğu vaxtda o, Təyyarın ofisində işə düzəldi.
Təyyarın ona dəli kimi vurulduğunu görən Nilufər iki yol ayrıcında qalmışdı, işdən çıxsın, yoxsa qalıb işləsin? Onun üçün işdən çıxmaq, pulsuz qalmaq ən dəhşətli bir iş idi. Bunları fikirləşdikcə, qızın gözü önünə yataqda sızıldayan xəstə anası gəlir, həmin dəqiqə daxilinə süstlük çökürdü.
Nilufərin anası tez-tez müalicə alsa da, xəstəliyi get-gedə şiddətlənirdi. Ana, sərbəst həyata yenicə atılmış balasına əziyyət verdiyinə görə özlüyündə xəcalət çəkirdi. Nilufər anasını ən yaxşı həkimlərin yanına müalicəyə aparır, tapılmayan dərmanlarını tapırdı.
Onun indi ürəyində bircə arzusu vardı: anasına yaxşı baxmaq, onun hər bir istəyini yerinə yetirmək, baha da olsa, ən yaxşı dərmanlar tapıb almaq. Anası yatağa düşməmişdən qabaq Nilufər ərköyünlük edər, bəzən onu eşitməz, sözünə baxmazdı. Amma anası ağırlaşandan sonra qızın ürəyi çox yumşaldı. O, xəstə anasının hər kəlməsinə «can» deyər, onun çarpayısının yanından hər dəfə keçəndə onu öpərdi. Nilufər anasını o qədər çox istəyirdi ki, ona canını belə qurban verməyə hazır idi. Çünki o, həyatda ikinci bir adam tanımırdı ki, anası qədər ona əziz və doğma olsun, onu bu qədər sevsin. Fikirləşirdi: «Allah eləməmiş anama nəsə olsa, tamam tək, kimsəsiz qalacağam”. Belə fikirləşəndə onu dəhşət bürüyürdü.
Nilufər üçün işdən çıxmaq acınacaqlı vəziyyətə düşmək demək idi. Çünki o, özünə bu qədər məvacibli iş yeri tapmayacaq, anasının dərmanlarını almaq üçün pulu olmayacaqdı. Nilufərin heç xoşu gəlmirdi ki, atası yaşda bir kişi ona eşq etiraf edir. Yeri gələndə Nilufər Təyyardan da cavan və yaraşıqlı oğlanlara “yox” deyir, tək qalmağa üstünlük verirdi. Bu tək qalmaq istəyi nəinki kişilərə inamsızlığından yaranmışdı, həm də indi o, anasını tək qoyub heç ərə də gedə bilməzdi. Əlbəttə ki, özü ilə apara da bilməzdi.
Qız dözümlü olmağa çalışır, amansız həyatın onun üçün qurduğu dolaşıq torlardan qurtarmaq istəyirdi. Amma təəssüf ki, bəzən özünü gücsüz və kimsəsiz hiss edirdi.
Nilufər Təyyarla olan münasibətlərini hər gün götür-qoy edir, vəziyyətdən münasib bir çıxış yolu axtarır, çıxış yolunu ondan ayrılmaqda yox, onun yanında işləməkdə görürdü.
Həm də qızın Təyyarın xasiyyətindən, işgüzarlığından, ona münasibətindən, çox diqqətli olmasından xoşu gəlirdi. Həqiqətdə müdirinin xətrini çox istəyir, verdiyi tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı.
Tanış ol, rəssam oğlum, Fəriddi
Nilufər işdən gedəndən sonra Təyyar ofisdə çox qalmayıb sexə getdi. Sex rəisinə müəyyən tapşırıqlar verdi, hazır məhsulların keyfiyyətinə baxıb ordan evə getdi. Həyətdə Fəridlə rastlaşdı. Lift işləmədiyindən ata-oğul mehriban-mehriban söhbətləşərək, evə pilləkənlə qalxdılar.
Təyyar oğlunu çox sevirdi. Fərid yanında olanda fərəhindən özünü daha da güclü sayırdı. Rəssam oğlu ilə fəxr edir, onun gördüyü işlərdən, çəkdiyi rəsmlərdən hamıya fəxrlə danışırdı.
Fərid cavan olmasına baxmayaraq, artıq özünün imzası olan, gənc rəssamlar arasında azdan-çoxdan tanınan sənətkar idi.
Çənəsindəki nazik saqqal onu əsl rəssama oxşadırdı.
İstedadlı olduğundan institut rəhbərliyi onun xətrini çox istəyir, əsərlərini təşkil olunan bütün sərgilərə nümayiş etdirirdilər. Hətta institutu bitirəndən sonra belə onunla əməkdaşlıqlarını davam etdirərək, ona sifarişlər verirdilər.
Neçə dəfə olmuşdu ki çəkdiyi portretlər, mənzərələr Respublika sərgisində pul mükafatına və diploma layiq görülmüşdü. Yavaş-yavaş sənət aləmində tanınınır, Beynəlxalq sərgilərdə iştirak edirdi.
Atası kimi hündür boyu, yaraşıqlı qaməti diqqəti cəlb edirdi.
Təyyarla Sevda oğlu ilə fəxr edir, ondan ağız dolusu danışırdılar.
Bu günlərdə isə Fəridi Moskvada keçiriləcək Gənc Rəssamların Beynəlxalq Sərgisinə dəvət etmişdilər. Bu dəvət Fəridin ürəyindən olmuşdu deyə, sənədlərini həvəslə hazırlayırdı. Bircə tərcümeyi-halını yazıb çap etdirməli, bir də sərgidə nümayiş etdirmək üçün aparacağı əsərlər haqqında qısa məlumat yazmalıydı. Buna görə də o şənbə günü atasından ofisin açarlarını aldı ki, özü yazılarını yazsın. Şənbə-bazar iş günü olmadığından Təyyar açarları ona verdi. Fərid yazıları yazdı, amma sona çatanda klavişlər ilişib kağızı çırdı. Yazdığını çap edə bilmədi. Sənədləri isə bazar ertəsi günortaya qədər Rəssamlar İttifaqına çatdırmalı idi.
Bazar günü axşam Fərid evə gec gəldi. Təyyar səbəbini soruşanda dedi:
- Ofisdə yazını yazdım, amma nə qədər elədim, onu çap maşınından çıxara bilmədim. Dolaşdı, qaldı.
- Narahat olma, səhər gedərik ofisə, Nilufər yazıları çıxarar, hara lazımdır aparıb verərsən.
- Gec olmaz?
- Niyə gec olur, işgüzar qızdı, beş-on dəqiqəyə lazım olsa yazacaq, çıxarıb verəcək. O, çap maşınının dilini yaxşı bilir. Bizdə də bir-iki dəfə belə problem olub, qız özü həll edib.
- Onda səhər bir az tez gedərik ki, gecikməyim.
- Yaxşı, deyib Təyyar oğlu ilə razılaşdı.
Səhər onlar ofisə gələndə Nilufər adəti üzrə işdə idi. Fərid içəri girəndə bir anlığa Nilufərə elə gəldi ki, gələn müdiridi. Onun arxasınca Təyyar görünəndə Nilufər müdirinin oğlunu tanıdı. “İlahi, Təyyarın oğlu atasına necə də oxşayır,” − deyə Nilufər öz-özünə fikirləşdi. Elə bil bir almanı yarı bölmüsən.
Ata-bala, hər ikisi boylu-buxunlu, yaraşıqlı idi. Oğlu Təyyarın cavanlığına oxşayırdı. Ən böyük fərqləri onda idi, oğulun iri qara badamı gözləri cavanlıq odundan alışıb yanırdı.
Təyyarın isə gözləri bir az çuxura düşmüş, altı qaralmışdı. Gözü ətrafında qırışlar əmələ gəlmişdi. Gicgahlarındakı saçları da azca ağarmışdı. Nilufər bu qırışlara, ağ saçlara yalnız indi fikir verdi. Sanki indiyə qədər onları görməmişdi.
Təyyar Fəridlə Nilufəri tanış elədi:
- Nilufər, tanış ol, sənə haqqında danışdığım, rəssam oğlum, Fəriddi.
Nilufər ona heyran-heyran baxan oğlana mehribancasına gülümsündü:
- Nə yaxşı! Görkəmindən əsl rəssama oxşayır. Xoş gəlmisiz!
- Çox sağ olun. Gəlmişəm sizə balaca bir əziyyət verəm. Dünən neylədim, yazdıqlarımı çap edə bilmədim. Yəqin ki, siz bilirsiz nədən ola bilər...
- Narahat olmayın, işə gələn kimi gördüm çap maşınına kağız ilişib, yazını təzədən yazdım, çıxartdım.
- Əla, çox sağ olun!
Nilufər stolun üstündən bir papka götürüb onu Fəridə uzadıb dedi:
- Buyurun, bu da papka.
- Dedim ki, mənim işçim nə lazımdırsa edəcək. Götür, daha gecikdirmə, hara lazımdır, çatdır! − deyib Təyyar öz otağına keçdi.
- Nə yaxşı... - Fərid papkadakı sənədi gözdən keçirib dedi. - Onda zəhmət olmasa bu stolun üstünə qoyduğum tərcümeyi halı da yazaq.
- Onu da yazmışam. Dedim əgər stolda qalıbsa, deməli çap etmək lazımdır. Gələn kimi yazdım. O da papkadadır. Əlinizdəki sənədin altındadır.
Qızın həm gözəlliyinə, həm də işgüzarlığına Fərid heyran oldu. Ona təşəkkür edib getdi.
Eynən sənin kimi, alagözlü, qıvrım saçlı...
Nahar vaxtı Fərid bir neçə qızılgül alıb Nilufərə gətirdi. Nilufər yeməyini təzəcə yeyib qurtarmışdı. Pəncərədən bayıra, bağça uşaqlarına baxa-baxa Azərin oğlunu fikirləşirdi. Qapının yavaşca döyülməsi onu xəyaldan ayırdı. Fərid utana-utana içəri girib görüşdü:
- Salam Nilufər!
Nilufərin daxilinə xoş bir sevinc ələndi, gözəl çöhrəsinə qızartı çökdü:
- Salam, Fərid, gəl otur. Necə oldu, yazıları bəyəndilər?
- Hər şey yaxşı oldu. Sənədlərimi qəbul etdilər. Mən də sənə minnətdarlıq etmək üçün birbaşa yanına gəldim, − belə deyib gülü Nilufərə verdi.
- Nə gözəl çiçəklərdi, amma nahaq əziyyət çəkmisən. Neyləmişəm ki, iki səhifəlik yazı nə çətin bir işdir ki...
- Ona görə bütün bazar günüm getdi, ortaya bir şey çıxara bilmədim.
Nilufər güldü:
- Bu saat sənə çay süzəcəyəm.
Yaşıdı olduğundan Fəridə “sən” deməyə başladı.
Fərid həyəcanını gizlətməyə çalışdı:
- Mənə görə əziyyət çəkib çay hazırlama.
Nilufər Fəridi sakitləşdirmək üçün zarafat etdi:
- Müdirimin oğlu ayda-ildə bir dəfə qonaq gəlib, necə olar ki, onu çaysız-susuz yola salım. Çay istəmirsənsə, sərin su verim.
Nilufər soyuducunu açdı, ordan sərin su götürüb, stəkana süzüb Fəridə uzatdı.
Fərid su istəməsə də, stəkandakı soyuq suyu birnəfəsə başına çəkəndə, sanki ciyərlərinə sərinlik çökdü:
- Çox sağ ol! Sənəd hazırlamaq adamı elə yorur ki... Sənəd işi qurtaranda elə bilirsən çiynindən bir yük götürüldü.
Nilufər Fəridin atası kimi şirin danışığına gülümsündü. Get-gedə onların söhbətləri daha da şirinləşdi:
- Nilufər, inanırsan ki, mən qadın, qız obrazı yaradanda həmişə qəhrəmanımı sənə oxşatmışam. Eynən sənin kimi ala gözlü, xumar baxışlı, qıvrım saçlı, dodaqları ətli...
- Maraqlıdır, çəkdiyin varsa, bir gün zəhmət olmasa, gətirərsən, baxaram.
- Niyə ki... Dəvət edərəm, gəlib emalatxanamda baxarsan.
- Gələrəm, maraqlıdır.
- İnan ki görsən, dəli olacaqsan! Eynən sənə oxşar üç portretim var. Təsəvvür eləməzsən ki, gülümsəməyin də rəsmdə çəkdiyim portretdəki kimidir. Çəkdiklərimi çox vaxt satıram. Amma onları satmağa əlim gəlməyib.
- Çox maraqlandım, gəlib baxmaq istərəm.
- Mütləq! Zəng edərəm, nə vaxt boş olsan gedərik.
Fərid gedən kimi elə bil Nilufərin sevincini də özü ilə apardı. Qız özündən ixtiyarsız dərindən bir “ah”, çəkdi.
Qığılcım
Sabahısı gün naharda Fərid Nilufərin yanına gələndə qız çox sevinmədi. Bunu Fərid də hiss eləyib, pərt oldu.
Sonra üç-dörd gün Nilufərin yanına gəlməsə də, hər gün ona zəng elədi. Dördüncü gün isə oğlan qızın yanına gələndə onların baxışlarından elə bil qığılcım çıxdı.
Bununla belə, Nilufər xahiş elədi ki, o bir də ofisə gəlməsin. Fərid səbəbini başa düşməyə çalışdı. Fikirləşdi, yəqin qızın sevdiyi var. Ona bir daha ofisə gəlməyəcəyinə söz verdi.
Nilufər ilk görüşdən Fəriddən çox xoşu gəlsə də, Fəridin atasının ona olan münasibətinə görə oğlandan ayrı durmağı qərar verdi.
Fərid bir neçə gün verdiyi sözə əməl eləsə də, bir gün dözə bilməyib yenə Nilufərin yanına gəldi.
Bu sevgiyə görə hər şeyi qurban verməyə dəyər
Əvvəllər Nilufər Fəridin idarəyə gəlməsini istəmir, ondan uzaq qaçmağa çalışır, onunla üz-üzə oturmaq istəmirdi. Amma az bir müddətdən sonra hər şey dəyişdi.
Qızda özü də anlamadan tamam bir-birinin əksi olan hisslər yarandı. Nilufər daha Fəridlə soyuq davranmır, əksinə, oğlana olan mehrini açıqcasına büruzə verirdi.
Fərid isə Nilufərin bütün hərəkətlərinə göz qoyur, özlüyündə qızın ona olan münasibətini götür-qoy edir, nəticə çıxarmağa çalışırdı. Hərdən baxışları qarşılaşanda, Nilufər Fəridin gözlərinə baxmamağa çalışır, qorxurdu ki, Təyyar onların münasibətindən xəbər tutsa, onu işdən qovar.
Amma baxışlarını nə qədər gizlətməyə çalışsa da, rəssam gözündən heç nə yayınmadı, içərisindən alov çıxan, odlu baxışlar Fəridin ürəyini alovlandırdı.
Nilufərə elə gəlirdi ki, o Fəridi neçə illərdir tanıyır. Onu özünə doğma bilir, çəkinmədən bütün dərdlərini açıb ona demək istəyirdi. Hətta Azərlə görüşəndə belə Nilufər özünü tənha sayır, düşdüyü bütün çətinliklərdən təkbaşına yollar axtarırdı.
Bəzən Nilufərə elə gəlirdi ki, o hansısa bir dərdini Azərə danışsa belə, o qulaq asmırdı. Qız Azərdən çox çəkinirdi. Çünki aralarında səmimiyyət yox, yalan vardı. Bu səmimiyyətsizliyin arxasında böyük bir yalan gizlənirmiş. Onları ayıran “yalan”.
Nilufərə görə Fəridi heç kimlə müqayisə etmək olmazdı. O, bir baxışdan, bir sözdən Nilufəri başa düşürdü. Fəridin istəyi, sevgisi onun bütün hərəkətlərindən hiss olunurdu. Nilufər belə bir sevgini itirsəydi, heç zaman tapa bilməyəcəkdi. Ona görə də qız çox fikirləşirdi.
Yenə də Nilufərin qarşısına yalan çıxdı. Amma indi qızın özü bu yalanın içərisində azıb qalmışdı. Düzünü Fəridə desəydi, Təyyarın ona münasibətini xəbər versəydi, ola bilərdi ki, Fəridi bir daha görməsin. Amma görmək istəyirdi.
Bir yandan da , həqiqəti Təyyara necə deyəcəyini düşünürdü.
Bir gün beynindəki dolaşıq fikirlər Nilufəri o qədər yordu ki, o qərar verdi: “Bu sevgiyə görə hər şeyi qurban verməyə dəyər”. Və həmin gün Fəridlə ilk dəfə görüşdü.
Hələ ailə qurmaq tezdir
Nilufər həmin vaxtdan elanlara baxmağa, özünə təzə iş axtarmağa başladı. O bilirdi ki, Nilufərin onun oğlu ilə görüşdüyünü bilsə, Təyyar mütləq onu işdən çıxardacaq. Həm də görüşməklərinə mane olmağa çalışacaq. Buna görə də onlar bir yerdə işləyə bilməz.
Nilufər daxilən çox narahat olsa da, büruzə vermir, bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı. Qız ilk gündən Təyyarın ona dikilən sevgi dolu, odlu baxışlarını hiss eləmişdi. Amma bu baxışların onun üçün elə də əhəmiyyəti yox idi. İndi bircə istəyi var idi. Təzə iş tapana qədər burada işləsin ki, xəstə anasına baxa bilsin.
Nilufər müdirinin ona qarşı məhəbbətinin gündən-günə artdığını açıq-aydın hiss edirdi. Təyyarın xətrini nə qədər istəsə də, onun sevgisi qızda kişilərə qarşı nifrətdən savayı heç bir hiss oyatmırdı. Bir yandan onun qəlbinə dəyməyə ürəyi gəlmir, başqa tərəfdən qorxurdu ki, onu işdən çıxarar.
İşsiz qalmaq isə Nilufərin şəkər xəstəliyindən əzab çəkən anasının dərmansız və ac qalması demək idi. Yaxın qonşulardan çoxdan aldıqları borclarını təzəcə verib qurtarmışdılar. Buna görə müdirinin nazı ilə oynamaqdan başqa bir yol görmürdü. Nilufər bu haqda o qədər fikirləşirdi, az qalırdı dəli olsun.
Fərid hər dəfə ofisə gələndə Nilufərin daxilində bir sevinc oyanırdı. Bu sevinc Fərid çıxıb gedənə qədər onunla olur, sonra yox olurdu. Bu hər dəfə təkrar olunurdu. Hiss olunurdu ki, cavanların hər ikisi eyni hissləri keçirir, bir-birləri üçün darıxırlar.
Bu hisslər az zaman ərzində, böyüyüb onların özləri də hiss etmədən sevgiyə çevrildi. Bu iki gənc harada olsaydılar, qəfəsdəki quş kimi çırpınır, həmişə bir-birinin yanına can atırdılar. Amma hər dəfə ailə qurmaqdan, evlənməkdən söhbət düşəndə Nilufər Fəriddən tələsməməyi xahiş edirdi:
- Bizim yaşımız azdır, ailə qurmaq hələ tezdir.
