Yerini bil

Yerini bil

Çıx sudan, bulandırma onu! Suyu çirkləndirmə! Su natəmizlik istəməz, su çirkab sevməz. Qarışdırma suyu. Su müqəddəsdir. Müqəddəslik ləkə götürməz.

Qıyma dumduru suya, qarışdırma onu, qıyma onun şəffaflığına, gözəlliyinə qıyma onun. Onsuz, nə qədər dolaşsan da içərisində, sənə qarışmayacaq, səni sevməyəcək. Səninlə sevinməyəcək. Gec-tez ya dibində qalıb ondan ayrılacaqsan, ya da üzünə yığılacaqsan; səni süzüb atacaqlar. Dəniz ləpələri ilə çirkabını sahilə qovub təmizlədiyi kimi...

Su ancaq təmizlik sevir. Su daşlardan, torpaqlardan, qumlardan keçir, göz yaşı duruluğunu saxlayır, qoruyur. Bulağa dönüb yanan ürəklərə məlhəm olur. İçilir, hey içilir. Göylərə qalxır, yağışa dönür, başımıza sığal çəkir. Bütün canlı və cansız varlıqlara yaxşılıq edir.

Sənsə, yaxşısı budur, elə indidən yerini tapasan. Ya torpağa qarışıb yaşıllıq yarat, ya da daşa çevrilib ev tik, körpü sal.

Su müqəddəsdir. O hər şeyi paklaşdırır. Su o qədər müqəddəsdir ki, hətta günahları da yuyub-təmizləyir. Səni and verirəm müqəddəs suya, çıx onun içindən. Sənin varlığınla bulaşmış suyu heç kəs sevməz. Öz yerini tap. Yorul belə yaşamaqdan. Heç kimə, heç nəyə lazımsız olmaqdan. Yorul yaşadığın həyatdan. Yerini tap. Yerini bil!..