Siçan əhvalatı

Siçan əhvalatı

(Hekayə)

Bir soyuq qış gecəsində Nəcəf baba uşaqları sobanın başına yığdı, onlara maraqlı əhvalatlar danışdı.

İsti sobanın ətrafında yerlərini rahatlayan uşaqlar diqqətlə babaya qulaq asırdılar.  Nəcəf baba söhbətə başladı:

 - Sizin yaşdaydım. Kənd məktəbində oxuyurdum. Bir gün dərsdən yorğun evə gəldim. Böyük qardaşım dedi:

 - Bir həftəliyə Bakıya gedirəm, ataya demişəm, hazırlaş, səni də aparım. Sevindiyimdən əlimdəki çantanı necə tulladımsa, çanta gedib ot tayasının üstünə düşdü. Qardaşımın boynuna sarılıb o üzündən-bu üzündən öpdüm. Mən heç təsəvvür də eləmirdim ki, bir gün Bakıya gedəcəyəm, özü də qatarla. Bu mənim çoxdankı arzumdu.

Tez qaçıb təzə paltarlarımı geyindim. Yola düşdük. Bakı elə xoşuma gəldi. Nə isə…

 Bir həftədən sonra kəndə qayıtdıq. Özümü xoşbəxt hiss edirdim. Elə bil, bütün arzularım həyata keçmişdi. Qatar sübh tezdən kəndə çatmışdı. Dərsin başlanmasına az qalırdı. Evə girib çantamı axtardım, tapa bilmədim. Birdən yadıma düşdü ki, axırıncı dəfə çantamı ot tayasının üstünə atmışdım. Tez qaçıb həmin yerə baxdım. Çanta elə atıldığı yerdə də qalmışdı. Götürüb dərsə yollandım.

Birinci dərsdə dinc dura bilmirdim. Yanımdakılara Bakıdan danışmaq istəyirdim. Müəllim mənə neçə dəfə irad tutdu. Amma yenə də sakitləşmədim. Axırda müəllim hirsləndi:

- Gündəliyini gətir sənə «2» yazacağam! Onda ağlın başına gələr.

 Qorxudan əlim-ayağım əsdi. Nə qədər çantamı açmaq istədim aça bilmədim. Müəllim elə bildi yalan deyirəm. Dedi ki, gətir çantanı özüm açacağam!

Çantanı müəllimin yanına apardım. Çantanın açar yerinə o qədər şeh düşmüşdü ki, parslanmışdı. Müəllim onu birtəhər açdı.

       Amma açdığına da peşiman oldu. Çantanın içərisindən 7-8 siçan balası çıxıb ətrafa səpələndi. Qışqıran kim, partalaran üstünə çıxan kim, çıxıb dəhlizə qaçan kim… Nə isə… Əməlli başlı dərs pozudu.

      Müəllimin hirsindən rəngi qaralmışdı. Özü də bir küncə çəkilmişdi. O elə bilirdi ki, mən bunu biilə-bilə eləmişəm və yəqin ki ürəyində mənə ən ağır cəza növü fikirləşirdi. Bir az bundan qabaqkı xoşbəxtliyimdən əsər-əlamət qalmamışdı. Elə bu fikirlərlə birdən müəllimin səsini eşitdim.

Onu qışqırığından bircə onu başa düşdüm:

- Çıx bayıra!

   Mən qorxudan səsimi çıxartmadım. Yerimdən də tərpənmədim. Elə bil daşa dönmüşdüm.

- Demədim sənə sinifdən çıx... Məni ələ salmağın sənə baha başa gələcək! Tez valideynlərin yanıma gəlsin! Səni məktəbdən qovdurmasam…

    Bu dəfə müəllim qışqıranda tiitrətmə məni nə təhər tutdusa, uşaqlar mənə gülməsin deyə, tez sinifdən çıxıb qaçdım. Hara gəldi qaçdım.

        Əlbəttə ki, valideynim məktəbə gəldi. Müəllimə dil-ağız eləyəndən sonra onu inandırdı ki…

Çantam bir neçə gün ot tayasının üstündə qaldığından bir siçan ora girmiş və orada da balalamışdı.

Hekayətin bu yerində uşaqlar elə gülüşdülər ki, uzun müddət sakitləşə bilmədilər. Onların heç ağlına da gələ bilməzdi ki, belə bir iş ola bilər.

Uşaqlar sakitləşəndən sonra Nəcəf baba hekayətinin ardını danışdı:

 - Hə uşaqlar, qulaq asın, gerisinə. Atam bir xeyli and-aman eləyəndən sonra müəllimi güclə inandıra bilmişdi. Yalnız ondan sonra müəllim məni yavaş-yavaş bağışlasa da hər dəfə mənə nifrətlə baxırdı.

 «Siçan» əhvalatı uşaqların o qədər xoşuna gəlmişdi ki, uzun müddət gülməkdən uğunub getdilər.