- Sevənin varsa, yaşın həddi-buluğa çatıbsa, bizim bir yerdə olmağımıza nə maneə ola bilər?
- İşləyək, özümüzü həyata hazırlayaq, sonra evlənərik. Xahiş edirəm səndən.
- Necə istəyirsən, təki sən istəyən kimi olsun.
Düzü, qızın bu sözləri Fəridi həmişə nigarançılıqda saxlayırdı.
Nilufər Fəridə yaxınlaşdıqca, Təyyarın ona münasibəti qızı daha çox narahat edir, ona daxilən əzab verirdi. Bu işin üstünün bir gün açılacağını, Fəridin ondan üz döndərəcəyini ağlına gətirəndə dəli kimi olurdu. Qız Təyyarın ona olan münasibətinə birdəfəlik son qoymaq istəyir, bunu necə edəcəyini bilmirdi. Təyyara yazığı da gəlirdi.
Nilufər Fəridlə bağlandığı gündən Təyyardan uzaqlaşmağa, tez-tez müxtəlif bəhanələrlə işdən yayınmağa başladı. Qız evdə olanda da yatağından qalxmaq istəmir, gələcək həyatını qurmaq üçün yollar axtarırdı.
Elə bir çıxış yolu axtarıb tapmaq istəyirdi ki, sonda Fəridsiz qalmasın. Həm də çox hörmət elədiyi müdiri ondan inciməsin. Elə bir yol tapmaq istəyirdi ki, Təyyar onu gəlini kimi qəbul etsin.
Bütün bunları yoluna qoymaq üçün Nilufər munasib yollar axtarır, amma heç bir çıxış yolu tapa bilmirdi. Sanki, sevgisi ilə bağlı olan yollar onun üzünə bağlanmışdı.
Nəhayət, bütün bu yorucu fikirlərdən sonra Nilufər düşündü ki, Təyyarla özü danışsın və hər şeyi ona desin. Qərara gəldi ki, səhər işə çıxanda qəlbini didib-parçalayan nigarançılıqdan qurtarmaq üçün müdiri ilə açıq söhbət eləsin.
Nilufər bilirdi ki, Təyyar bu xəbəri eşitsə haldan-hala düşəcək, hirslənib özündən çıxacaq. Amma daha neyləməli, bunun bir sonu olmalıydı, yoxsa yox...
Ürəyində Təyyara deyəcəklərini dönə-dönə təkrar edirdi ki, fikirləri, sözləri yadından çıxmasın.
Təyyar qızın tez-tez işdən qalmağını anasının xəstəliyi ilə əlaqələndirirdi. Fikirləşirdi ki, yəqin pula ehtiyacı var. Ona görə də səhər işə gələn kimi cibindən 100 manat çıxarıb stolun siyirməsinə qoydu ki, Nilufər gələndə ona versin.
İstəyirsən, mən sənin gəlinin olum...
Təyyarın xoşbəxt günlərindən biri idi. Nilufər kabinetində o tərəf bu tərəfə keçir, gah güllərə su tökür, gah da dağılmış sənədləri səliqəyə salırdı. Təyyar da onun gözəlliyinə, hərəkətlərinə heyran-heyran baxırdı.
Bir yerdə işlədikləri müddətdə sanki qız daha da cazibədar olmuşdu. Təyyarın dost-tanışlarından biri Nilufər haqqında bir söz soruşanda, o qısqanclıqdan əsəbləşir və həmin adamı acılayıb susdururdu. İstəmirdi ki, kimsə Nilufərin adını çəksin.
Bu gün Nilufərin çöhrəsində solğunluq görünsə də, o həmişəki kimi çox gözəl idi. Otaqda çox var-gəl eləməyindən hiss olunurdu ki, sözlü adama oxşayır, nəsə demək istəyir.
Təyyar onu tanıdığı vaxtdan xasiyyətinə yaxşı bələd olmuşdu. Buna görə də qızı üzbəüz stulda oturdub, yavaş səslə soruşdu:
- Necəsən? Bir az gözümə pərişan dəyirsən.
- Çox sağ olun,yaxşıyam! − deyə qız qıp-qırmızı qızardı.
- Anan necədi? Siyirməyə pul qoydum, götür, dərman almağa lazım olar.
- Sağ olun, yaxşıdır, amma nahaq əziyyət çəkirsiz, pula ehtiyacım yoxdur.
- Bu ay gəlirimiz pis olmayıb, çəkinmə, götür, aylıq mükafat ayırmışam işçilərə, o da sənin haqqındır.
- Düzünü deyirəm, pulum var!
- Yaxşı, pul söhbətini qurtar! Sözlü adama oxşayırsan. Deyəsən, nəsə sözün var idi mənə, − deyə Təyyar əlini uzatdı Nilufərin əlindən tutsun, qız diksinib əlini çəkdi. Rəngi qızardı. Sonra qəfildən başını qaldırıb düz Təyyarın gözlərinin içinə baxdı. Təyyar ona zillənmiş bu gözəl gözlərin gözəlliyinə davam gətirə bilməyib haldan-hala düşdü. İlahi, Nilufərin gözləri Təyyarın dik gözlərinin içərisinə baxanda necə də gözəl görünürmüş. Niyə bu vaxta qədər Nilufər heç vaxt Təyyara belə baxmayıb. Bu baxışlardan özünü itirib pıçıltılı səslə dedi:
- İlahi, sən bir gözdə gözəlliyə bax!
Nilufər sanki bu sözləri eşitmirmiş kimi ürəyində əzbərlədiyi sualı bərkdən, titrək səslə soruşdu:
- Sən istəyərsən ki, mən sənin gəlinin olum?
Təyyara elə gəldi ki, kimsə qəfildən ona möhkəm bir şillə vurdu. Elə bil kimsə onu göyə qaldırmışdı, indicə yerə çırpdı.
Eşitdikləri bir anda qulaqlarında əks-səda verib, beynini titrətdi. Bəlkə də bu sözlər bir dəqiqədə beyni ilə ürəyi arasında min dəfə dövr elədi. Əvvəlcə eşitdiyini dərk eləmədi. Düşünmə qabiliyyəti bir anlığa dondu. Az sonra vəziyyəti anlamağa başlasa da, dili güclə söz tutub ancaq bunu deyə bildi:
- Sən nə dediyini özün dərk edirsən, Nilufər?
- Daha gizlədə bilmirəm, mən Fəridi sevirəm, o da məni sevir. Bizi bir-birimizdən ayırma, nə olar!.. Çox öyrəşmişəm ona, - deyib, Nilufər gözlərinin yaşını dayanmadan tökdü.
Təyyar yerində quruyub qalsa da, onun gözləri qəzəbdən az qala hədəqəsindən çıxacaqdı. Sonra Nilufər başını aşağı saldı deyə, ona zillənən baxışlardakı nifrəti, nə də sonra bu gözlərdən axan göz yaşını gördü.
Təyyar Nilufəri ağlaya-ağlaya qoyub kabinetdən çıxdı. Necə maşına mindi, necə onu sürdü, bilmədi. Bir də ayılanda özünü evdə gördü.
Fərid onunla qarşılaşanda məəttəl qaldı. Çünki atası təzəcə getmişdi işə. Təəcübünü gizlətmədi:
- Ata, nə əcəb qayıtdın, xəstələnməmisən ki?
Təyyar halsız-halsız cavab verdi:
- Fərid, elə bir şey eşitmişəm ki, kaş xəstələnəydim, amma o xəbəri eşitməyəydim. Otur, səninlə ciddi söhbətim var.
Xeyir-duanı istəyirəm, ata
Yaxşı ki, Sevda evdə yox idi. Təyyar işə gedəndə yolüstü onu bazarda düşürtmüşdü. Bilirdi ki, hələ gec qayıdacaq. Ona görə də oğlu ilə təkbətək söhbət eləməyə imkan vardı. Həyəcanla sözə başladı:
- Gəlmişəm Nilufərdən eşitdiyimi sənin öz dilindən eşidəm.
Fərid gülümsünüb dedi:
- Nə deyib ki Nilufər?
- Deyir bir-birinizi sevirsiz!
- Düz deyir, sevirik! Buna görə işdən bir də qayıtmısan? Zəng edərdin, danışardıq.
Fərid belə soyuqqanlı danışanda Təyyar lap hirsləndi:
- Fərid, söhbəti başqa səmtə döndərmə. Məsələ ciddidir. Sən düşündüyün kimi elə də sadə deyil. “Sevirik, deməli hər şey bitdi”, deyil.
- Ata, nə olub ki, bu qədər həyəcanlısan?
- Həyəcanımın səbəbi var. Niyə bu vaxta qədər bunu məndən gizlətmisən?
- Mən özüm deyəcəkdim sənə. Nilufər deyəsən məni qabaqlayıb. Bu həqiqətən də belədir!
Fərid bunu deyəndən sonra utandığından qızarıb, başını aşağı saldı. Təyyar əsəblərini cilovlaya bilməyib səsini qaldırdı:
- Ona görə tez-tez gəlirdin ofisə?
Atasının birdən-birə özündən çıxıb səsini qaldırmasından Fərid də həyəcanlandı. Ürəyinə şübhələr doldu:
- Ata, burda hirslənməli nə var ki, sən belə qışqırırsan? Nilufərdən çox xoşum gəlir. Onunla söhbətim, xasiyyətim o qədər tutur ki, hətta gələcəkdə onunla ailə də qurmaq istəyirəm! Burada qəribə nə var ki?
Fəridin sərt və kəsə cavabı ilə elə bil atasının ürəyinə bıçaq sancdı. Onun hədəqəsindən çıxmış gözlərini görəndə qorxub əlavə elədi:
- Əlbəttə ki, sənin xeyir-duanla.
- Mənim katibəmlə gizlin-gizlin eşq macərası yaşayırsan, bir dəfə mənə deməyə dilin gəlmir.
- Ata, mən artıq uşaq deyiləm. O cavanlardan da xoşum gəlmir ki, ata-anası ona qız tapır, evləndirir.
- Bu işdə evlənməkdən söhbət gedə bilməz!
- Niyə ki, ata? – deyə Fərid sakit-sakit soruşdu. Onun bu sualından Təyyar özünü yığışdırdı. Həqiqətən də: “Niyə”. Cavabında nə desin? Əvvəl bimədi nə cavab versin. Sonra gedib qapını açarla bağladı ki, birdən Sevda gəlib, onların söhbətini eşidər.
- Fərid, ağlını başına yığ! Siz ayrı-ayrı adamlarsız. O qız sənin tayın deyil, − deyə, Təyyar özünü birtəhər sakitləşdirib oğlunu dilə tutmağa başladı.
“Sənin tayın deyil”, deyəndə Fəridin ağlına ilk gələn şey qızın tərbiyəsi oldu:
- Necə tayım deyil? Əxlaqında nəsə pis bir şey var?
- Yox, bu vaxta qədər ondan səhv, artıq hərəkət görməmişəm!
- Bəs niyə onun haqqında pis fikirdəsən?
Fərid əvvəlcə atası ilə utana-utana danışırdı. Sonra onun heç bir səbəb olmadan Nilufəri pisləməsi Fəridi hövsələdən çıxartdı:
- Bilirəm, sən mənim bədbəxt olmağımı istəməzsən. Amma düzünü bilmək istəyirəm ki, nə səbəbə bizim yaxınlığımızı istəmirsən? Axı biz bir-birimizi sevir, bir-birimizdən ayrı qala bilmirik.
Təyyar hövsələdən çıxır, Fəridi üstüörtülü başa sala bilmirdi. Oğlu isə əl çəkmir, həqiqəti bilmək istəyirdi. Təyyar da Fəridə hər şeyi olduğu kimi demək istəmirdi. Söhbət uzanır, Fərid hövsələdən çıxırdı.
Təyyar elə vəziyyətdə idi ki, ürəyi az qala partlayacaqdı. Bilmirdi oğluna bu yaşda sevməyini desin, ya deməsin. Amma vəziyyətdən çıxış yolunu həqiqəti deməkdə görürdü. Nilufərə olan sonsuz sevgisinə görə düzünü deməyi qərara aldı. Beynində fikirlərini oğluna necə deyəcəyini götür-qoy elədi.
Fərid hirsindən kömür kimi qapqara qaralmışdı. Elə bil kimsə onu boğurdu. Get-gedə əsəbləri tarıma çəkilirdi. Təyyar oğlunu bu vəziyyətə gətirdiyinə peşiman olsa da, danışmalı, Nilufərə sevgisini etiraf etməli idi. Buna görə özünü toplayıb dedi:
- Elə isə gəl, ata-oğul kimi yox, iki yad kişi kimi danışaq!
- Ata, necə danışırsan danış, amma danış, bilim nə baş verir...
- Niyə axı tərsliyinə salıb, mənə hər şeyi danışmağa məcbur edirsən. Nilufər mənim işimə gələn gündən ağlımı başımdan çıxarıb, mən onun dərdindən dəli olmuşam. Özü də bilir. Nə əcəb deməyib sənə? Gərək əvvəldən deyəydi. Bilir ki, mənim ona münasibətim necədir.
- Necə yəni başqa cür olub, başa düşmədim?!
- Belə də, mən onu həmişə sevmişəm, özü də etiraz eləməyib. Əlbəttə razı olmasaydı, işdən çıxardı. İşdən çıxmayıbsa, deməli, özünün də ürəyincə olub. İstəmirdim səninlə açıq danışım, amma iş bu yerə çatıbsa, deməyə məcburam. O, bizim evə gəlin gələ bilməz. Bu mümkün olan bir şey deyil!
Bu sözləri deyəndən sonra elə bil Təyyarın çiyinlərindən çox ağır bir yük götürüldü.
- Sən neyləmisən, ata, - deyib, Fərid əllərini başına çırpdı. Sonra isə dizi üstə yerə oturdu. Bir neçə dəqiqə belə vəziyyətdə qalandan sonra o biri otağa keçib vaxt itirmədən ofisə, Nilufərə zəng etdi. Onlar xeyli danışdılar. Qaranlıq qalan çox şeyi aydınlaşdırdılar. Lap sonda Fərid telefonda qışqırdı:
- Bəs sən hansı üzlə bizim evə gəlin gələcəkdin? Tərbiyəsizin biri, tərbiyəsiz! − deyib dəstəyi yerə çırpdı.
Sənə qız qəhət idi...
Ata-oğul münasibəti aydınlaşdırslar da, Təyyar bu söhbətdən sonra həm utandığından, həm də oğlunun bu halını görməmək üçün evdən çıxdı. O, həm də işə tələsdi ki, Nilufəri sakitləşdirsin, ona sonsuz sevgisini bildirib, Fəriddən uzaqlaşdırsın. Əvvəlki kimi xoşbəxt günləri başlasın.
Nilufərin hər nazına dözməyə razı olan Təyyar indi başa düşdü ki, son vaxtlar niyə Nilufər tez-tez işdən yayınırmış. Son bir ayda qız neçə dəfə icazə alıb işə də gəlməmişdi. Bütün bunlar Təyyarın yadına düşdükcə, ürəyi od tutub yanırdı.
Evdən çıxıb tez ofisə getdi. Ofisin qapısı bağlı idi. Qapını təzəcə açmışdı, telefon zəng çaldı. Nərminə idi. O, Təyyarın səsindən bildi ki, kefi yoxdur. Qorxa-qorxa soruşdu:
- Nə olub Təyyar, bir şey baş verməyib ki?
- Yox, sözünü de!
- Nilufər gəlmişdi. Ağlamışdı. Özünü çox pis hiss edirdi, ofisin açarını mənə verib getdi.
- Demədi nə olub?
- Yox, deməyinə bir söz demədi, amma mənə elə gəldi ki, o daha işə gəlməyəcək.
- Gəlmir, gəlməsin! – Təyyarın dili belə desə də, ürəyi bu xəbərdən çırpınmağa başladı. Sonra kədərli musiqiyə qulaq asa-asa konyak içdi. Sərxoş olub sevdiklərinin qarasınca deyindi: “Sən neylədin, Nilufərim?”, “Fərid, məgər sənə qız qəhət idi? Siz niyə belə elədiz? Niyə mənə xəyanət edib sevincimi əlimdən aldız?”, deyə, onları ürəyində qınayıb, xeyli ağladı.
Axşam evə gələndə Sevda ərini üzü qızarmış, gözü şişmiş görüb qorxdu:
- Nə olub sənə Təyyar? Gözlərin niyə şişib?
Təyyar ağlına gələn yalanı uydurdu:
- Tanış oğlan var idi, rayona gedəndə qəzaya düşüb, halı pisdir.
- Allah köməyi olsun, çox ağırdır? Kim idi, mən tanıyıram?
- Yox, tanımırsan.
- Yemək isidim sənə?
- Yox. Yorğunam, bir az uzanmaq istəyirəm.
Sevda ərini heç vaxt bu halda görmədiyindən, qorxdu. Tez yatağını açdı ki, uzansın.
Təyyar gecəni çox pis yatdı. Azca yuxuya gedən kim Nilufəri yuxuda gördü. Hər dəfə qızı yuxuda gülümsəyən görürdü. Bu dəfə isə onu dənizdə boğulan, “imdad” deyib köməyə çağıran gördü.
Səhərisi gün Təyyar işə gələndə Nilufəri ofisdə görmədi. O hələ də ümidini itirməmişdi ki, Nilufər işə gələcək. Qızı yerində görməyəndə gözlərinə qaranlıq çökdü. Divara söykəndi ki, yıxılmasın. Ofisdəki boşluq, lal-sükut onun içinə, oradan da daxili dünyasına doldu. Həmin andan da işıqlı dünyadan ayrılıb qaranlıq dünyaya düşdüyünü hiss elədi.
Bəlkə də, bir gün qayıdıb gələr...
Aralarında baş verən söz-söhbətdən bir neçə gün keçsə də, Fərid atası ilə soyuq davranır, ona salamı da az qala güclə verirdi. Sevda aradakı soyuqluğun səbəbini bilmədiyindən ərini sorğu-suala tutdu:
- Nə olub, ata-bala gözümə birtəhər dəyirsiz? Fərid bir səhv iş tutmayıb ki?
Təyyar həyat yoldaşının olanları bilməsindən qorxurdu. Sonra onunla da söz-söhbət başlayacaqdı. Təyyarın buna dözməyə gücü qalmamışdı. Ona görə də Sevda ona belə suallar verəndə tez söhbəti dəyişir, araya başqa söhbət qatırdı:
- Sən hər şeyə şübhə ilə baxırsan. Biz Fəridlə həmişəki münasibətdəyik. Yaxşısı budur, hazırlıq işləri gör, bu-gün sabah Türkiyədən qonağın gələcək.
- Nəcməddin gəlir? Nə yaxşı oldu, nə vaxtdır ki, gəlmək istəyir, gəlib çıxa bilmir. Onda qazın gözlərini düzəltdir, düz-əməlli işləmir. Bir çaynik suyu bir saata qaynadır. Qonağın yanında biabır olaram.
- Sənin də bütün problemlərin qonaq gələnə qalar həmişə,− deyə, Təyyar Sevdaya irad tutdu, - daha nə problemin var, de.
