Paxıl oğlan

Paxıl oğlan

Üç dost - Güllü, Anar, Cümşüd eyvanda dinməzcə oturmuşdular. Niyə dinməzcə oturmuşdular? Çünki şəkil çəkirdilər. Ev, həyət, mənzərə şəkli. Əvvəlcədən şərtləşmişdilər də... Baxaq görək kimin çəkdiyi rəsm daha qəşəng olacaq?! Güllü ilə Anar karandaşlarını götürüb işə başladılar. Cümşüd isə onlardan aralı oturub çəkməyə başladı. Uşaqlar şəkillərini çəkib qurtarandan sonra onu divara yapışdırdılar. Cümşüd o birilərinin çəkdikləri rəsmləri lağa qoydu:

- Heç belə də şəkil olar? Güllü incidi:

- Niyə olmur? Cümşüd hər iki rəsmdə evlərin damını göstərdi:

- Baxın, bunlar səhvdi.

Evlərin damında mütləq qırmızı kərpicli baca olmalıdır. Anar dedi:

- Düz deyirsən, baca olsaydı şəkillərimiz daha gözəl görünərdi. Mənim qırmızı qələmim yoxdur, ver, sənin qələminlə rəngləyim. Cümşüd bir söz deməyib  başını qaşıdı. Anar o saat gördü ki, o, karandaşı vermək istəmir. Güllü isə hələ bunu hiss eləmədi. Cümşüdün çəkdiyi şəklə diqqətlə baxdı. O doğrudan da bacanı qırmızı rənglə rəngləmişdi deyə, ev qəşəng görünürdü. Dedi:

- Qələmini mənə də ver, mən də bacanı qırmızı rəngləyim. Cümşüd qırmızı qələmə baxa-baxa dedi:

- Bircə qırmızı qələmim var, onu da verim sizə, bəs onun ucu sınsa neylərəm? Uşaqlar təəccüblə bir-birlərinə baxdılar.

- Vermirsən vermə, biz qırmızı qələmsiz də keçinərik, - dedilər. Anar qara karandaşı götürdü. Oğlan şəkli çəkməyə başladı. Başını, bədənini, qollarını çəkib  dedi:

- Gəl uşaq şəkli çəkək... Güllü qələmi götürüb dostu çəkən şəkli davam elədi:

- Onu qəşəng bəzəyək... Anar oğlanın yalın ayağına çəkmə çəkib dedi:

- Çəkməsini geyindirək.

Güllü adamın yanında axar çay çəkdi:

- Çaya çimməyə göndərək! Uşaqlar çəkdikləri rəsmə baxb elə ürəkdən güldülər ki... Cümşüd isə sakitcə bir tərəfdə dayanmışdı. Kinayə ilə onlara baxıb fikirləşirdi: "Burda gülməli nə  var ki?". Anar gülməyini saxlayıb dedi:

- Güllü, gəlsənə biz də gedək çaya, çimməyə! Yaman istidir.

Güllü sevindi:

- Əlbəttə, gedək!

Onlar əl-ələ tutub çaya tərəf qaçdılar. Cümşüd isə eyvanda təkcə oturdu. Çəkdiyi evə baxdı. Qırmızı qələminə baxdı. Baxmayaraq ki, Cümşüdün rəngli  qələmləri, qırmızı kərpicdən evi vardı, amma o çox darıxdı.