Sevda ərinin acıqlanmağının fərqinə varmayaraq, sözünün ardını gətirdi:
- Hə, bir də hamamın duşundan su yaxşı tökülmür. Türklərin isə çoxu səhər duş qəbul edir. Onu da düzəltdirsən yaxşı olar.
- Volodyaya zəng edərəm, gələr, hamısını düzəldər.
Bir neçə gündən sonra Nəcməddinin gəlişi ata ilə oğul arasındakı soyuqluğu nisbətən aradan götürdü. Nəcməddin öz zarafatları, mehribanlığı ilə ailəyə bir istilik, mehribanlıq gətirdi.
Təyyar Nəcməddinlə dörd il bundan əvvəl Elmlər Akademiyasında keçirilən Beynəlxalq Elmi Konqresdə tanış olmuşdular. O vaxtdan da dost idilər. İndi yenə də elmi araşdırma aparmaq üçün gəlmişdi. Bakıya ikinci gəlişi idi. Nəcməddin tək yaşayırdı. Ailədən söz düşəndə çox bikef olurdı. Dövlət adlı sevdiyi qızla iki il bir yerdə mehriban yaşayandan sonra qayınanası qızını götürüb Almaniyaya getmiş, həmişəlik orada qalmışdılar. Nəcməddin Dövlətdən danışanda həmişə gözləri yaşarırdı.
O, Bakıya bir həftəlik gəlmişdi. Hamı pərvanə kimi qonağın başına fırlanırdı.
Bir neçə gün Fərid qonaqla şəhəri gəzəndən sonra atasına dedi:
- Bu gün emalatxanada vacib işlərim var. Bəlkə, bu gün Nəcməddin bəylə sən gəzəsən?
- Olar, gəzərəm!- Deyib Təyyar razılaşdı. Nəcməddin bəyi də götürdü, şəhərə çıxdılar.
Qız qalasına qalxdılar, Tarix muzeyini gəzib, Dənizkənarı parka getdilər. Qonaq ilk dəfə gördüyü yerlərə acgözlüklə baxır, Təyyar isə öz xoş xatirələri ilə baş-başa qalıb xəyallara dalırdı. O, lap cavanlar kimi dəniz kənarında qoşa gəzən aşiqləri görür, onlara həsrətlə baxırdı. Ürəyində xoş arzular baş qaldırır, planlar qurur, qara sevdasını xilas etmək üçün yollar axtarırdı. O düşünürdü ki, Fəridlə olan söhbətindən sonra oğlu daha heç vaxt o qıza yaxın getməz. Təyyar buna əmin idi.
Bir də Təyyar fikirləşirdi: “Qoy aradan bir müddət keçsin, ara soyusun, Nilufərin bir az kefi açılsın... Yəqin bir müddətdən sonra pula da ehtiyacı yaranacaq. Onda bəlkə də gələr işə”.
Belə şirin xəyallarda olan Təyyar Dənizkənarı parkda gəzəndə “Sahil” restoranının qarşısında başını qaldırıb yuxarı baxsaydı, üst mərtəbədə qol-boyun oturmuş, dünyada ən çox sevdiyi iki adamı − Fəridi və Nilufəri görərdi.
Bu günü görmək mənə də nəsib oldu
Təyyar hündür boylu, şux qamətli idi. Gicgahlarındakı ağarmış saçları Təyyara yaş yox, yaraşıq verirdi. Bəzən cavan qızlar ona altdan-altdan göz qoyanda o əsəbləşir, onları ürəyində qınayırdı.
Təyyar üçün həyatda bir qadın var idisə o da Nilufər idi. O hər yerdə, hər addımda Nilufəri axtarırdı. Ona elə gəlirdi ki, Nilufəri küçədə bircə dəfə görsə, ürəyi yerinə gələr, dünyada heç bir dərdi-səri olmazdı. Hərdən də ağlına cürbəcür səfeh-səfeh fikirlər gətirir, xəyallar qururdu. Bircə arzusu var idi ki, kaş Nilufər yenə də onunla işləyəydi.
Onun belə şirin xəyalları bitib-qurtarmırdı. Təyyar bu xəyalları qurmaqdan yorulmur, doymurdu. Xəyallardan ayılanda, Nilufərin ondan çox-çox uzaqda olduğunu dərk edəndə əsəbləşir, bu geniş dünyada özünə yer tapa bilmirdi.
Təyyar təbiətən mülayim adam idi, qəddar deyildi. Amma onun sevgilisini əlindən alan oğlu yox, başqası olsaydı, Təyyar bəlkə də onu öldürərdi. Nilufər hazırda onun üçün canından əziz idi.
Yəqin ki, insana ən güclü dərsi həyat verir. Hələ həyatı yaxşı dərk etməyəndə adam elə bilir ki, can hər şeydən əzizdir. Amma azca həyatı dərk edəndən sonra anlayır ki, yox, candan qat-qat əziz şeylər var. O şeylər ki, onlar üçün məmnuniyyətlə canından keçməyə dəyər. – Təyyar belə fikirlərlə gəzir, danışmırdı. Birdən Nəcməddinin səsi Təyyarı bayaqdan fikirlərindən ayırdı. O, soruşdu:
- Təyyar bəy, gör neçə ildir ki səni tanıyıram, heç səni belə fikirli, dalğın, üzgün görməmişdim. Nə olub sənə? Gözümə çox kədərli görünürsən. Məndən heç nəyi gizlətmə, bəlkə sənə bir köməyim dəydi.
- Nə danışırsan, Nəcməddin bəy? Biz dostuq, bir şey olsa, mən sənə demərəmmi?, − deyə Təyyar, əlbəttə ki, heç nəyi boynuna almadı.
Təyyarın fikrincə bu heç danışılası, deyiləsi bir şey də deyildi. Qonaq Təyyarın başına gələni bilsəydi, bu ailə haqqında nə düşünərdi...
Dostlar yorulana qədər şəhəri gəzdilər, axşamçağı yorğun evə qayıdanda yeməyin xoş ətri onları vurdu. Təyyar o saat bildi ki, Sevda plov bişirib. Bir azdan süfrə arxasına oturanda Təyyar yavaşca Sevdadan soruşdu:
- Fərid nə əcəb yoxdu, özü də bilir evdə qonaq var.
- Nə bilim, mən də məəttəl qalmışam. Həmişə arada zəng edərdi. İndi heç zəng də eləməyib. − Sevda təəccüblə dedi.
- Bəlkə emalatxanadadı, başı qarışıb, saatdan xəbəri yoxdu...
Təyyar emalatxanaya zəng vursa da, dəstəyi qaldıran olmadı.
Şam yeməyindən sonra telefon zəng çaldı. Danışan Fərid idi. Təyyar nigaran-nigaran soruşdu:
- Hardasan? Gec gələcəksən?
- Ata, çox vacib işim var. Gələ bilmirəm. Siz narahat olmayın, mən bir-iki saata gələrəm.
- Əvvəldən desəydin... Gözləməzdik səni, Anan da bayaqdan nigaran qalıb.
- Deyə bilmədim!
- Gec gəlmə,− deyib, Təyyar dəstəyi yerinə qoydu. Sevda nigarançılıqdan qurtardı. Bayaqdan bəri bir söz deməsə də, həyəcandan özündə-sözündə deyildi.
Aradan neçə saat keçsə də, Fərid gəlib çıxmırdı. Hamı yatmağa hazırlaşanda qapı döyüldü. Qapını Sevda açdı. O, həmişə Fəridi qapının ağzındaca öpərdi. Bu dəfə də adəti üzrə oğlunun üzündən öpəndə sevincək oldu:
- Pəh-pəh, bu günü görmək mənə də nəsib oldu.
- Nə oldu, Sevda abla? Hansı günü?
Sevda sevincini Nəcməddindən gizlətmədi:
- Nəcməddin qardaş, həmişə Fərid evə gələndə ondan nəmişlik qoxusu, emalatxana qoxusu gələrdi. İndi isə ondan ən bahalı ətirin - fransız “Chanel”inin qoxusu gəlir. Bax, mən buna sevinirəm. Demək, bu yaxınlarda oğluma toy edə biləcəyəm.
Fərid utandığından qızardı. Nəcməddin bəy dedi:
- İnşallah, biz də toyda qol açıb oynarıq!
Təyyar isə son günlər çox fikirli olduğundan sözlər ona gec çatırdı. İndi də belə oldu. Amma “Chanel” sözünü eşidəndə yerindən dik atıldı. O, 8 martda Nilufərə bu ətirdən bağışlamışdı.
Birdən Təyyar ayaqdan başa qədər ona istilik gəldiyini, üzünün, qulaqlarının alışıb yandığını hiss etdi. Bu dəyişikliyi heç kim hiss etməsin deyə, bir çıxış yolu tapmağa çalışdı.
Son vaxtlar Nilufərdən ancaq bu ətirin qoxusu gələrdi. İndi isə Fəriddən həmin ətшrin qoxusu gəlirdi. Fərid evə girəndə “salam” verib hamı ilə salamlaşdı. Təyyar ona baxanda Fərid baxışlarını qaçırtdı. Təyyar bundan şübhələndi: “Deməli, onlar ayrılmayıblar, bəlkə də, ayrıla bilməyiblər. Vicdansız! Sənə qız qəhət idi”... Bu dolaşıq fikirlərdən Təyyarın qanı çox qaraldı, hirsindən gözləri qızardı. Gözlərinin dolduğunu hiss elədi. Bir an özünün-özünə yazığı gəldi. Ürəyi elə sürətlə döyündü ki, sanki bu dəqiqə sinəsindən çıxacaqdı. Özünü birtəhər ələ alıb, Nəcməddinə dedi:
- İzn versən, mən bir duş qəbul edərdim.
- Təbii, işində ol. Mən də yorğunam, bir az Fəridlə söhbət edim, yatacağam. – deyib Nəcməddin ona ayrılan otağa keçdi.
Təyyar hamama girib duşun altında dayandı. Məqsədi çimmək, yuyunmaq yox, öz dərdi ilə baş-başa qalmaq idi. Özü də aynada gözlərindən axan göz yaşını görməmək üçün başını suyun altına tutdu. “Suyun altında ağlamaq dərdli adam üçün nə qədər xoş imiş”... Ürəyini boşaldandan sonra hamamdan çıxdı.
Evdə səs azalmış, hərə öz otağına çəkilmişdi. Sakitlik onun ürəyindən idi. Yoxsa Sevda ondan mütləq gözlərinin niyə şişdiyini, niyə qızardığını soruşacaqdı. Soruşsaydı da Təyyar ona cavab hazırlamışdı: “Vanna qəbul elədim, yəqin ona görə qızarıb”. Son vaxtlar Təyyar çox yalan danışırdı. Heç vaxt yalan danışmamış bir adam üçün bu çox çətin idi.
Qara fikirlər həmin gecə Təyyarı yatmağa qoymadı. Yalnız səhərə yaxın yuxuya gedə bildi. O da cəmi iki saat çəkdi. Amma bilsəydi yuxuda Fəridlə Nilufərin necə qucaqlaşdıqlarını və qəhqəhə çəkib güldüklərini görəcək, heç o iki saatı da yatmazdı.
Bunu sənə heç vaxt bağışlamaram
Səhər oyananda Təyyar hiss etdi ki, başı bərk ağrıyır. Sevda axşamdan çox yorulduğundan hələ yatağından qalxmamışdı. Özü durub çay dəmlədi, bir stəkan acı çay içdi. Ümid elədi ki, bəlkə ağrısı keçər. Gördü yox, nəsə keçən ağrıya oxşamır. Ac qarına bir ağrıkəsici dərman içdi. Fərid də oyanmışdı. Vanna otağına keçmək istəyəndə Təyyar onu saxladı. Gecədən bəri “deyim-deməyim”, deyə götür-qoy elədiyi sözlər qəfil ağzından çıxdı:
- Fərid, birdən bilməzsən, o qıza yaxınlaşarsan ha, mən bunu sənə heç vaxt bağışlamaram. O qız mənim evimə gəlin gələ bilməz! Sən mənim oğlumsansa, heç vaxt belə etməzsən.
Fərid söhbəti zarafata saldı. O həmişə atası ilə zarafat edəndə ona “Təyyar ata” deyərdi. İndi də atasına belə dedi:
- Təyyar ata, heç ürəyini sıxma! Qanımızı qaraldan hər şey keçmişdə qalıb. Nəcməddin bəy demişkən, “keçmiş ola”. Mənim isə evlənmək fikrim olan kimi səninlə, anamla mütləq məsləhətləşəcəyəm, − deyə Fərid atasını sakitləşdirdi.
Səsə Sevda da yuxudan oyanıb gəldi. Yuxulu-yuxulu soruşdu:
- Xeyirli olsun, səhərin gözü açılmamış evlənməkdən danışırsız!
- Heç ana, elə ciddi bir şey yoxdu, − deyib Fərid vanna otağına keçdi.
Sevda ərinə baxdı:
- Gözümə birtəhər dəyirsən, gecəni necə yatmısan?
Təyyar alnını ovuşdura-ovuşdura dedi:
- Heç, yəqin axşam bir az konyak içmişdim, ona görə bir az başım ağrayır.
Sevda yenə bayaqkı söhbətə qayıtdı:
- Fəridlə evlənməkdən danışırdınız, niyə mən gələn kimi söhbəti dəyişdiz?
Təyyar onu başından eləmək üçün acıladı:
- Sevda, sən Allah, səhərin gözü açılmamış zəhləmi tökmə. Onsuz da başım ağrıyır, tezdən də acqarına dərman içmişəm. Sən də bu tərəfdən məni sorğu-suala tutma.
Onun sözlərindən Sevdanın kefi pozuldu, qaş-qabağını töküb, sakitcə səhər yeməyi hazılamağa başladı.
Yaxşı ki, sən varsan...
Təyyar yenə Sevdanın xətrinə dəydi. Sevda son vaxtlar ərində baş verən dəyişiklikləri hiss etsə də, bunu büruzə vermirdi. Üzünə vurmasa da, ərinin əsəbiliyi ona çox pis təsir edirdi. Hərəkətlərindən çoxdan başa düşmüşdü ki, əri hansısa qadına meyl edib. Bunu ərinin axır vaxtlar özünə xüsusi fikir verməsindən, geyinib-geçinməsindən, gizli telefon danışıqlarından, çox fikirli olmağından və başqa dəyişikliklərdən başa düşürdü. Amma ailəyə söz-söhbət salmamaq üçün dərinə getmirdi. Ən çox da ondan qorxurdu ki, bu barədə söz açsa, birdən aradan pərdə götürülər, Təyyar onu həmişəlik qoyub, gedər.
Sevda bir yaşadıqları müddətdə ərinə çox isinişmiş, onu çox istəyirdi.
Hər dəfə ofisə zəng edəndə Nilufərlə çox mehriban danışır, ona “balam mənim” deyirdi. Xəstə anasına çox yaxşı baxdığını bildiyinə görə qıza hörməti var idi. Ancaq rəqibinin cavan və gözə bir qız olduğunu - Nilufər olduğunu heç təsəvvürünə belə gətirmirdi. O, Təyyardan belə bir hərəkət gözləmirdi.
Sevdanı qarışıq düşüncələrdən Fəridin səsi ayırdı:
- Sabahın xeyir, mənim gözəl və kədərli anam! Nə olub sənə, yenə səhər açılmamış qaş-qabaqlısan?
Fəridin gümrah, sevinc, nəşə dolu səsi Sevdaya kədərini unutdurdu. Ürəyində “yaxşı ki, sən varsan”», − deyib, oğlunu öpdü.
Nəcməddin bəy yatmağı çox xoşlayırdı. Oyatmasaydın, günortaya qədər yatardı. Təyyar qonağın yatdığı otağa keçib onu oyatdı. Nəcməddin bir neçə gündən sonra vətəninə qayıtdı.
O günlər mütləq qayıdacaq...
Aradan bir ilə qədər zaman keçirdi. Bu vaxt ərzində Nilufər bir an da olsun Təyyarın yadından çıxmadı. Hətta o, neçə dəfə Nilufəri görmək üçün onların məhəlləsində dolaşmışdı. Gicgahları ağarmış Təyyar, cavan oğlan kimi saatlarla maşında oturub gözləmişdi ki, bircə dəfə də olsa, Nilufəri görə bilsin. Görə bilməyib, kor-peşiman qayıtmışdı. Bir neçə dəfə evlərinə zəng vursa da, dəstəyi anası götürmüş, danışmağa cürət etməmişdi. Amma ümidini heç vaxt üzməmişdi. O, əmin idi ki, onlar yenə Nilufərlə bir yerdə işləyəcəklər. Həmin günlər mütləq qayıdacaq.
Yarımçıq portret
Bir gün Təyyarın yolu Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən Tələbə şəhərciyinin yanından düşdü. Fəridin emalatxanası bura yaxın idi. Emalatxana köhnə beşmərtəbə binanın aşağı mərtəbəsində yerləşirdi. Fərid əvvəllər emalatxananı icarəyə götürmüş, sonra onu komendantın köməyi ilə öz adına qeydiyyata saldırmışdı. İndi özünün dediyi kimi, öz əli, öz başı idi. Daha heç kimə kirayə haqqı vermirdi.
Emalatxana iki böyük otaqdan ibarət idi. Biri iş otağı, digəri isə həm mətbəx, həm də istirahət otağı, sayılırdı.
Təyyar oğlunun çəkdiyi təzə rəsmlərinə baxmaq üçün maşını emalatxanaya yaxın yerində saxladı. O, neçə gün idi ki, Fəridi görmürdü. Bu son aylar araları soyumuşdu. Emalatxananın bağlı olduğunu görüb bikef oldu. Geri qayıtmaq istəyəndə, nə fikirləşdisə, pəncərənin pərdəsi arasından içəri boylandı. Bu vaxt o, Nilufərin divardan asılmış portretini və molbertdə isə onun yarıçılpaq rəsmini gördü. Portretin təzə çəkilməyə başlandığı hiss oliunurdu.
Bunları görəndə Təyyarın qəzəbdən gözləri tor gördü. Əsəbləri yerindən oynadı. Gördüklərindən nəticə çıxarmaq istədi. Başını aşağı salıb, fikirləşməyə başladı. Öz-özünə danışdı: “Belə çıxır ki, Fərid Nilufərlə görüşür. Axı mənə söz vermişdi ki, bir də Nilufər tərəfə baxmayacaq. Sən oğulda vicdansızlığa bax... Mən onu rus bölməsində oxutmaq istəmirdim, hamısını Sevda elədi. Oğlan o qədər ruslaşdı, o qədər müasirləşdi ki... İndi vicdanını da itirib, ata saymır, atanın dediyini vecinə almır. Qızın dərdindən olub dəli-divanə, rəsmini çəkir. Mən ona dönə-dönə tapşırmışdım. Vicdansız! Məgər şəhərdə sənə qız qəhət idi?”, − deyə hirslə özündən çıxan Təyyarın ürəyində oğluna qarşı amansız bir kin yarandı.
Gördüklərindən, fikirləşdiklərindən dünya başına fırlandı. Hirsindən dişlərini bir-birinə necə sıxdısa, çənəsi ağrıdı. Amma Təyyarın özü də baş aça bilmədi ki, bu hirs onda Nlufərə olan istəyindən, sevgisindən yaranıb, yoxsa, eqoistlikdən, qısqanclıqdan...
Təyyar getməmişdən əvvəl gözlərini qaldırıb Nilufərin hələ çəkilib qurtarmamış şəklinə bir də baxdı. Rəsm elə çəkilmişdi, elə bil canlı idi. Nilufər rəsmdən adama elə baxırdı, elə bilirdin bu saat qarşındadı. Gözəl bədəni, uzun, qıvrım saçları, dolu dodaqları sanki indicə hərəkət edəcəkdi.
Təyyarın yadına bir anlıq Nilufərli, xoşbəxt günləri düşdü. Elə bil başından od çıxdı. Tez emalatxanadan aralanıb maşınına oturdu. Maşını sürətlə yerindən götürməsinə baxmayaraq, yolun piyadalar keçən hissəsində qəfildən Nilufəri gördü. Əvvəlcə elə bildi ki, gözünə görünüb. Amma maşını yavaş-yavaş arxaya verəndə anladı ki, yox gördüyü yanlış deyil, Nilufərin özüdür. Tələbələrin dərsdən çıxan vaxtı olduğundan, piyadalar gedən yol adamla dolu idi. Təyyar bu qədər adamın içində Nilufəri görə bilmişdi.
Bağışlaya bilmədi
Təyyar Nilufəri ağ paltarına görə daha tez tanıdı. Onunla bir yerdə işləyərkən qız tez-tez bu paltarı geyinər, hər dəfə də geyinəndə Təyyarın az qala ağlı başından çıxardı. Qıvrım saçları kürəyinin ortasına qədər töküldüyündən qız bu paltarda lap cənnət mələyinə bənzəyirdi.
Birdən Təyyar qızın yanında Fəridi də gördü.
Təyyar çoxdan idi ki, Nilufəri görməyin, gözlərinə baxmağın, onunla söhbət etməyin arzusunda idi. Amma Fəridlə əl-ələ tutduğunu görəcəyi, yatsaydı, yuxusuna da girməzdi. Bir anlıq gözləri qaraldı. Həm qısqanclıqdan, həm də Fəridin yalan danışdığından, oğlunun bu hərəkətindən dəhşətə gəldi. Onu bağışlaya bilmədi. Ürəyində onu gah danladı, gah söydü, gah da ona “vicdansız” dedi.
Başı qeyri-ixtiyari sükanın üstünə düşdü. Daha maşını idarə edə bilmədi. Əyləci basıb, maşını yolun kənarında saxladı. Əlləri elə əsirdi ki, sükanı da titrədirdi. Bir anlıq başının da əsməyini hiss etdi. Təyyar heç vaxt bu hala düşməmişdi deyə, çox qorxdu. Qorxdu ki, ömrünün axırına qədər bu əsmə, titrəmə onda qalar. Cibində gəzdirdiyi əsəb sakitləşdirici dərmanından tez ikisini götürüb atdı. Əsməsi bir az azalandan sonra yenə qara sevdasının dərdini çəkməyə başladı.
Təyyar susmağa qərar verdi
Təyyar çox götür-qoydan sonra qərara gəldi ki, hələlik sussun. Onları birlikdə gördüyü haqda Fəridə bir söz deməsin.
Təyyarın fikrincə, əgər oğlu Nilufərlə evlənsəydi, oğlundan ayrı düşəcək, heç vaxt onu görməyəcəkdi. Çünki, Fəridi bağışlamayacaqdı. O, Nilufəri heç vaxt gəlini kimi qəbul edə bilməzdi. Bu mümkün olan bir şey deyildi.
Fəridin evləndiyi qıza Təyyar razı olmasaydı, yəqin ki, bunun səbəbini Sevda da bilmək istəyəcəkdi. Onda Sevdaya nə cavab verəcəkdi? Yox, bu mümkün olan şey deyildi, nə qədər ki, gec deyildi, hansı yolla olursa olsun, oğlunu Nilufərdən ayırmalıdır.
Təyyar onda bilmirdi ki, bu əl-ələ gəzən sevgililərin təzəcə diş yeri ağaran bir körpələri də var. Təyyar onların şirin sevdalarından və şirin körpələrindən hələ xəbərsiz idi. O, Fəridlə Nilufəri ayırmağa yollar axtarmağa başladı.
Təyyar elə bir yol fikirləşib tapmaq istəyirdi ki, Fəridi Nilufərdən həmişəlik ayırsın.
Son çıxış yolu
Çox fikirləşib, xeyli götür-qoy edəndən sonra Təyyar qərara gəldi ki, hərbi komissarlığa gedib, Fəridi Əliağanın əli ilə zabit kimi hərbi xidmətə göndərtsin.
Sovetlər ölkəsi dağılandan sonra ermənilər ruslara, onların güclü hərbi texnikasına arxalanıb yavaş-yavaş müharibəyə hazırlaşırdılar. Müharibə də təzə-təzə başlayırdı deyə, arxa cəbhədə də əsgər və zabitlərə böyük ehtiyac vardı.
Başında bu fikirlərlə Təyyar gəldi hərbi komissarlıqda işləyən Əliağanın yanına. Əliağa onun uşaqlıq dostu idi. Bir məhəllədə böyümüş, hətta bir yerdə əsgərlikdə olmuşdular.
Gərək heç kəs bilməsin
Əliağa dostunu hörmətlə qarşıladı. Kabinetinə çay gətirtdi, içdilər. Təyyara yaxşı-yaxşı qulaq assa da, nə istədiyini anlaya bilmədi. Axırda əlacı kəsildi, bir az kobud soruşdu:
- Təyyar, işin-gücün bu gərgin vaxtında iki saatdır yanımda oturmusan, vallah, sənin nə istədiyini mən heç cür anlaya bilmirəm. Yanıma gəlməkdə məqsədin nədir, açıq de, mən də bilim. Bu gün işlərimiz bir az çoxdur, qəbul otağında dayananlar sənin çıxmağını gözləyirlər.
Təyyar özünü bir az yığışdırıb, fikrini cəmlədi:
- Düz deyirsən, vaxtını çox aldım. Bilirsən, Əliağa, sən mənə çox yaxınsan. Ona görə sənə bir dərdimi açacağam, amma gərək onu heç kəs bilməsin. Nə Fərid, nə Sevda...
- Demərəm heç kəsə. De görüm, nə olub...
- Eşitdiyimə görə, Fərid pis yola düşüb, tiryək, filan söhbəti var. Uzun sözün qısası, istəyirəm bir müddət hərbi hissələrdən birində işləsin, başı qarışsın. Ağlı başına gəlsin. Həm də sənin nəzarətində olsun. Bəlkə, ondan sonra düzələr.
- Nə pis oldu, - deyə Əliağanın eşitdiklərindən kefi pozuldu. Durub pəncərəni taybatay açdı. Təyyardan eşitdiklərinə inanmaq istəmədi:
- Bəlkə, sənə səhv məlumat veriblər? İnanmıram Fərid belə iş tutsun. Bəlkə, cavandır, bir-iki dəfə səhv edib. Bəlkə, ona kömək lazımdır, dəstəyə ehtiyacı var. Bəlkə uşağa böhtan atırlar. Özü ilə danışmısan?
- Danışmışam!
- Nə deyir, boynuna alır?
Əvvəl “yox”, dedi Təyyar, amma nə fikirəşdisə, sonra “alır” dedi.
- Çox pis olub!.. – fikirli-fikirli dedi Əliağa. Çıxış yolunu Fəridi hərbi işə göndərməkdə görürsənsə, bu elə də çətin deyil. Hazırda müharibə şəraitidir deyə, ehtiyatda olanları çağırırıq. Onu da çağırmaq olar. Amma, əmr var ki, hələ tək oğulları çağırmayaq.
- Heç cür mümkün deyil? – Təyyar yazıq-yazıq dilləndi. Əliağa dostunun əyilmiş qəddini görüb, ona yazığı gəldi, əlavə elədi:
- Yaxşı, fikir eləmə, dur get, mən bir şey fikirləşərəm. Könüllü kimi qeydiyyata götürərik, amma tapşıraram adına çağırış göndərsinlər. Gərək özü ilə də söhbət edəm ki, orda özünü ağıllı aparsın.
- Yox, sən bu barədə onunla açılışma. Bilməsin sənə demişəm. Ona pis təsir edər. Özüm danışaram.
- Yaxşı. Elə isə arxayın get. Bu günlərdə həll edərik!
Təyyar ayağa qalxanda özünü lap kiçilmiş hiss elədi. Elə bil boy-buxununu, qamətini birdən-birə itirdi. Kabinetdən çıxanda qapı ilə üzbəüz güzgü var idi. Təyyarın gözü güzgüyə sataşanda özünün qəfil cılızlaşdığını görüb xəcalət çəkdi. Bir istədi geri dönüb, Əliağaya danışdıqlarını unutmasını xahiş etsin. Bu vaxt Əliağaya zəng gəldi, o dəstəyi götürüb danışmağa başladı. Qapıdan ona yazıq-yazıq baxan Təyyara əlinin işarəsi ilə “get-get”, dedi. Telefonla danışığın uzun çəkəcəyini başa düşən Təyyar qapını örtüb peşman-peşman getdi.
Evə gələndə Təyyar xəcalətdən Sevdanın üzünə baxa bilmirdi. Elə bilirdi ki, Sevdanın üzünə baxsa, arvadı hər şeyi başa düşəcək. Ən dərdli vaxtlarında olduğu kimi bu dəfə də adəti üzrə hamama girib, gözlərindən axan yaşı hiss etdirməmək üçün duşun altında dayandı.
Bu nə çağırışdır
Əliağa ilə görüşdən bir neçə gün sonra qapının zəngi çalındı. Gələnlər hərbi geyimdə idilər. Onlar Sevdaya çağırış vərəqəsi verdilər. Bu cür çağırış vərəqəsi Fəridə ali məktəbi bitirən ərəfədə də gəlmişdi. Sonra Fərid gedib bir illik əsgərliyini çəkib qayıtmışdı.
- Bu nə çağırışdır, nə kağızdır belə, − Sevda təəccüblə gələnlərdən soruşsa da, ona cavab verə bilmədilər. Sevda gələnləri yola salan kimi tez telefona qaçdı ki, zəng edib Əliağadan soruşsun. Tərslikdən Əliağa telefonun dəstəyini qaldırmırdı. Təyyara - işə, Fəridə - emalatxanasına zəng vursa da, heç birini yerində tapa bilmədi.
Sevdanın az qala nigarançılıqdan ürəyi partlayırdı. Bir neçə saat telefon əlindən yerə düşmədi.
Nəhayət, Əliağa zənginə cavab verdi. Sevda salamsız-kalamsız, həyəcanla ondan soruşdu:
- Əliağa, heç bilirsən başıma nə gəlib, Fəridimə voyenkomatdan çağırış vərəqəsi gətiriblər. Bilmirsən bu nə məsələdi? Axı Fərid əsgərliyini çəkib...
Əliağa o saat başa düşdü ki, Təyyarın hərbi komissarlığa gəlib ondan elədiyi xahişdən Sevdanın xəbəri yoxdur. Tez vəziyyəti ona başqa cür başa saldı:
- Bilirsən, Sevda bacı, hazırda orduda zabit çatışmır. Yəqin ki, çağırış Respublika Hərbi Komissarlığından göndərilib. Öyrənim görüm, nə məsələdir...
- Qurban olum sənə, qardaş, bax gör neynirsən? Müharibənin başlayan vaxtında necə qıyarsan ki, bircə balam hərbi xidmətə getsin. Bu saat bilinmir nə olacaq. Özün məndən yaxşı bilirsən. Hər yanda hərc-mərclikdir, aləm bir-birinə qarışıb. Bit-birə də bir tərəfdən əsgərləri basıb. Nə böyük bilinir, nə kiçik. Mən qıymaram belə bir vaxtda mənim bircə balam hərbiyə getsin.
Bir də axı deyirlər qərar var, tək övladları orduya çağırmırlar. Oturduğumuz yerdə bu nə işdir başımıza gəlir, Əliağa?
- Sakit ol, Sevda bacı, sən bircə sakit ol!
- Ay başıva dönüm, sakit ola bilmirəm. Qurban olum sənə, ümidim sənədir. Biz neçə illərdir ki, ailəvi dostuq. Sən mənim Fəridimin o qan-qadanın içərisinə getməməsi üçün əlindən gələni eləməlisən. Bilirəm, istəsən hər şey edə bilərsən, - deyə ana hönkürüb ağladı.
- Arxayın ol, Sevda bacı, elədir. Əlimdən gələni edəcəyəm. Arxayın ol, mən heç özüm də razı olmaram ki, Fərid döyüş bölgəsinə getsin. Elə bu saat onun işlərini qaldıraram, lazım gəlsə lap Müdafiə Nazirliyinə gedərəm. Bircə sən ağlama. Bəs Təyyar haradadır? Bir onunla da danışardım,- deyə Əliağa Sevdanı sakitləşdirməyə çalışdı.
- Təyyar gələn kimi deyərəm zəng vurar. – Sevda Əliağa ilə sağollaşdı, sonra sakitləşməyib daha da ürəkdən ağladı.
Qurban olum, ümidim sənədir...
Əliağa telefonun dəstəyini asandan sonra sanki nə elədiyini indi dərk etdi. Sevdanın səsi hələ də qulaqlarında idi: «Qurban olum sənə, ümidim sənədir. Biz neçə illərdir ki, ailəvi dostuq. Sən mənim Fəridimin o qarışıqlığa getməməsi üçün əlindən gələni eləməlisən». Başını iki əlləri arasına alıb xeyli fikirləşdi. Təyyarı eşitdiyinə, müharibənin başlayan vaxtında onun yeganə balasına çağırış vərəqi göndərdiyinə görə peşmançılıq çəkdi:
“Atadır, bəlkə hirslənmişdi oğlunun əlindən, bəlkə onu tənbeh eləməkdən yorulmuşdu, bezdiyindən belə qərara gəlmişdi. Gərək mən tələsməyəydim. Yazıq Sevda!”. Əliağa belə fikirlərlə özünü qınadı. Çox peşimançılıq hissi keçirdi. Sevdanın ağlaya-ağlaya onu köməyə çağırması kişini elə bil dərin yuxudan ayıltmışdı. Gərək dostunun çətin vaxtında başqa cür ona kömək eləyəydi,çağırış göndərməklə yox. Fərid Əliağanın «gözünün qabağında» böyümüşdü. Bir dəfə Fərid evdə saxladığı dovşanının qapı arasında qalıb kəsilən ayağını görəndə ürəyinin necə getdiyinin özü şahidi olmuşdu. İndi Allah eləməmiş, cəbhə bölgəsinə düşsə, oğlanın aqibəti necə olacaqdı? Əliağa bütün bunları fikirləşir, atdığı addımdan geriyə yol axtarır, əfsus ki, tapa bilmirdi. Fəridin sənədləri iki yüz çağırışçının sənədləri arasında Müdafiə Nazirliyinə göndərilmişdi.
Məni soruşsalar, mən yoxam...
Telefon zəngi Əliağanı fikirdən ayırdı. Aparat nömrə yazan olduğundan zəng edənin nömrəsi aydın görünürdü.
Zəng Fəridin emalatxanasından gəlirdi. Bu nömrədən Fərid tez-tez Əliağaya zəng edər, cəbhədən gələn son xəbəri soruşardı.
Nömrəni tanıyan kimi telefonu katibənin otağına keçirdi, və tapşırdı ki, Fərid onu soruşsa, desin ki, mən yoxam.
Əliağa elə bildi ki, Fərid onunla danışsa, hər şeyi başa düşəcək.
Təyyar evə gələndə Sevda onu ağlayaraq qarşılayıb xeyli danışdı. Bu arada Təyyarın çağırışla bağlı heç nə etmədiyini, hərəkətsiz oturduğunu görüb, özündən çıxdı. Ağlamağına ara verib qışqırdı:
- Bəs niyə Əliağaya zəng vurub onunla danışmırsan, məgər sən istəyirsən ki, bizim bircə balamız indi hərbi xidmətə getsin? Heç bilinmir hərbidə səhər nə olacaq. Gündə ermənilər bir murdarlıq törədir. Bunları eşitmirsən, güya bunlardan xəbərin yoxdu?
Sevdanın belə təəccüblə, həm də hirslə onun gözlərinə baxıb sorğu-suala tutması elə bil Təyyarın həm keyini, həm də dilini açdı:
- Nə danışırsan, kim istəyər ki, belə vaxtda oğlu cəbhəyə getsin? Düz deyirsən, mütləq Əliağanın yanına gedib, məsələni həll eləmək lazımdır. Sən narahat olma, Əliağa bu işi yoluna qoyar.
Təyyar hazırlaşıb Əliağanın yanına getmək bəhanəsilə evdən çıxdı.
Sevda ərinə inandı. Hətta işi düz gəlsin deyə, üstəlik arxasınca su da atdı. Təyyara da ürəyi yandı. Son günlər o çox kədərli idi.
Dörd ilə bərabər dörd gün...
Fərid çağırış haqda, orduya getmək barədə eşidəndə çox dilxor oldu, ovqatı korlandı. O, özünü döyüş meydanında təsəvvür edə bilmirdi. Dava, döyüş, qan qoxusu, yaralı, onun təbiətindən çox-çox uzaq idi. Bir də indiki vaxtda körpəsindən, Nilufərdən necə ayrılacağını, onlarsız necə qalacağını təsəvvür edə bilmirdi. Bu, ona çox dəhşətli bir iş kimi gəlirdi. O, bir gün sevimli arvadını görməyəndə elə bil havası çatmırdı. Tez özünü Nilufərə çatdırıb, onu bağrına basandan sonra ürəyi yerinə gəlirdi. Çox vaxt bir yerdə olmalarına baxmayaraq, cavan ər-arvad bir-birinin söhbətindən, sevgisindən doya bilmirdilər. Danışdıqları xoş kəlmələrdən xoşlanar, heç vaxt bir-birlərinin xətrinə dəyməzdilər.
Fərid yalnız bircə dəfə Nilufərin üstünə qışqırmışdı: «Sən nə üzlə bizim evə gəlin gələcəkdin»,− deyə. Ondan sonra isə cəmi dörd gün Nilufərsiz qalmış, bu ayrılığa dözməyib sevgilisini tapıb, onu bağrına basmışdı.
Bir-birlərinə “can” deyib, “can” eşidirdilər. Tanış olduqları gündən dillərinə bir kəlmə də acı söz gətirməmişdilər.
İlk dəfə Nilufərlə aralarına düşən söz-söhbətdən sonra ayrı qaldıqları dörd gün yadına düşdü. O vaxt Fəridlə Nilufərə dörd gün dörd il kimi görünmüşdü.
Qız Fəridi görən kimi ondan xoşu gəlmiş, başqalarına etdiyi nifrəti ona aid etməmişdi. Ancaq Təyyarın münasibətinə görə Fəridlə əvvəllər ailə qurmaq təklifini qəbul etməsə də, sonralar fikrini dəyişmişdi.
Nilufərə ən dəhşətli gələn sevdiyi insanı həmişəlik itirmək qorxusu idi. Fəridə o qədər isinişmişdi, o qədər öyrəşmişdi ki, ondan ayrılmaq Nilufər üçün həyatın sonu demək idi.
Bununla belə, iş evlənmək məqamına çatanda qız ilk xeyir-duanı gələcək qayınatası ola biləcək Təyyardan almaq istəmişdi. Təyyar isə gözləniləmədən eşitdiyi xəbərdən tutulmuş, onu faciə kimi qəbul etmişdi.
Təyyar Nilufəri heç kəsə vermək istəmirdi. O, bilmirdi ki, bu iki cavanın sevgisi onun qara sevdasından çox güclüdür. Bu iki gəncin bir-birinə nə qədər möhkəm bağlı olduğunu bilsəydi, bəlkə də Təyyar onları biri-birindən ayırmaq istəməzdi. Bəlkə də... Kim bilir...
Gizli toy
Birinci dəfə ata-oğul arasında xoşagəlməz söz-söhbətdən sonra Nilufərlə Fərid elə bildi ki, artıq hər şey bitdi, onlar həmişəlik ayrıldı. Amma bir neçə günlük ayrılıqdan sonra əmin oldular ki, bu mümkün deyil və onlar heç vaxt ayrılmayacaq.
Bundan sonra daha tez-tez görüşməyə başladılar.
Fərid çəkdiyi rəsm əsərlərindən birini satışa çıxarıb satdı və həmin pula üzük alıb, Nilufərin barmağına taxdı. Sonra ikisi köməkləşib Fəridin emalatxanasını təmizləyib, bəzəyib, orada özlərinə xudmani toy elədilər. Toyda əl-qol açıb oynayan da, deyib-gülən də, vüsala yetən də özləri oldu. Əhd edib ömürlərinin axırına qədər bir-birlərini sevəcəklərinə söz verdilər.
Nilufər Fəridi anası ilə tanış eləyəndə Sona xalanın birinci gündən Fəriddən xoşu gəldi. Onu bəyəndi, balası kimi sevdi. Biləndə ki, ailə bu izdivaca razılıq vermir, çox pis oldu. Kədərli-kədərli Nilufərdən soruşdu:
- Niyə narazıdır, ailəsi, nə eyib görüblər bizdə?
- Bilmirəm. Soruşanda Fərid deyir o barədə danışmayaq. – Heç vaxt, heç nəyi anasından gizlətməyən Nilufər, bu haqda susdu, anasına heç nə demək istəmədi. Minayə xala da hər olanda öz ərini günahlandırırdı:
- Hamısı o vicdansız, atana görədir. Bizi atıb getməsəydi, belə olmayacaqdı. Düşdü bir fənd-feil bilən cadugərin cənginə, bizi rüsvay elədi.
- Ana, yenə başlama!
- Nədi, gözəl-göyçək qızsan, maşallah... Ən varlı, ən yaraşıqlı oğlana gedəcəkdin. İndi isə, sənə naz edirlər. Bizdə anası boşanmış qıza hər yanda birtəhər baxırlar. Bir Allah şahiddir ki, mənim heç bir günahım olmayıb.
- Ana, hər olanda atamı, özünü günahkar sayma. Onun bu işlə heç bir əlaqəsi yoxdur. Sən darıxma, bir gün onlar məni sevəcəklər, axtaracaqlar. Əsas odur ki, Fərid mənin çox sevir, mən də onu. Mənim üçün o,hamıdan yaraşıqlıdır da, pulludur da... İndi cavandır, bu istedadla bir azdan onun o qədər pulu olacaq ki...
- Əlbəttə, qızım, pul vacib deyil, əsas sevgidir. Sevginiz varsa, dünyanın ən varlısı da sizsiz...
- Mən də elə fikirləşirəm...
- Yaşamağa yeriniz olmasa, yanımda qalarsız.
Belə xoşbəxt günlərində Fərid daha da gözəl əsərlər yaratmağa başladı. Onun çəkdiyi bütün əsərlər yaxşı qiymətə satılırdı. Nilufər əri ilə fəxr edirdi. Fərid bütün dostlarına Nilufəri nişanlısı kimi təqdim edirdi.
Gizlincə ailə qurduğunu Fərid hamıdan gizlədirdi. Təyyarla münasibətləri get-gedə mürəkkəbləşir, ata-oğul mənasız bir səbəbdən tez-tez mübahisə edirdilər. Fərid əsəbiləşib günlərlə evdə qalmırdı. Ana onun hərəkətlərindən, evə gec-gec gəlməyindən, çox vaxt tox olduğundan şübhələnsə də, Fərid heç nəyi boynuna almırdı. Bir gün anası ondan soruşdu:
- Niyə günlərlə evə gəlmirsən? Harda qalırsan? Bala, bəs harda yeyib-içirsən? Nəyə görə evə yovuşmursan?
- Narahat olma, ana, indi hər yer yeməklə doludur, alıb yeyirəm, ac qalmıram!
- Bəlkə kiminləsə gizlin dostluq edirsən? Əgər belə bir işin varsa, məndən gizlətmə açıq de. Axı mən anayam, nigaranam. Bala, çox pis zəmanədir. Ağlıma o qədər pis fikirlər gəlir ki...
- Pis fikirləri qov başından, getsin, ana! O qədər sifarişlərim, işlərim var ki... Emalatxanadan bir yerə çıxa bilmirəm...
Bu o vaxtlar idi ki, Fərid Nilufərlə həyatının ən gözəl günlərini yaşayırdı. Onlar istəyəndə Nilufərgildə, istəyəndə emalatxanada qalırdılar.
Hər şey yaxşı olacaq...
Belə günlərin birində Fərid rəsm çəkdiyi vaxt Nilufər ona yaxınlaşıb, dedi:
- Ürəyim bulanır!
- Nə yemisən, Fərid soruşdu.
- Alça turşusu!
- Ondan ürək bulanmaz. Ondan əvvəl nə yemisən?
- Yeməkdən deyil! − Nilufər çəkinə-çəkinə dilləndi.
Fərid qayğıkeşliklə dedi:
- Yəqin mədənə soyuq olub.
- Yox, ondan da deyil!
- Səncə, ürəyin nədən bulanar? – deyə, soruşan Fərid bir an dayandı və düz Nilufərin gözlərinin içinə baxdı.
- Təqsirkar sənsən, − deyən Nilufər qarnını tutub güldü.
- Niyə mən? – Fərid yenə də heç nə anlamadı.
- Niyə belə anlamazsan, ata olacaqsan, ona görə ürəyim bulanır, − deyib Nilufər Fəridin saçlarını qarışdırdı.
Ata olmaq haqqında Fərid bu vaxta qədər fikirləşməmişdi. Bu gözlənilməz xəbər onu elə sarsıtdı ki, bir xeyli duruxdu. Nilufər elə başa düşdü ki, Fərid bu xəbərdən sevinmədi. Pərt olub dedi:
- Belə tezliklə uşaq olmasını istəmirdin? Hər şey yaxşı olacaq. Mən səni sevirəm.
Amma Fərid sevindiyindən qışqırıb onu qucağına alanda Nilufərin sevinci yerə-göyə sığmadı. Onlar gecə yarısına qədər yatmayıb, gələcək körpələrindən – gah qız, gah da oğlan balalarından danışdılar. Hələ dünyaya gəlməmiş ona ad da seçdilər:
- Oğlumuz olsa adını Elnur qoyarıq.
- Bəlkə, qız oldu...
- Onda Suada qoyarıq. Suada adından çox xoşum gəlir.
Arada şıltaqcasına mübahisələri də düşürdü. Nilufər qız, Fərid isə oğlan istəyirdi.
Gəl, rəsmini çəkim...
Aradan neçə ay ötdü. Nilufər hamilə olanda rəngi ağarsa da, elə bil ikicanlılıq ona xüsusi gözəllik verirdi. Belə halda bütün qadınlar gözəl görünür, Nilufər isə elə bil gözəllik ilahəsinə dönmüşdü. Bu müddət ərzində arvadı ona mələyi xatırladırdı. İnsanlara xoş anlar bəxş etməyi xoşlayan bir mələyi. Fərid qərara aldı ki, bu gözəllik mütləq kətan üzərinə köçürülməlidir. Fikrini Nilufərə də dedi:
- Əlində nə iş görürsənsə, yarımçıq qoy, gəl, uzan şəklini çəkəcəm.
Nilufəri gülmək tutdu:
- Bu halda şəkil çəkdirmək harama yaraşır, ay Fərid?
- Sən gözəlliyi mənim gözümlə görsən, heç vaxt belə deməzsən. Tez ol, gəl, şəklini çəkirəm.
- Nə danışırsan, qoy heç olmasa, üst-başıma əl gəzdirim, saçımı qaydaya salım...
- Yox, bu görkəmdə yaxşısan!
- Paltarımı dəyişim bəlkə...
- Dedim axı, yaxşısan, gözəlsən, fikrimi dağıtma, qoy çəkim... Onsuz da nə geyinsən də, mən səni elə bu geyimdə çəkəcəyəm.
Nilufər razı olmasa da, rəssam sevimli arvadının hamilə-hamilə rəsmini çəkməyə başladı.
Əsər gec başa gəlsə də, gözəl alındı. Nilufər Fəridi öpüb dedi:
- Sən dünyanın ən gözəl rəssamı olacaqsan, inan mənə!
- Elə qətiyyətlə deyirsən, inanmağım gəlir!
Rəsm doğrudan da qeyri-adi alınmışdı. Fəriddən olsaydı, o bu rəsmi hamıya göstərər, ilahi gözəlliyi insanlara nümayiş etdirməkdən çəkinməzdi.
Amma indi rəsmi heç kəs görməsin deyə, üstünü örtüb gizlətdi.
Fərid Nilufəri həyatının gözəlliyi, mənası, sevinci hesab edirdi. Oğlu olanda isə sanki Fərid qanadsız uçurdu. Oğullarının adını Elnur qoydular. O, ata olduqdan sonra Nilufərə sevgisi daha da artdı.
Emalatxanada uşaq narahat olar deyə, kirayə ev tutdu. Nilufərini və körpə balasını heç nədən korluq çəkməyə qoymamaq üçün çətinliklərə qatlaşdı.
Hərdən anası onu danlayanda, “Bəsdir Fərid, orda-burda gecələdin, evə yığış”, – deyib yalvaranda sevdiyi qadından və şirin körpəsindən müvəqqəti də olsa ayrılmaq haqda fikirləşir, ürəyi elə şiddətlə döyünürdü ki, həyəcandan az qalırdı yerindən çıxsın.
Nilufər Fəridə həyatda bütün çətinliklərini unutdururdu. Ona görə də bu sevgi haqda heç kəsə bir söz demək istəmir, “Birdən bizi ayırarlar”, deyə, əsas da atasından qorxurdu.
Təyyar son zamanlar Fəriddən həmişə şübhələnirdi. O, Nilufərdən Fəridə görə ayrı düşmüşdü. Ürəyinin dərinliyində bunu Fəridə bağışlamırdı.
Təyyar oğlunun Nilufərlə gizli eşq macərası yaşadığını, onların birlikdə olacağını ağlına gətirəndə onu od götürürdü. Çalışırdı ki, oğlunun qızla əlaqəsini tamam, birdəfəlik kəssin. Hərbi komissarlığa getməklə - Əliağa ilə bu gizlin yalanı qurmaqla Təyyar elə bilirdi ki, istədiyinə çatacaq, Fəridlə Nilufəri bir-birindən həmişəlik ayıra biləcək...
Cəbhədən gələn acı xəbər...
Fərid hərbi xidmətə çağrılandan bir neçə ay sonra cəbhədən çox pis xəbərlər gəlməyə başladı. Fərid Bakıdakı hərbi hissədə olmağına baxmayaraq, Təyyarla Sevda çox həyəcan keçirir, oğullarından narahat olurdular. Təyyar Fəridi gizlincə, Əliağa ilə birləşib oğluna bu qurğunu qurduğuna görə özünü bağışlaya bilmirdi. Fərid bu zaman ərzində nə qədər gözəl əsərlər yaradacaqdı. Cəbhədən gələn bir-birindən acı xəbərlər Təyyarı az qala dəli edirdi. Bir gün Əliağaya zəng edib səhv etdiyini dedi. Əliağa söz verdi ki, çalışacaq onu geri çağırsın.
Ermənilər ruslara, onların texnikasına arxalanıb biri-birinin ardınca Azərbaycanın rayonlarını, kəndlərini işğal edirdilər. Cəbhədə qan su yerinə axmağa başladı.
Bakıdakı hərbi hissələrdən hər gün cəbhəyə minlərlə əsgər yola salırdılar. Həmin vaxt Fəridi də döyüşə göndərdilər.
Hər dəfə döyüşdən sonra Fərid qələm-kağızını çıxarıb, şahidi olduğu hadisələri çəkməyə çalışırdı. Fəridin imkanı olsaydı, döyüşdə gördüklərini çəkər, müharibənin dəhşətlərini dünyaya göstərərdi. Döyüş başlayan kimi Fərid ölənləri, yaralananları görür və gördüklərindən dəhşətə gələrək bir anlıq keyləşirdi. Özü də başa düşürdü ki, bu keyləşmə onu ölümə aparır, amma özü ilə bacarmırdı. Dəhşətli mənzərə görən kimi gözlərini qıyırdı ki, yaddaşının dərinliyinə həkk olunmasın.
O, dinc camaata güllə atan ermənilərə nifrət edirdi. Onunla bir batalyonda döyüşən heç nədən qorxmayan, ürəkli əsgərləri görür, onlar kimi olmaq, onlar kimi vuruşmaq istəyirdi.
Fikirləşirdi... “Bircə döyüşlərdən sağ çıxsaydım... Nə qədər işlərim, nə qədər arzularım var. Elnurum, Nilufərim, atam, anam yolumu gözləyir. Döyüşə gedəndə özümdən çox onları düşünməliyəm...
O da bir ananın övladıdır...
Cəbhədə olduğu müddətdə Fərid tez-tez Nilufərdən və anasından məktub alırdı. Ata-anası üçün də darıxsa, ən çox Nilufərlə oğlu üçün darıxırdı.
Döyüşlər isə ara vermir, demək olar ki, hər gün itkilər olurdu. Ağdamın Şelli kəndi ətrafında gərgin döyüşlər gedirdi. Ölənlər və yaralananlar çox idi. Düşmən yaxınlıqda idi. Yaxınlıqda mərmi partladığından Fərid əsgər yoldaşlarından ayrı düşmüşdü. O, mövqeyini möhkəmlətmək üçün bir az irəlilədi. Yarıuçulmuş bir evə girəndə gördü ki, damın bir küncündə yeniyetmə bir oğlan var. Tez silahını ona tuşladı. Əyri burnundan erməni olduğu məlum idi. Olsa-olsa on yeddi, on səkkiz yaşı ancaq olardı.
Fəridin kövrək ürəyi odlandı. Ürəyində fikirləşdi ki, “Heç belə birisinə də qıyıb ona güllə atmaq olar? Axı bu da bir ana övladıdır. Ana da, mənim anam kimi oğlunun yolunu gözləyir. Heç olmasa yaşlı bir erməni olsaydı, öldürmək olardı. İndi mən bu cavana necə qıyım? Onu öldürsəm, heç vaxt özümü bağışlamaram. Bir də əlimə fırça alıb, rəsm çəkə bilmərəm. Hər şey gözümə qan rəngi görünər.”
Erməni oğlan dizi üstə oturub avtomatını yığır, Fəridi görmürdü.. Yəqin ki, avtomatı sıradan çıxmışdı. O, Fəridi görən kimi rəngi meyit rəngində oldu. Başladı ağlamsına-ağlamsına rusca Fəridə yalvarmağa:
- Mən türkləri öldürmək istəmirəm, məni bura zorla göndəriblər. Heç avtomatı yığmağı da bacarmıram. Yazığın gəlsin mənə!
Fərid oğlanın bu halını görüb, ürəyi nazildi, onu sakitləşdirdi:
- Qorxma öldürmərəm, səni, sakit ol, gedirəm, - deyib, silahını yerə tuşladı. – Sən də döyüş qurtarana qədər çıxma yerindən. Bir yerdə gizlən. Çıxsan səni vurarlar.
Sonra Fərid çevrilib uçuq damdan çıxdı, atılan güllələrdən yayınmaq üçün yerə uzanıb səngərə tərəf sürünməyə başladı. Bu vaxt uçuq dam səmtdən ona atəş açıldı.
Ürəkdə arzu tutanda, fələyi də sal yada...
Fərid dönüb geri baxanda öldürməyə qıymadığı erməninin ona atəş açdığını gördü.
«Üzündən məsumluq yağan” gənc erməni, avtomatını tez yığıb qurtarmış və evin uçuq damına çıxıb ordan Fəridi hədəfə almışdı. O, avtomatın darağında nə qədər güllə var idisə, vəhşicəsinə Fəridin üstünə boşaldırdı. Onların çoxu Fəridə dəyməsə də, bir neçəsi dəyib qolunu, qarnını parçaladı.
Hər üç gündən bir sanitar vertalyotu hospitalın həyətinə enib ağır xəstələri Bakıya, Gəncəyə aparırdı. İndi həkimlər də vertalyot gözləyirdi ki, Fəridi və başqa ağır yaralıları Bakıya yola salsınlar.
Hospitalda yaralı çox, həkim isə çatışmırdı. Artıq neçə gün idi, yaralıları, ölənləri daşımaq üçün nə maşın gəlirdi, nə vertalyot. Hətta dərman ehtiyatı da bitmək üzrə idi. Deyilənə görə, dərman təhcizatı maşını qarşı tərəfdən atəşə tutulub geri qayıtmışdı.
Bazar ertəsi günorta vertalyot gəlməli idi, amma gəlmirdi.
Mən Fəridin yanında olmalıyam...
Fərid hərbi xidmətə gedəndən sonra, Nilufər köhnə iş yoldaşı, Təyyarın ofisində mühasib işləyən Nərminədən xahiş etmişdi ki, Fəriddən bir xəbər olan kimi, ona desin. Nərminə qızın xətrini çox istədiyindən ona söz verib, arxayın salmışdı.
İndi də Fəridin ağır yaralanması xəbərini eşidəndə Nərminə bilmədi bunu Nilufərə necə desin.
O yaxşı bilirdi ki, bu xəbər Nilufərə çox pis təsir edəcək. Amma söz vermişdi deyə, deməli idi.
Çox götür-qoydan sonra Nərminə Nilufərə zəng edib, ona bu xəbəri dedi.
Fəridin yaralanma xəbərini eşidən kimi Nilufər hərbi komissarlığa zəng edib Fəridin yerini öyrəndi. Ona dedilər ki, Fərid Ağdama yaxın, Hərbi səhra hospitalındadı.
“Mən Fəridin yanında olmalıyam!”, – deyə, Nilufər qətiyyətlə fikirləşib Fəridin yanına getmək üçün yola çıxdı. Bir taksi saxlatdırıb sürücüdən soruşdu:
- Ağdama gedən maşınlar harada dayanır bilirsiz?
Sürücü bir xeyli fikirləşdi, nəhayət, bilirəm, otur, - dedi.
Onlar bir azdan Biləcəriyə yaxın, yol maşınları dayanan yerdə idilər.
Təyyar Fəridin yaralanma xəbərini xəbəri eşidən kimi zəng edib Əliağanı axtardı. Hərbi komissarlıqdan ona dedilər ki, Əliağa işlə əlaqədar Türkiyədə ezamiyyətdədir.
Təyyar hərbi komissarlığa gəlib oğlunun yerini dəqiqləşdirmək istəyəndə isə ona ölüm sənədi təqdim etdilər. Dedilər ki, olduğu yer demək olar ki mühasirədədir, meyidi tezliklə vertolyotla özləri Bakıya göndərəcək.
Ağır cəza
Olanlarda özünü təqsirkar sayan Təyyarın birdən-birə beli qatlandı, o çox pis hala düşdü. O, həm oğlunun ölümünə yanıb-yaxılır, həm də onu özü ölümə göndərdiyinə görə əzab çəkirdi.
Əliağa Fəridə çağırış sənədi göndərəndə “Müharibə gözlənilir”, kimi şaiyələr gəzsə də, sərhəd bölgələrində sakitlik idi. Onda Əliağa Təyyara söz vermişdi ki, Fəridi Bakıdan uzağa çıxmağa qoymayacaq, gözü də üstündə olacaq. Onlar hər ikisi bilirdi ki, Fərid cəbhədə nəinki ermənini, heç balaca qarışqanı da öldürə bilməz. Fərid hətta televizorda, kinoda qan görəndə ürəyi bulanır, yeməyini dayandırırdı. Amma qismət elə gətirdi ki, Əliağanı müvəqqəti Türkiyəyə ezamiyyətə göndərdilər. Cəbhəyə təcili kömək lazım olduğundan Qazıtəpədəki təlim-məşq batalyonunda olan Fəridi bir neçə əsgərlə birgə cəbhəyə yolladılar.
Indi Təyyar oğlunun cənazəsini gözləyir, gözlədikcə də «kaş eşitdiklərim, gördüklərim, hamısı yuxu olaydı», deyirdi.
Təyyar heç cür özünü bağışlaya bilmirdi. O, əmin idi ki, ürəyindəki bu ağır yüklə, o çox yaşaya bilməz.
O, elə bir iş tutmuşdu ki, kiməsə danışıb ürəyini boşalda da bilmirdi.
“Olacağa bir bax, - deyə düşünürdü,- sən bir olacağa bax, bircə balam mənim səhvim ucbatından ölüb. Özüm qazdığım quyuya düşüb. Mən onu məhv elədim. Qısqanclığım, eqoistliyim, pisliyim onu yox edib. Deməli, bu mənim alın yazımdır ki, kimi sevsəm onu da itirməliyəm. Görəsən, pislik edib sevdiyin adamları öldürəndən sonra insan kimi yaşayan olurmu?
Ümumiyyətlə, belə adamlar ürəklərində bu qədər ağır yük, necə daşıyır görəsən? Yoxsa, onlar ancaq keçmişin gözəl xatirələri ilə günlərini keçirərək, ömürlərinin sona yetməsini gözləyirlər? Bəlkə də, səhvləri elə onlar üçün ağır cəzadır.
Bu an Təyyarın yadına Məhəmməd Peyğəmbərin qiymətli bir kəlamı düşdü. «Günahların bəzisini nə namaz, nə oruc, nə də böyük Tanrı pak etmir. Onları yalnız və yalnız ağır cəzalar yuyur».
Bircə balasını qarşılamaq üçün Sevda xüsusi hazırlıq gördü. O, bütün evləri xalı-xalça ilə döşətdirdi, Fəridinin şəklini evin ortasına qoydu, evə qara bəzək vurdu.
- Hərdən oğlunun şəklini oxşayıb ağladı, hərdən isə bayılıb özündən getdi...
Xahiş edirm, məni də götürün...
Nilufər isə Fəridin yaralanma xəbərini eşidən kimi, qərara aldı ki, onun yanında olmalıdır. Biləcəridə nə taksi, nə də şəxsi maşın sürücüləri döyüş zonasına yaxın olduğuna görə, Qaradağlı kəndindəki hospitala yaxın getmək istəmirdilər.
Nilufər bikef-bikef bir kənarda dayanıb, başqa maşın gözlədi.
İki saat kimi gözləyəndən sonra bir sürücü ona yaxınlaşdı, bir az aralıda dayanmış ağ jiqulini göstərib dedi:
- Bu maşın sən deyən yerə gedir.
Nilufər həyəcanla maşının sürücüsünə yaxınlaşdı:
- Deyirlər Ağdama gedirsiz, elədir?
- Hə, gedirəm. Neçə nəfərsiz?
- Təkəm! – Deyəndə sürücü Nilufəri təəccüblə süzüb sanki soruşdu, “Bu gözəllikdə qız, müharibənin bu vaxtında tək cəbhə bölgəsində nə işi var?”.
Nilufər sanki onun fikrini oxudu: - Xahiş edirəm, məni də götürün, həyat yoldaşımın yanına gedirəm, deyirlər yaralanıb.
- Pul verirsən də, xahiş eləmək lazım deyil, - deyə sürücü mənasız-mənasız güldü.
Belə danışmağından Nilufər başa düşdü ki, sürücü onu baha qiymətə aparacaq. Çəkinsə də, ondan gediş haqqını soruşdu. Sürücü elə qiymət dedi ki, Nilufərdə bu pulun ancaq yarısı vardı.
Qız fikirləşib çıxış yolu tapdı. Fəridin ona aldığı qızıl sırğanı qulağından çıxarıb pul əvəzinə sürücüyə təklif etdi. Sürücü müştəri gözü ilə qızıla diqqətlə baxıb razılaşdı.
Maşında Nilufərdən başqa iki kişi və bir qadın da var idi. Onlar da Ağdama gedirdi.
«Fəridin yanına aparan yol» xeyli uzandı. Nilufər yolboyu fikirləşir, Fəridi gah qan içərisində təsəvvür edir, gah gözdən yaralandığını, gah qolunun, gah da ayağının kəsildiyini ağlına gətirirdi. O hər şeyə razı idi, Fəridi ömrünün axırına qədər şikəst-şikəst sevməyə də, onun qulluğunda durmağa da hazır idi. Təki Fəridi sağ qalaydı, təki yaşayaydı, - belə həyəcanlı düşüncələrlə Nilufər Fəridə səmt gedirdi.
Ağdama gedən yol isə uzandıqca uzanırdı. Nilufər yatmaq, bir də Fəridin yanına çatanda ayılmaq istəsə də, gözlərini yuman kimi qulaqlarına «Nilufərim, hardasan?», deyən Fəridin səsi gəlirdi.
Nəhayət ki, Qaradağlı kəndinə çatdılar. Sürücü söz verdiyi kimi Nilufəri düz hospitalın həyətinə qədər gətirdi. Sonra isə sırğaları alıb getdi.
Amma Nilufərin bəxtindən Fərid burada yox idi. Bunu Nilufərə deyəndə qızın ürəyi az qala partlamaq həddinə çatdı. Qaradağlıda yerləşən hərbi səhra hospitalının baş həkimi rabitə vasitəsilə öyrəndi ki, Fərid Ağdərədəki hərbi hospitalda ağır yaralıdır.
Cavan, göyçək qızsan, qaranlıqda yola çıxma...
Eşitdikləri Nilufəri ildırım kimi vursa da, özünü toplayıb, Fəridin yanına getmək üçün yolu soruşdu. Baş həkim ağ saçlı, həlim bir insan idi. O, Nilufərə dedi:
- Qızım, tezdən hərbi maşınlar gələcək, onlarla gedərsən Ağdərə hospitalına. Başqa heç bir yol yoxdur. Piyada çox uzaqdır. Yolda düşmən-zad da olar. İndi ora hərbi texnikasız heç kim getmir.
Piyada uzaq olsa da, maşınla yaxındır. O hospitalda mən işləmişəm. Orda Sadiq həkim var, çox yaxşı həkimdir. Ona yaxınlaşarsan, nə kömək lazım olsa, edəcək.
Eşitdikləri Nilufəri heç sakitləşdirmədi:
- Əgər mənə doğma olan adam ağır yaralanıbsa, ürəyim partlayar, rahat ola bilmərəm, mütləq onun yanına getməliyəm! Xahiş edirəm, yolu mənə başa salın, bitəhər piyada gedərəm.
Baş həkimin qızın tərsliyindən xoşu gəlmədi:
- Qızım, dedim axı, yollar çox qorxuludur. Özün də cavan, göyçək qızsan. Tək yolda nə işin var. Mənim söz eşitməyən adamdan xoşum gəlmir, özüm də çox yorğunam. Bu saat tibb bacısına deyərəm, sənə yer verər, dincini alarsan, sübh tezdən hərbi maşınlarla gedib yoldaşını taparsan.
Nilufər baş həkimin üzünün bozardığını görüb, bir az çəkindi. Daha səsini çıxarmadı. Həkim onu qadın palatasına göndərdi ki, yatıb dincəlsin.
Nilufər uzanan kimi baş həkimin ağzından çıxan kəlmələri təkrar etməyə, ürəyi ilə danışmağa başladı. «Fərid döyüşdə ağır yaralanıb». Ağır yaralanmaq isə ölümə yaxınlaşmaq deməkdir. Mən burada yatmalıyam, mənim isə ən çox sevdiyim bir adam, mənim yolumu gözləyə-gözləyə ölməlidir? Mən mütləq onun yanında olmalıyam. Bəlkə yanında olsam, o sağ qalacaq.
Bircə onu eşitməyim ki, gecikmisən...
Nilufər bu fikirlərlə yerindən qalxdı. Sakit bir axşam idi. Növbətçilərdən başqa hamı yatmışdı. Hospitaldan çıxdı.
“Aylı, ulduzlu gecədir, qorxulu qaranlıq da yoxdur, getmək olar”,- deyə qız fikirləşdi. O tərəfə, bu tərəfə boylanıb, qorxa-qorxa, baş həkimin göstərdiyi səmtə tərəf getdi. Onun dediyinə görə, burdan Ağdərə hospitalına piyada iki saatlıq yol var idi.
Bir xeyli torpaq yolla gedəndən sonra yolun izi onu meşə yoluna saldı.
Nilufər sevimli ərinə çatmaq ümidi ilə yorğunluq, qorxu bilmədən gedir, fikirləşirdi: “Təki, Fəridin bu ağır vaxtında yanında olum. Nə bilirəm, bəlkə, bir də onu görmək mənə heç vaxt qismət olmayacaq. Bəlkə, elə indicə o sızıldayıb məni çağırır… Bəlkə anasını çağırır… Bəlkə də atasını çağırır… Yazıq Təyyar müəllim… Fəridi necə çox istəyirdi. Yox, o Fəridi çox istəsəydi, bizi ayırmaq istəməzdi. Bizi heç kəs ayıra bilməz. Hətta ölüm də… Mən Fəridi çox istəyirəm. Elnurum eynən Fəridə oxşayır… Mənim Elnurum. Bizim Elnurumuz… Atan sağalacaq, oğlum, Allah qoysa sağalacaq. Üçümüz yenə bir yerdə olacağıq. Öz evimiz olacaq. Mən həkim olacağam… Müharibə də qurtaracaq… Pisdir müharibə, qorxuludur. Qorxulu kinolardakı kimi… Görəsən indi Fərid neyləyir… Aman Allahım, yalvarıram sənə, bircə çatanda onu eşitməyim ki, gecikmisən, Fərid daha yoxdur”.
Müdhiş gecə
Qorxulu fikirlərindən Nilufəri dəhşət bürüyürdü. O, yolu ağlaya-ağlaya getdiyindən gözləri yaxşı görmür, tez-tez yıxılırdı.
Birdən qarşıdan – ağacların arasından iki nəfərin kölgəsi göründü.
Yaxınlaşanda fikir verdi ki, onlardan biri sarışın rus əsgəri, o biri isə aydın görünürdü ki, ermənidir. Tüklü, saqqallı, eybəcər üzü, əyri burnu, erməni aksentli danışığı düşmən olduğuna sübut idi. Nilufər qorxudan titrəməyə başladı.
Erməni gülə-gülə rus dilində soruşdu:
- Gecə vaxtı bu türk gözəli hara gedir?
Nilufər yarı rus, yarı azərbaycan dilində yalvarmağa başladı:
- Nişanlımın yanına gedirəm, o ağır yaralıdı.
Rusun qıza yazığı gəldi:
- İşin olmasın qızla, yazıqdır, nişanlısının yanına gedir, kəsmə yolunu, qoy getsin!
- Belə asnlıqla onu buraxmaq olmaz! Qoy onu başa salım ki, bu torpaqlar bizimdir, sonra getsin!
Bu vaxt göyə fişəng atıldı. Rus fişəngə baxıb dedi:
- Getdik, vaxtdır, - dedi və qaçıb getdi.
Saqqqallı erməni:
- Get, mən də gəlirəm, - deyib, qızı başdan ayağa süzəndən sonra üzündə murdar bir təbəssüm yarandı.
Nilufər balaca çantasından pullarını çıxartdı ki, ona versin, bəlkə bununla düşməndən canını qurtarsın.
Elə ki, rus uzaqlaşdı, erməni quduzlaşmış itə döndü. O bir göz qırpımında əlindəki avtomatı və bel çantasını bir tərəfə atıb, qızın üstünə cumdu. Qızı qucaqlamaq istəyəndə Nilufər ona möhkəm bir şillə vurdu. Qaçmaq istəyəndə erməni onu yerə yıxdı. Nilufər var gücü ilə qışqırıb, çırpındı, ermənidən canını qurtarmaq istədi. Murdar erməni qızı sürüyə-sürüyə çantasının yanına gətirdi. Çantadan nazik bir ip çıxarıb əllərini, ayaqlarını möhkəm sarıdı.
Bayaqdan rusu görəndə Nilufər bir az toxtaqlıq tapmışdı. O, inanırdı ki, rus ona kömək edəcək. Amma elə ki rus getdi, qız ümidini tamam itirdi. O, var-gücü ilə çırpınır, qışqırır, özünü bu vəhşi, murdar ermənidən qurtarmağa çalışdı.
Erməni isə qızın əl-ayağını bağlaya-bağlaya öz dilində donquldanır, deyinirdi., Nilufər onun dedikləri içərisində yalnız «turk» sözünü başa düşürdü. Nazik ip Nilufərin qollarını bıçaq kimi kəssə də, ağrıya fikir vermir, var gücü ilə bu müdhiş vəziyyətdən qurtarmağa çalışırdı.
Bu dəfə göyə iki fişəng atılanda erməni hirslə ayağa qalxdı. Avtomatını götürdü, «darıxma, indi qayıdacağam”, - deyib, rus gedən səmtə getdi.
Bir azdan rus əsgəri geri qayıtdı. Cib bıçağını çıxartd, qızın əl-ayağını açıb dedi:
- Qaç! Fişəng atıb Bartanı aldatmışam, indicə gələcək, qaç canını qurtar! O, pis adamdır.
Nilufər rusa minnətdarlıq edib qaçdı. Beləcə qızın canı quduzlaşmış, murdar ermənidən qurtardı.
Rus ona böyük yaxşılıq etmiş, onu ləkədən, ölümdən, faciədən qurtarmışdı. “Yoxsa, Fəridimin üzünə necə baxardım”, deyə Nilufər fikirləşdi.
Fəridin ölən vaxtını saat neçə yazım?
Fəridi hərbi səhra hospitalına çatdırana qədər çoxlu qan itirmişdi. Ağrı da bir yandan nəfəsini kəsir, heç ara vermirdi. İki güllə Fəridi ölümcül vəziyyətə salmışdı. Onlardan biri qarnından girmiş, o biri sağ çiyin nahiyəsindən keçib çiyin sümüyünü dağıtmışdı. Rəssamın fırça ilə işləyən əli hərəkətsiz sallanırdı. O, ağrıdan və qızdırmadan sayıqlıyırdı.
Sultan həkim Fəridi əməliyyat edib qurtarandan sonra tibb bacısına dedi:
- Nə qədər ki narkozdan ayılmayıb, qolunu da amputasiya edəcəyəm. Siz xəstəni hazırlayana qədər, bir siqaret çəkim gəlim!
Bu vaxt tibb bacısı Rəfiqə əməliyyat otağına girib
yavaşca Məleykənin qulağına pıçıldadı:
- Fəridin ölən vaxtını saat neçə yazım?
- Məleykə hirsləndi:
- Onu niyə yazırsan, ölənlərin siyahısına, görmürsən ki, sağdı...
- Sultan həkim deyir, yaz, onsuz da ölür.
- Onda elə saatı da ondan soruş, mən deyə bilmərəm. Sağ ola-ola necə yaza bilərsən ölüb. Nə vaxt keçinsə, onda yazarsan!
- Dedim telefonaqramma göndərməyinə göndərirəm. Bir də axşam yenə ikinci dəfə telefonaqramma göndərməyim.
- Heç nə olmaz, lazım gəlsə, yenə göndərərik. Siyahını səhv göndərmə, başımız ağrıyar!
- Gedirəm Sultan həkimin yanına nə desə, elə də yazacağam.
Fərid yaşamayacaq, həkim?
Sultan həkim siqaret çəkmək üçün həyətə çıxanda qapıda Nilufərlə rastlaşdı.
Nilufər ondan Fəridi soruşanda Sultan həkim onun sualına sualla cavab verdi:
- Fəridin nəyisiz?
- Həyat yoldaşı!
- Burdadı Fərid.
- Necədir, bilmirsiz?
- Bilirəm. Mən onu indicə əməliyyat eləmişəm. Vəziyyəti elə də yaxşı deyil. Gizlətmək istəmirəm. Yaraları ölümcüldür.
Həkimdən “Ölümcüldür” sözünü eşidəndə Nilufər divardan tutdu ki, yıxılmasın.
- Fərid yaşamayacaq, həkim?
- Bir-birimizi aldatmayaq. Niyə sənə yalandan deməliyəm yaşayacaq. Bayaq qarın nahiyəsi əməliyyatını bitirdim. İndi növbəti əməliyyata başlayacağam.
Nilufərin rəngi ağappaq ağarsa da, özündə güc tapıb həkimə dedi:
- Həkim, bu xəstə “Ölümcüldürsə”, ona bir gündə iki əməliyyat keçirilməsi vacibdir?
- Sən həkimsən? – Qızın artıq suallar verməsi Sultan həkimə xoş gəlmədi.
- Xeyr! Amma Tibb institutunda oxuyuram!
- Bununla belə, həkim kimi danışırsan! Biz Fəridin sağ qolunu amputasiya etməliyik.
Nilufər bunu eşidəndə dizləri əsdi, özünü yıxılmaqdan güclə saxlayıb az qala həkimə yalvardı:
- O rəssamdır, doktor. Rəssam ölümcül vəziyyətdədirsə, qolunu niyə kəsirsiz? Niyə ona bir daha zülm edirsiz?
Bu sorğu-sual Sultan həkimə xoş gəlmədi. O, səsini qaldırdı:
- Özün də Tibb institutunda oxuyursan. Gələcəyin bir həkimisən. Bilməlisən ki, həkim son ana qədər xəstəyə yardım etməlidir. Qol çiyindən parçalanıb sallana-sallana qalıbsa, həmin qol mütləq amputasiya edilməlidir.
Bunu həkimdən eşidəndə, elə bil bayaqdan aciz-aciz danışan Nilufər deyildi. O, ani surətdə dəyişib ötləm səslə dedi:
- Mən Fəridi görməliyəm!
- Əməliyyat otağındadır, ora da girmək olmaz!
- Mən ərimi görməliyəm! Onun qoluna baxmalıyam! – Deyib Nilufər iri gözlərini bir az da bərəldib Sultan həkimə necə baxdısa, həkim əlindəki papiros kötüyünü yerə atdı. “Qoymurlar işləməyə” deyib, deyinə-deyinə içəri keçdi.
Sultan həkim əməliyyat otağına girən kimi Məleykə dedi:
- Xəstə əməliyyat üçün hazırdır!
- Gözləyək, xəstənin yanına “həkim”gəlib. – Deyib Sultan həkim bir az da lağ ilə Nilufərə baxdı.
Məleykə biləndə ki, gələn bu gözəl qız Fəridin həyat yoldaşıdır, çox pis oldu.
Sultan həkim Fəridə elə diaqnoz qoymuşdu ki, hospitalda hamı Fəridin canının əziyyətdən qurtarmasını gözləyirdi.
Tibb bacıları eşidəndə Fərid ata-ananın bir oğludur, həm də yaxşı rəssamdır, onun başına fırlanır, əllərindən gələni edirdilər. Bilmirdilər daha neyləsinlər ki, azca da olsa, onun ağrılarını azaltsınlar.
Sultan həkim bütün ağrıkəsici preparatları onun təyinatından çıxarmış, baş tibb bacısına tapşırmışdı:
- Bu ümidsiz xəstəyə çox vaxt, çox dərman da ayırmaq lazım deyil. Ürəyiniz çox yanırsa, dua eləyin Allaha, canı qurtarsın, əziyyət çəkməsin!
- Bununla belə, onlar Fəridin ağrılarını azaltmaq üçün gizlincə ona ağrıkəsici iynələr vurudular.
İndi Sultan həkimin dediyi kimi hamı gözləyirdi ki, nə vaxt Fəridin bu əzablardan çanı qurtaracaq.
Nilufər sevimli ərini yaxından görəndə dəhşətə gəldi. Ürəyi elə silkələndi, az qaldı yerindən çıxsın. Heç kəsi narahat etməmək üçün səssiz ağlayıb Fəridin yaralı qolundan öpdü, yaralı qarnını tumarladı, alnından, əllərindən öpdü, başını sığalladı. Yavaşca qulağına pıçıldadı:
- Sən sağalacaqsan. Mən səni çox sevirəm, Fərid! Biz Elnuru bir yerdə böyüdərik. Dözümlü ol, sağal!
Mənəm xəstənin sahibi
Nilufər var-gücü ilə özünü topladı ki, bu çətin anında bəlkə Fəridə köməyi dəydi. Sultan həkimə dedi:
- Həkim, mən Fəridin qolunu görə bilərəm?
- Niyə ki? – Həkim təəccüblə soruşdu.
- Mənim özüm də tibb institunun tələbəsiyəm. Travmatologiya fənnı oxumuşam, təcrübələrdə olmuşam. Qolun vəziyyətinə baxmaq istəyirəm.
- Olmaz, bura cəbhə bölgəsidir, sən də adi xəstəxanada deyil, hospitaldasan.
- Niyə hirslənirsiz, həkim, mən bilirəm qolu hansı halda amputasiya etmək vacibdir.
- Axı sən kimsən mənə həkimlək öyrədirsən. Səhər buna görə məni hərbi tribunala verərlər. Əməliyyat otağını tərk elə, əməliyyata başlayırıq.
- Mən xəstəmin qolunu görməliyəm! – Yenə Nilufər nifrətlə həkimə baxanda həkim səsini bir az da qaldırdı:
- Nə görmək istəyirsən, qol-zad yoxdu. əzələdən sallanan bir ət parçası necə qol ola bilər. Mən səni əməliyyat otağına gətirdim ki, bizə mane olasan?
- Mənəm xəstənin sahibi, ona ölümcül bir xəstə kimi baxırsızsa, icazə vermirəm onun qolunu kəsəsiz!
Bu vaxt əməliyyat otağına hündür boylu, üzü nurlu, bir kişi daxil oldu.
Məleykə tez Nilufəri əməliyyat otağından çıxarıb başqa otağa gətirdi. Ondan sakit olmağı xahiş edib dedi:
- Baş həkimdir. Növbəyə gəlib. Səni orda gördü, indi başımıza oyun açacaq. Eybi yox, əsas odur ki, savadlı, vicdanlı həkimdir. Düzgün qərar çıxara bilir.
- İstəmirəm Fəridin qolunu kəssinlər, istəmirəm. Həkim deyir, ölümcüldür. Ölümcüldürsə, niyə ona əzab vermək istəyir? – Deyib Nilufər hönkür çəkib ağladı. Məleykə onu sakitləşdirdi.
- Çox vaxtında gəlib çıxdın. İndi burda otur, heç narahat da olma. Sadiq həkim çox savadlı və gözəl ürəkli həkimdir. Nə lazımdırsa edəcək. Amputasiya lazım olmasa etməyəcək.
Sadiq həkimin çox yaxşı bir həkim olmasını o Qaradağlı hərbi hospitalının baş həkimindən də eşitmişdi. Ona görə bir az sakitləşdi.
- Doğurdan deyirsən? – deyə Nilufər acizanə soruşdu.
- Düzünü deyirəm, bacım! Sən burda gözlə, mən gedim, görüm neyləmək istəyirlər. Mən orda olmalıyam. Nə qərar olsa, sənə deyəcəyəm.
Nilufər: “yaxşı”, desə də sakitləşməyib, Məleykənin ardınca əməliyyat otağına gedib, qapının arxasından həkimlərin nə qərar verdiklərini eşitmək üçün qulağını qapıya dayadı.
Ordan yalnız Sultan həkimin səsi gəlirdi: “Mən öz qərarımda qətiyəm. Qol amputasiya edilməlidir”.
Baş həkim yavaş danışırdı deyə, Nilufər onun səsini eşitsə də, danışdığını başa düşmürdü. Sultan həkimin hirslə dediyi sözlər isə aydın eşidilirdi: “Siz cavan qızın sözü ilə mənim qərarımı niyə dəyişirsiz?”. Sadiq həkim təmkinlə, sakitcə danışır, Sultan həkim isə qışqırırdı. “Baxıram. Bu damarların qanı dayanmır. Əsas əzələ də iki hissəyə ayrılıb, bundan daha qol olmaz!”. Axırda Sultan həkim hirslə dedi: “Mən məsuliyyəti üzərimə götürmürəm. Edirsiz, gəlin özünüz başlayın əməliyyata, baxım ki qolu yerinə necə bərkidirsiz”...
Bu vaxt əməliyyat otağının qapısı açıldı, Sultan həkim hirslə otaqdan çıxdı. Qapıda Nilufəri görüncə qışqırdı:
- Hara baxır bu mühafizə? Çatan əməliyyat otağında yuxarı başa keçir. Əməlli-başlı dərəbəylikdir.
Bir azdan çiyni avtomatlı iki əsgər gəlib Nilufəri xəstəxanadan bayıra çıxartdı. Amma Nilufər narahat olmadı. O, həqiqətən də əmin idi ki, Fəridin bu vəziyyətində qolun amputasiyası onu incitməkdən başqa heç nə verməyəcək. Baş həkimin vaxtında gəlişi qızı sevindirdi.
Bir azdan Sadiq həkim və Öndər həkim əməliyyata başladılar.
Öndər həkim çox savadlı bir cərrah idi. O, kömək məqsədilə könüllü Azərbaycana gəlmişdi.
Üç saat gedən əməliyyat uğurlu keçdi. Həkimlər damar və əzələ ilə səliqəli işləyib, ona neçə yerdən tikiş qoyandan sonra qolu gipsə saldılar.
Əməliyyatdan sonra Məleykə Nilufəri xəstənin yanına apardı. Nilufər Fəridin qolunu gipsdə görüb sevindi:
- Deməli ümid var ki, həkimlər qola gips qoyub.
- Hər iki həkim belə qərara gəldi. Çox əziyyət çəksələr də, nəticə istədikləri kimi oldu.
Nilufər Məleykəni qucaqladı, minnətdarlıq elədi.
Fərid isə dayanmadan zarıyır, sayıqlayırdı.
Nilufər görəndə həkimlər, tibb bacıları xəstə çoxluğundan başlarını itirib, qalxı ayağa, sarğı otağına keçib onlara kömək eləməyə başladı.
O da tibb bacıları kimi elə ürəkdən əl tutub, yardım edirdi ki, hamı onun burda olmağına sevinirdi.
Tez-tez Fəridə baş çəksə də, o biri yaralılardan da köməyini əsirgəmirdi. Bura gələndə yalnız Fəridini düşündüyü haqda, indi o biri yaralılara da can yandırır, onların ağrısını yüngülləşdirməyə çalışırdı.
Nilufər Fəriddə gedən bütün dəyişikliklərə, nəbzinə, qızdırmasına, təzyiqinə, damarına qoşulmuş sistem dərmanlarına qədər özü də nəzarət etməyə başladı. O hətta damar iynəsini də rahat vura bilirdi. Tibb institunda, praktik məşğələlərdə öyrəndikləri köməyinə gəldi.
Sadiq həkim tez-tez Fəridi müayinə edir, vəziyyətini yaxşılaşdırmaq üçün təyinatlarına nəzarət edirdi. Amma Fərid yaxşılaşmır, anbaan pisləşirdi.
Nə Təyyar, nə Sevda neçə gün özlərinə gələ bilmədilər. Qohum-əqrəba, dost-tanış yas mərasiminə hazırlaşır. Fəridin rəssam dostları, tələbə yoldaşları ürəklərindən qara qanlar axa-axa məclisin hər hazırlığını görmüşdülər.
Axşam saat 10-da xəbər verdilər ki, Ağdam bölgəsində vəziyyət çox pisdir, vertolyot olmayacaq, gözləməyin.
Təyyar beli bükülmüş evə qayıtdı.
Səhər saat 5 olardı qapı döyüldü. Gələn Nəcməddin idi. O, qara xəbəri eşidib Türkiyədən gəlmişdi. İçəri girən kimi Təyyarın boynunu qucaqlayıb hönkür-hönkür ağladı. Sonra isə yol çantasından bir neçə uşaq kitabı çıxartdı. Kitabları Fəridin şəklinin qabağına qoyub ağlaya-ağlaya dedi:
- Bura gələndə mənə dedilr getmə Azərbaycana, orda müharibə gedir. Dedim, yox, mən orda olmalıyam. Mənim ən yaxın dostumun bircə balası vardı, onu da ermənilər öldürüb. Mütləq gedib “Keçmiş olsun”, deməliyəm. Bir də Fərid mənə demişdi yolum düşəndə onun oğluna rəngli kitablar alım. Mən onun istəyini yerinə yetirib balasına rəngli kitablar gətirmişəm. Yazıq Fərid. Qınamayın məni, qoyun, ürəyimi boşaldım.
Sevda da, Təyyar da Nəcməddin gələndən bərkdən ağlayırdılar. Sevda bu sözləri eşidəndə ağlamağını kəsib şübhəli-şübhəli Təyyardan soruşdu:
- Necə? Fəridin oğlu?
Təyyar uşaq kimi çiyinlərini çəkdi ki, yəni bu işdən xəbəri yoxdur. Sevda sorğu-sualını davam elədi:
- Fəridin arvadı, oğlu var idisə, o bunu bizdən nə səbəbə gizlətməliydi? Biz onun sevdiyi qızı istəməsəydik, onda Fəridin bunu bizdən gizlədərdi. Sən Fəridin oğlu olmağından xəbərdardın?
Təyyar gözünün yaşını sildi. Özünü itirib uşaq kimi çiyinlərini çəkdi:
- Yox, mən özüm də bunu bilmirdim. Komissarlıqdan mənə dedilər arvadı gəlmişdi yerini öyrənməyə. Bir də şəkil verdilər qadınla uşaq şəkli. Mənə dedilər arvadının və oğlunun şəkli imiş, deyə Təyyar elə danışdı ki, guya şəkildəki qadını heç tanımır.
Sevda ailə qurduqları müddətdə ilk dəfə ərinin üstünə qışqırdı:
- Bəs sən bunu mənə niyə deməmişdin ki, biz o bədbəxti də çağıraq yasa gəlsin. Axı onda Fəridimizin yadigarı var. Sən niyə məndən bunu gizlətmisən? Mən «yadigarsız balam» - deyəndə, sən bunları eşitmirsən? Heç olmasa Fəridimin yadigarından bir azca təsəlli tapardım. Necə qıydın bunları məndən gizlin saxladın? Hansı məqsədə bunu gizlətdin? Hanı mənim balamın yadigarının şəkli, tez ver mənə.
Bütün bunları qışqıra-qışqıra deyəndən sonra, Sevda daha da bərkdən ağlamağa başladı.
Hardadı mənim balamın yadigarı?
Təyyar söz tapmırdı desin, Sevdanın qarşısında özünü təmizə çıxartsın. O, durub Fəridin otağına keçdi, orada gizlətdiyi qanlı şəkli gətirib Sevdaya verdi. Sevda şəkli o qədər öpdü ki...
Nəcməddin bəy deyilənlərin çoxundan bir şey anlamasa da, onu başa düşdü ki, söz-söhbəti o yaratdı. Buna görə də çəkilib bir kənarda pərt oturdu.
Sevda sakitləşmək bilmir, ağlaya-ağlaya gah Təyyara hirslənir, qışqırır, gah da ona yalvarırdı:
- Bu saat get, hardan tapırsansa, tap, mənim gəlinimi, nəvəmi bura gətir!
- Səhər tezdəndir. Qoy camaat yuxudan dursun bir. Rəvana deyərəm gedər, gətirər. – Təyyar bilmədi Sevdanı necə sakitləşdirsin. Təyyar hər bir olan pis hadisədə özünü günahkar edib, gündən-günə kiçildiyini hiss edirdi. O, söz verəndən sonra ki, “Rəvan gedib uşağı gətirəcək”, Sevda bir az toxdadı.
Nilufər evdən çıxanda anasına demişdi ki, bəlkə Fəridin dalınca cəbhəyə getdim. Gecə Nilufər evə gəlməyəndə Minayə xala çox nigaran qaldı. Nigarançılıqdan ananın vəziyyəti pisləşdi. Hətta səhər Elnuru da bağçaya qonşu apardı.
Minayə xala nigarançılıqla qızının yolunu gözləyirdi. Qulağı səsdə idi ki, Nilufər nə vaxt gələcək. Gecə-gündüz Fəridə dua edirdi, sağalsın, Nilufəri tək, Elnuru atadan yetim qalmasın. Bilirdi ki, Nilufər nəinki Fəridi sevir, o, Fəridlə nəfəs alırdı. Bir-birlərinə bağlılıqları o qədər idi ki, bəzən ana bu sevgidən qorxurdu. Fikirləşirdi, Allah eləməmiş, cəbhədə Fəridə bir şey olsa, qızı yəqin ki, dəli olacaq. O, gecə-gündüz Allaha yalvarır, Fəridin sağ-salamat qayıtması üçün dua edirdi.
Minayə xala yataqda Fəridi, Nilufəri fikirləşdiyi vaxt qapı döyüldü.
- Allah xeyir eləsin, - deyib Minayə xala elə bildi gələn Nilufərdi, sevincək qaxıb qapını açdı.
Gələn isə Rəvan idi. O, səhər-səhər Təyyargilə gəldi, getsinlər bədbəxt dostunun balasını - Fəridi “qarşılamağa”. Amma Təyyar Sevdanın istəyi ilə onu Nilufərgilə göndərdi ki, Nilufərlə uşağı tapıb onlara gətirsin.
Rəvan, çox keçmədi, belə xəbərlə Təyyrgilə qayıtdı:
- Nilufər gedib Fəridin yanına. Gedəndən zəng də eləməyib. Anası ondan bərk nigarandır. Uşaq da bağçada idi. Anası Fəridin xəbərini eşitməyib. Qadın da xəstə idi, yataqda idi deyə, mən də ona heç nə demədim.
Mənim Fəridim ayılmır...
Nilufər həmin vaxt hospitalda yaralılara kömək edə-edə Fəridi də gözdən qoymurdu. Axşamçağı Fəridin rəngi ağardı, alnına soyuq tər gəldi. Nilufər onun qarnındakı əməliyyat yerinin sarğısını açdı, yodla yara yerini işlədi. Sonra bikef-bikef gedib xəstələrin sarğısını dəyişməyə kömək eləməyə başladı. Məleykə soruşdu:
- Necədi Fərid?
Nilufər sızıldaya-sızıldaya dedi:
- Mənim Fəridim ayılmır. Onun qarnında nədirsə, ciddi problem var.
- Nədən bilirsən?
- Qarnında iltihab var, baxanda elə üstdən görünür. Qarnı get-gedə şişir.
- Nədən olar, görəsən?
- Sən bilərsən. Əməliyyat vaxtı sən orda olmusan, hər şeyi gözünlə görmüsən.
- Mən burda çox şeyin şahidi oluram. Amma danışmaq olmur. Nilufər Fəridin əməliyyatından danışmağı Məleykədən xahiş elədi. Məleykə olduğu kimi dedi:
- Güya Sultan həkim əməliyyat elədi. Buna əməliyyat deməzlər ki... Qarın boşluğunu açdı, üstdən bir qəlpə çıxartdı, təzədən tikdi.
- Necə yəni? Heç baxmadı da güllə hansı orqanı zədələyib?
- Bəlkə baxsaydı, zədələnmiş nahiyədə qanaxmanı dayandıracaqdı. Bəlkə də hardansa qəlpə, ya güllə çıxaracaqdı...
- Yazıq Fərid! Bu da onun qismətidir!
- Nə bilim vallah. Özüm də baş aça bilmirəm düz edib, Sultan həkim, ya səhv edib. Nəsə deyəndə də, adamı elə acılayır ki, adam özünü lap savadsız hiss edir. Bir sözü də var. “Deyirəm oxuyun, savadınızı artırın, qulaq asmırsız”. Əməliyyat zamanı dedim, qarını açmağına açmışıq, preparatla bir az işləyim, dedi vaxtım yoxdu, tik, getsin.
- Necə yəni?
- Eləcə! Sultan həkim elə bil cərrah yox, cəlladdı. Baş həkimə birini deyəndə, birini deyə bilmirəm. Sadiq həkimə deyən kimi dava düşür, oluram xəbərçi, araqatan. Hələ yaxşı ki, sən özün gəlib üstünə çıxdın, qoymadın, yoxsa, Fəridin də qolunu amputasiya edirdi.
- Necə vicdansızdır. Cavanların da taleyini tapşırıblar belə ürəksiz həkimə. Deyəndə də, deyirlər danışma, cəbhədə həkim çatışmır.
- Gərək bunları mənə bir az tez deyəydin!
- Niyə ki?
- Bəlkə, indi də gec deyil! Fəridi təzədən əməliyyat eləmək lazımdır.
- Necə yəni?
- Bir az gözlə, həkimlərlə danışım, deyərəm.
Gizli əməliyyat
Məleykə Nilufərin işinə lap məəttəl qaldı. Nilufər az bir vaxtda işi elə təşkil etdi ki, gecə ilə Fəridi əməliyyat stoluna çıxartdılar. Əməliyyatda Öndər həkim, Sadiq həkim, Məleykə və Nilufər iştirak etdi. Əsas iki əsas səbəbə görə təcili, səhərin açılmasını gözləmədən, gecə ilə əməliyyat elədilər.
Əvvəla, Fəridin qarın boşluğu daxili qanaxma nəticəsində qanla dolurdu. Vaxt itirmək olmazdı;
İkincisi, Nilufərin təklifi ilə onun böyrəyinin birini Fəridə köçürəcəkdilər. Hospitalda belə əməliyyatın keçirilməsi olmazdı.
Transplantasiya üçün həm hospitalda elə şərait yox idi, həm də buna icazə yox idi. Öndər həkim isə öz ölkəsində belə əməliyyatlar çox aparmışdı. O dedi ki, əməliyyat sabaha qalsa idi, Fərid üçün gec olacaq;
Hərbi və Səhiyyə nazirliklərindən icazə alaraq belə bir əməliyyat keçirilməsi həm Sadiq, həm də Öndər həkim üçün böyük risk idi. Amma Nilufərin Fəridə görə odun-alovun içərisinə gəlməsi, ərinə necə sevgi ilə yanaşması, digər yaralılara necə ürəkdən kömək etməsi həkimləri bu riskə sövq elədi.
İki həkim arasında söhbət:
- Məncə bu saat Nilufərə desək, həyatını ver Fəridi xilas edək, əsirgəməz. İndi belə sevən cavanlar çox azdır. Biz gərək onları qoruyaq!
- Allah qorusun. Mən də nə lazımdırsa, etməyə hazıram!
- Xəstəlik vərəqində Sultan həkim yazıb ki, hər iki böyrəyi güllədən zədələnib, yararsız olub.
- Onda biz böyrəyin vəziyyətinə baxmalıyıq, ehtiyac olarsa əgər, doğrudan da transplantasiya vacib olsa, Nilufərin bir böyrəyini ona köçürərik. Nilufər düz deyir. O çox ürəkli və savadlı qızdır.
- Doktor, gərək bu əməliyyatı gizlin edək. Bizim ölkədə müharibə vaxtında o qədər qadağalar var ki, gərək bu cür əməliyyat üçün nazirlikdən icazə alasan.
- Transplantasiya elə bir əməliyyatdır ki, hətta bizdə də ona ciddi yanaşır, donorların razılığına, aralarında bağlanmış müqaviləyə xüsusi diqqət yetirilir. Özü də elə Türkiyədə də bu əməliyyata rəhbərlik edən baş idarəmiz var. Ona görə biz bu əməliyyatı vaxt az olduğuna görə gizlin eləməliyik.
- Gizlin də, aşkar da olsa, eləyək. Doktor, siz bu əməliyyata rəhbərlik edin. Əməliyyatdan xəbər tutsalar, məsuliyyəti öz üzərimə götürəcəyəm. – Sadiq həkim dedi.
- Buna görə narahat olma. Mən də elə sən fikirdəyəm. Hətta bilsəm ki, buna görə məni cəzalandıra bilərlər, mən yenə də əməliyyat tərəfdarıyam.
- Çox sağ olun, doktor! Siz çox nəcib insansız. Mən gedim üzümə bir soyuq su vurum, yuxum qaçsın.
- Elə mən də. Bir az yorğunluğum da gedər.
- Onda Məleykə ilə Nilufərə deyim, əməliyyata hazırlaşsınlar!
- Deyin!
Az keçmişdi, əməliyyat otağının işığı yandı.
Nilufərə qan vurulmalıdır...
Nilufərin təkidi və həkimlərin də razılığı ilə Fəridi növbəti əməliyyata saldılar. Sadiq həkim qarın boşluğuna dolmuş qanı təmizləyəndən sonra Öndər həkim diqqətlə böyrəkləri müayinə elədi. Çox çalışdı ki, heç olmasa böyrəklərdən biri salamat qalsın. Bu heç cürə mümkün olmadıqda, Fəridi xilas etmək üçün transplantasiya əməliyyatına başladı.
Nilufəri əməliyyat stoluna uzadanda o, qorxmaq əvəzinə, sevinirdi ki, heç olmasa, Fəridə belə köməyi dəyə bilər.
Əməliyyat səhərə yaxın bitdi. Öndər həkimin peşəkarlığı sayəsində şəraitsiz hospital şəraitində böyrəyin transplantasiyası baş tutdu. Əməliyyatın uğurlu nəticəsi hamını sevindirdi.
Nilufər narkozdan gec ayılanda Sadiq həkim dedi:
- Qanı çox aşağıdır. Ona qan vurmaq lazımdır.
- Qanı elə qrupdur ki, asanlıqla tapılmır.
- Mənfi birdir?
- Bəli!
- Nə pis oldu.
- Onda iynə təyin edirəm, Bakıya gedənə qədər onu vurun, az da olsa, köməyi dəyər.
Nilufər narkozdan ayılan kimi Fəridi soruşdu:
- Fərid necədi? Ayılmayıb?
- Ayılacaq, narahat olma!
- Hər şey yaxşı oldu?
- Hər şey yaxşı oldu. Qanın bir az aşağıdır, indi sənə sistem qoşacağam!
- Nə olar, Məleykə, bacı, Fərid ayılanda mənə de. Yatmış olsam da.
- Yaxşı, deyərəm!
- Ola bilər, ayılmasın Fərid?
Siyahıda birinci, Müslümov Fərid Təyyar oğludur...
Növbəti gün Fəridin doğmaları, dostları gözlərində qan-yaş tabutu qarşılamaq üçün Biləcəriyə - vertolyot meydançasına toplaşdılar.
Elə ki xəbər gəldi, “Bir saata vertolyot Bakıda olacaq....”, ağlaşma başlandı.
Vertalyot uçuşa hazırdır...
- Məleykə, əlaqə saxlamışam, bir azdan vertalyot burda olacaq. Yaralılarla Bakıya özün gedərsən. Həmişəki kimi meyitləri arxa hissəyə yükləyin ki, yaralılar rahat düşsün.
- Baş üstə həkim, narahat olmayın nə lazımdırsa edəcəyəm.
Nəhayət hərbiçilərin dediyi kimi «səma gəmisi» gəlib çıxdı. Baş həkimin tapşırdığı kimi əvvəlcə meyitləri vertolyotun arxa hissəsinə yüklədilər, sonra isə yaralıları qabaq hissədə rahatladılar.
- Axırda Məleykə Nilufəri də götürüb vertalyota qalxdı.
Vertalyotun pərləri fırlanır, səsindən qulaq tutulurdu. Nəhayət ki, o göyə qalxdı.
- Məleykə Nilufər üçün rahat bir yer seçdi. Amma qız orda oturmayıb elə yerdə oturdu ki, Fəridin sızıltısına “can”, deyib, əlindən tuta bilsin.
Kimdir Fəridin adamları?
Vertolyot yerə enən kimi əvvəl təcili yardım maşınları yaralıları daşıdı. Ondan sonra ölü sahiblərinə icazə verdilər ki, maşınlarını vertalyota yaxınlaşdırıb tabutları düşürməyə kömək eləsinlər. Zabit siyahını oxumağa Fəriddən başladı:
- Siyahıda birinci Müslümov Fərid Təyyaroğludur! Kimdir Fəridin adamları?
Təyyar irəli keçmək istədi, ayaqlarını yerdən qaldıra bilməyib yavaşca yerə yıxılıb özündən getdi.
Təcili yardım çağırdılar, Təyyara iynə vurdular, elə təcili yardım maşını ilə onu evə apardılar.
Fəridimi son dəfə qarşılayıram, qoyun qarşılayım...
Sevda yeganə balasını həyətdə gözləyirdi. Onu nə qədər evə apardılar, getmədi. “Fəridimi son dəfə qarşılayıram, qoyun qarşılayım!”, deyib, ağı deyib, ağladı. Bütün məhəllənin ---qadınları “əsgər anası”nın səsinə səs verib, verib onun başına yığışdılar. Ağlaşma bir də təcili yardım maşınının sirena səsinə dayandı. “Fəridi gətirdilər!”, deyə, hamı nəfəsini içinə çəkdi. Maşından bir qadın həkim düşüb həyətdəki qadınlardan soruşdu:
- Oğlu rəhmətə gedən Müslümov Təyyargilin evi bu binadadır?
- Bəli, burdadır.
Həkim dönüb sürücünü səslədi. Qapını açın, buradır!
Deyən kimi qonşudakı yaşlı qadınlar üzünü cırmağa, saçlarını yolub, dizlərinə döyməyə başladılar. Sevda qışqırdı:
- Fəridim, niyə xoş gəlmədin! Qurban olum sənə, bu nə gəlişdir...
Həkim qorxub kənara çəkildi. Qışqırıb nəsə dedi. Onu eşidən olmadı.
Təyyar iynədən sonra özünə gəlmişdi. O, təcili yardım maşınından düşəndə vay-şivən məhəlləni bürüdü. Təyyar Sevdanı qucaqlayıb ağlayanlara qoşuldu.
Mən “Qanun” jurnalının baş redaktoruyam
Siyahıları təzədən yoxladılar. Fəridin adı siyahıda birinci olsa da, tabutu tapılmırdı. Hospitalla ratsiya əlaqəsi yaratmaq istədilər, alınmadı. Yaralıları və ölənləri gətirən məsul şəxsi - tibb bacısı Məleykəni axtardılar, o da tapılmadı.
Təcili yardım yaralıları hospitala aparanda Məleykə də yaralılarla getmişdi.
Rəvan hirsindən qapqara qaralmışdı. O gah zabitlə, gah da pilotla dalaşırdı:
- Mən “Qanun” jurnalının baş redaktoruyam. Bu nə biabırçılıqdır. Hərbidə belə şey olar? Camaat gəlib ölüsünü götürsün, ölü yoxdur. Çamadan-zaddır, yaddan çıxa, hardasa qala... Mən bu saat Müdafiə Nazirliyinə qədər gedib çıxacağam.
- Haqlısız, mən sizə nə deyə bilərəm. Amma azca bizə zaman verin, anlaşılmazlıq olub, onu aydınlaşdıraq.
Fəridin dostu İlqar yaxınlaşıb dedi:
- “Azca zaman”, siz nəyə deyirsiz? Üç gündü hər gün burdayıq. Bu gün də günortadan keçib, hələ də aydınlaşdırırsız. Tapın, verin bizim ölümüzü, çıxaq gedək!
Hamı zabitdən cavab gözləyir, zabit isə hirsindən bilmirdi neyləsin. O ratsiya ilə zəng edib kiməsə qışqırdı:
- Bu nə məsuliyyətsizlikdir. Camaat düz deyir də... Neçə saatdı aydınlaşdırırsız. Bunlar da düşüb mənim üstümə!
Bakıda Məleykə xəstələri hospitala çatdırıb şöbələrdə yerləşdirdi. Axırıncı Nilufəri rahatlayıb dedi:
- Sən uzan, gedim Fəridə baş çəkim
Palatalar ayrı olduğundan Məleykə gah Fəridin, gah da Nilufərin yanına gedir, onları nəzarətsiz qoymurdu. İynə, dərmanlarını vaxtında vurur, sarğılarına nəzarət edirdi.
Deməli, eşitdiyim yuxu deyilmiş...
Fərid yaralanan gündən ağlı başında deyildi. Çoxlu qan itirməsi, böyrəklərin iksinin də birdən fəaliyyətinin dayanması, dəhşətli ağrıları onu haldan salmışdı.
Amma sonuncu əməliyyat Fəridi dəyişmiş, o, az-az da olsa, hərəkətə gəlməyə başlamışdı. Bu nəticə hətta Fəridin özünə də ümid verirdi. O, gözünü açıb danışa bilməsə də, yavaş-yavaş hiss etməyə, dərk etməyə başlayırdı.
Bunu birinci Məleykə hiss edən kimi qaça-qaça gəlib bu xoş xəbəri həkimdən qabaq Nilufərə çatdırdı:
- Gözün aydın, Fərid yavaş-yavaş özünə gəlir. Yəqin, çox keçməz, ayılar.
Bu sözlər dönə-dönə Nilufərin qulaqlarında səsləndi: “Yəqin, çox keçməz, ayılar!”.
“Bəlkə bunları yuxuda eşidirəm”, - Nilufər belə fikirləşib, dırnağını ovcunun içərisinə batıranda ağrı hiss etdi. “Deməli, eşitdiyim yuxu deyilmiş. Deməli, Elnurum atasız böyüməyəcək...”.
Nilufər həyəcanla Məleykəni gözlədi ki, Fəriddən ona təzə xəbər gətirsin. Sonra onun özünü Fəridin yanına aparsın. Başı gicəllənirdi deyə, tək getməyə qorxurdu.
Nilufər Məleykəni xeyli gözləsə də, Məleykə gəlmək bilmirdi.
Can ana! Anan səsinə qurban!
Məleykə Fəridin yavaş-yavaş ayıldığını hiss edib sevindi. Valideynlərinə sürpriz eləmək istədi ki, “Bircə balanız ağır xəstəlikdən ayıldı”.
Məleykə bilirdi ki, Fəridin ağır yaralanmasından valideynlərinin xəbəri var. Amma evlərində yas olduğundan xəbərsiz idi. Fəriddən telefonu soruşub nömrəni yığdı, Sevdanı telefona çağırdı.
- “Alo” deyən kimi, dəstəyi Fəridə verdi. Fərid yavaşca “Ana”, dedi.
- Kimsən sən?- deyən ana oğlunun səsi olduğuna inanmayıb, hövrlə, bərkdən soruşdu.
- Mənəm, ana, Fəridəm! - Deyəndə dəstəyin o tərəfindən “Can ana! Anan səsinə qurban, ay Fərid!”, deyə Sevda elə qışqırdı ki... Ananın səsi telefondan hər yana yayıldı.
O rəssam mənim ərimdir...
Nilufər çox darıxır, Fərid haqda xoş xəbər gözləyirdi.
Dəhlizdəki tibb bacılarının danışığında nəsə Fəridin adını eşidib, onların danışığına qulaq verdi və elə sevindi ki...
Tibb bacısı deyirdi:
- Qızlar, eşitdiz?.. Kişi palatasında bir rəssam var, xəbər gəlib ki, cəbhədə ölüb, evlərində neçə gündür yasdır... İndicə oğlan burdan zəng edib anası ilə danışıb. Ana sevincdən telefonda elə qışqırırmış ki...
- Ay Allah, nə yaxşı olub.
Nilufər bu söhbəti eşidib istədi qalxsın, hamıya desin: “O rəssam mənim ərimdir, Fəriddir!”. Ordan da gedib Fəridi görsün.
Təzə dəhlizə çıxmışdı, gözləri qaraldı, başını divara dayadı, halsız yerə yıxılanda tibb bacısı onu tutdu.
Nilufəri müayinə edəndə aydın oldu ki, qanı çox aşağıdır.
Doğmam mənim
Nilufər ayılanda qolunda sistem görüb təəccüblə soruşdu:
- Mənə nə olub ki?
- Əməliyyatdan sonra qanın çox aşa... – deyə Məleykə onu başa salmaq istəyirdi, Nilufər onun sözünü kəsib soruşdu:
- Fərid hardadır, nə oldu ona? Fəridə bir şey olub?
- Yox qız, sakit ol. Fərid yaxşıdır.
- Hardadı bəs?
- Kişi palatasında. Sən də özünə gəl, ya səni apararıq onun yanına, ya da onu bura gətirərik.
- Mən yaxşıyam, Fəridin yanına gedə bilərəm?
- Yox sənə qayınatandan qan köçürülür. Bir az qalıb, qurtarsın, sonra.
- Kimdən? Qayınatamdan?
- Bəli qayınatandan! Qanın az idi, öz qanından sənə verir.
Belə deyib Məleykə kənara çəkildi. Bu vaxt Nilufər gördü ki, Təyyar yan çarpayıda uzanıb, balınca dirsəklənib gülümsəyərək ona baxır. Nilufərin qolundan damarına qoşulmuş sistemlə qan vurulurdu. Başqa bir sistem də Təyyarın damarına qoşularaq, ordan da aparata bərkidilmişdi.
Nilufərin təəccübdən gözləri böyüdü:
- Təyyar müəllim?!.
- Mənəm, doğmam mənim! Məleykə mənə hər şeyi danışıb. Fəridimizi ölümdən, şikəstlikdən qurtarmısan. Ölüncə sənə minnətdarıq, Sevda da, mən də! – Belə deyəndə Təyyarın səsi əsdi.
Nilufər bir əlini ağzına qoyub dinməz durdu. Təyyar ona “Doğmam mənim”, deyəndə bu söz Nilufərin ürəyini titrətdi. O, neçə vaxt idi arzulayırdı ki, Fəridin evində onu gəlin kimi qəbul etsinlər. “Bu bir həftədə nələr oldu”... Nilufər fikirləşdi.
Təyyar yenə nəsə demək istədi, danışa bilmədi. Sonra özünü ələ alıb qətiyyətlə dedi:
- Nilufər, sən mənim gəlinim olarsan?!.
Nilufər barmağını dişləyib için-için ağladı. Təyyar üstünə sərilmiş mələfəni gözünə çəkdi ki, gözünün yaşı görünməsin.
Sevda bu ara yenə palataya girdi. O, bayaqdan neçə dəfə gəlib Nilufəri öpüb getmişdi Fəridin palatasına. Gəlinin ayıldığını görüb sevindi. “Gəlinim”, deyib, onu bağrına basdı.
- Qızım, Allah səni bir mələk kimi bizə göndərdi ki, evimiz yıxılmasın!- Dedi.
Nilufər utandı, başını aşağı saldı.
Qanköçürmə əməliyyatı qurtaran kimi Fəridi təkərli çarpayıda Nilufərin palatasına gətirdilər. Fərid həmişəki kimi məhəbbətlə Nilufərə baxıb gülümsədi. İstədi nəsə desin, halsız idi deyə, danışa bilmədi. Amma Nilufər bildi o nə deyir.
Təyyar onların çarpayılarını çəkib baş-ayaq elə yerləşdirdi ki, oğlu Nilufərin əlindən tuta bilsin. Birinin sağ qolu gipsə, o birinin sol qolu sistemə bağlı idi.
Nilufər ərinə baxıb əvvəl sevindi, sonra ağladı, daha sonra sakitləşib, yavaşca ona tərəf qısıldı. O, özünü xoşbəxtliyin ən uca zirvəsində hiss etdi. O, Fəridə olan böyük sevgisi ilə qara buludların qarşısını kəsib, Günəşin üzünü tutulmağa qoymamışdı.